Mobil versiya
SƏN DƏYƏR VƏ DÜŞÜNCƏNLƏ İKİ ALƏMƏ DƏ GƏRƏKSƏN!
Tarix: 10-05-2026 | Saat: 09:34
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

SƏN DƏYƏR VƏ DÜŞÜNCƏNLƏ İKİ ALƏMƏ DƏ GƏRƏKSƏN!

İKİ KİŞİDƏN BİRİ...

“Qoy Sənin Ruhun Əbədilik Yaşasın”- Tutanxamon sərdabəsində qızıl piyalə üzərində yazı.
“Azərbaycan Səcdəgahımız, Türkçülük isə Tacımızdır”- İsmayıl Əliyev
"Bu doğma məmləkət uzun zamandır Onun haqqında yazmağa sövq edirdi məni"- Ariston


“İlahi Qüdrətinin təcəssümü olan “Qurani- Kərim”də göstərilir ki, ruhlar aləminin əzəli və əbədi məkanı Cənnətdir. Adəm övladlarına ruhlar Cənnətdən gəlir. Böyük Allahın ona əmanət verdiyi ömrü onunla başa vurur və əbədi məkana qayıdır. Əlbəttə kimlər əməli salehsə”.

“Allah bizə vahid bir Azərbaycan bəxş etmişdir, iki yox. Onu imperiyalar bölüşdürsələrdə, əlimizdə qalanı göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Azərbaycan Səcdəgahımız, Türkçülük isə Tacımızdır” – İlmayıl Əliyev.
Göyçə Azərbaycan Türk Mədəniyyətinin qaymağıdır. Qədimdən qədim türk məskənlərinin ilkin məkanıdır. Türk dünyaya gəlişindən Göyçəyə yol almışdır. Bu günlər gözəl hava, gözəl su, gözəl iqlimi ilə fərqlənən məkanlar axtarırıq ki, gedək ruhumuz dincəlsin. Göyçə məhz elə bir məkan idi, ruhlarımızın dinclik tapdığı məkan. Bu günlər artıq uzun bir zaman- 38- illik bir zaman, əlimizdən çıxan, uçub gedən Ağ Kəpənəklər kimi gözəl bəxtimizmi deyək, yoxsa itirdiyimiz bəxtin bəxtsizliyimi? Düşmən bəxtimizi, yığvalımızı, lap elə qismətimizi oğurladı... Vətənsizlik, özü də Göyçə kimi bir Vətənsizlik ayrı bir dərddir. Göyçə bir məkan olaraq qədim Türk dünyasının bütün elementlərini özündə saxlayır; istər musiqidə, saz- söz sənətində, istər ədəbi mühitdə, folklorda, istər məişət etnoqrafik xüsisiyyətlərdə, istər tarixi baxımdan bir daşıyıcı kimi daim öndə olmuşdur. Və nə təəssüflər ki, bu gün əlimizdə olmayan, ayaqlarımız altında doğma torpağın gücünü hiss etməyən bizlər – hiss etmədən yaşayan bizlər, çox ehtimal ki, kökündən qoparılmız ağaclara bənzəyirik.

GÖYÇƏNİN TİMSALINDA BİZLƏR HƏR İKİ DÜNYADA CƏNNƏTİ İTİRDİK!

Qədimlərdən qədim Türk Oğuz eli Göyçə mahalı türkün dünyaya yaranışından xəbər verirdi. Bu günlər mahalın hər daşı, torpağı, yeddi min illik tarixini şərəf və halallıqla yaşayan Azərbaycan türklərinin ayaq izlərini, tarixini, soyunu yer üzündən silmək istəyən erməni vandallarının ayaqları altında tapdalanır.
Tarixin hansı səmtinə yönəlsən Türkün şərəfli keçmişinin, tarixinin daşıyıcıları olan kişilərlə qarşılacaqsan. “Günəş Şərqdən Doğur və Hər Zaman Şərqdən Doğacaq”! Böyük Vətən Müharibəsi adlandırılan İkinci Cahan savaşından sonra, keçmiş SSRİ- nin hər yerində olduğu kimi Göyçə mahalında da bir intibah, bir oyanış başladı. Bu oyanışa, maariflənməyə təkan verənlərdən oldu İsmayıl Hüseyn oğlu Əliyev.

İsmayıl Əliyev Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında sayılıb- seçilən, öz gücü və zəhməti, fitri istedadı,, ensklopedik biliyi, nüfuzedici nitqi, öz xalqını, millətini – Azərbaycanı sevən, camaatını erməni faşistlərindən qorumağa çalışan, düşmənə qarşı daim ayıq- sayıq olan bir şəxsiyyət, dövlət və partiya işlərində - bir sıra məsul vəzifələrdə çalışan, təsərrüfat rəhbəri, - kolxoz və sovxoz direktoru, 1959- cu ildən SSRİ Jİ- nın üzvü, Göyçə mahalında və digər bölgələrdə maarifçilik kultunun yaranmasında böyük rolu olan müəllim- pedaqoq, nəhayətində kəsərli qələm sahibi və ən qayğıkeş Ata! Yurduna, torpağına olan məhəbbəti, sevgisi ilə bir Azərbaycan – Göyçə fədaisi. Və elə bu yerdəcə fəxrlə deyə biləcəyim daha bir söz, o söz ki, varlığından TAMlıq tökülür: - Mənim Atam!
Dövlət və partiya işlərində, yüksək vəzifə postlarında çoxları müvəfəqiyyət qazana bilər, bu mümkündür, lakin ağıllı, məntiqli qələm sahibi olmaq – bax, bunlar hər kişiyə nəsib olmaz. Azərbaycan- Göyçə fədaisi olan İsmayıl Hüseynoğlunun həyat yoluna azacıq da nəzər salaq: 1927- ci il iyun ayının 22- də Basarkeçər rayonu, Göylər- Hacı Qərib- Sədanağac- Güney kəndində sadə, səmimi, zəhmətkeş bir ailədə- Alıoğlu Hüseynin və Həlimə xanımın ailəsində dünyaya göz açdı bu mavi gözlü türk oğlu. Fitri istedadı, fərasəti, güclü yaddaşı, hafizəsi və zəhməti sayəsində onu həyat çox irəliyə apardı. İrəvan Türk Pedoqoji texnikumunu 4- ili, 3- ilə başa vuran bu yeniyetmə 1942- ci ildə 15 yaşında ikən əmək fəaliyyətinə müəllim kimi başlayır. 1944- cü ildə isə yaşını bir il artıraraq ordu sıralarına – cəbhəyə yola düşür. Rus dilini gözəl bildiyindən komandir köməkçisi, komsorq kimi fəaliyyəti olmuşdur. Öncə Pribaltika, sonra Polşa cəbhəsində Varşavanın alman faşizmindən azad olunmasında yaxından iştirak etmiş, bir sıra medallarla təltif edilmişdir. Müharibə qələbə ilə başa çatdıqdan sonra doğma Göyçəsinə dönən İsmayıl müəllim Azərbaycan Pedaqoji insititutunun filologiya fakultəsinə daxil olur. 1950- ci illərdən etibarən Basarkeçər rayon partiya komitəsində təbliğatçı- köməkçi kimi fəaliyyətə başlayır. Rayon Partiya komitəsinin birinci katibi Talıb Musayevin yanında təlimatçı kimi fəaliyyətə başlamış, sonralar isə özünün də dediyi kimi həyat- kişilik məktəbini belə kişilərdən öyrənən İ. Əliyev çox keçmədən 1953- cü ildən etibarən Basarkeçər rayon partiya komitəsinin orqanı olan “Bolluq Uğrunda” rayon qəzetinə baş redaktor təyin olunur. Rayon qəzetinin həyatında yeni bir mərhələ başlanır. Əsas amalı, qayəsi doğma camaatına, sadə insanlara xidmət olan bu Azərbaycan oğlu- bu türk oğlu addımbaşı erməni daşnakları ilə üzləşir. Və dəfələrlə onları yerində oturtmağı da bacarır. Güclü qələmi nəhayətdə 1959- cu ildən SSRİ Jİ- nın üzvi seçilməsinə səbəb olur. İnsanların haqq işini müdafiə etmək, həqiqətin yanında olmaq onu hər zaman düşündürür, erməni məkrindən camaatını müdafiə etmək başlıca qayəsinə çevrilir. Onun yazıları “Pravda”, “Uçitelskaya qazeta”, “İzvestiya”, “Kommunist” və s kimi ittifaq qəzetlərində yer alır. Bəzi hallarda isə sadə insanlara kömək, haqlarını müdafiə etmək üçün yüksək səviyyədə rus dilində tərtib etdiyi teleqramlar Moskvaya – Kosıginə, Podqornıya, Suslova və s dövlət başçılarına ünvanlanırdı. Öz həmvətənlərini erməni şovinistlərindən qorumağın yollarından biri də bu yol idi.

Baş redaktor işlədiyi dövrü xarakterizə etmək üçün qələm dostu, yaxın sirdaşı olmuş dayısı oğlu İbad İbrahimovun “Alınmaz Qala” kitabından sətirlər: “ Onun – İsmayıl Əliyevin istedadı çoxlarını heyran qoydu, çoxlarının həsəd və qibtə hissinə səbəb oldu. Hələ insitututu bitirməmiş onu “Bolluq uğrunda” rayon qəzetinə birbaşa redaktor apardılar. Böyük seçim idi, düzgün seçim idi. Rayon qəzetinin həyatında yeni mərhələ başlandı. Redaktorun şəxsində rayonun tarixini gözəl bilən, adamların mənəviyyatına nüfuz edən, insanların gücünü ümumi işə səfərbər edən bir qüvvə açıq- aydın görünürdü. O hərtərəfli bir insan idi. Ədəbiyyatı ələyir, tarixi vərəqələyir, siyasəti duruldur, təbabətə baş vurur, riyaziyyata maraq göstərir, İslam dininin İlahi gücünə səcdə edirdi. Səlis danışığı, nüfuzedici nitqi, tarixin ibrət dərsləri onun mənəviyyat dünyası idi. O, elm adamı, siyasət adamı, kamal sahibi idi. Qeyrət də qeyrət, namusda namus, təəssübdə təəssüb idi İsmayıl müəllim. Sözün qısası bir ensklopediya toplusu idi İsmayıl müəllim”.

Təbii ona verilən belə bir dəyərdən sonra bu şəxsiyyətin, - bəli məhz şəxsiyyətin kimliyi gözlər önündə canlanır.
1959- cu ilin sonlarından etibarən Göyçə mahalının bir sıra böyük təsərrüfatlarında rəhbər vəzifələrdə çalışan İsmayıl Əliyev Nərimanlı, Ağkilsə- Aşıq Ələsgərin kəndi, Babacan, Pəmbək, Güney və s kəndlərdə uzun illər təsərrüfata başçılıq etmiş, hər zaman camaatının hörmətini qazanmışdır. Bu illərdə- təsərrüfata başçılıq etdiyi illərdə torpağın dilini, nəfəsini öyrənmiş, bir mütəxəssis kimi- iqtisadçı kimi yetişmişdir.

1962- 64- cü illərdə Erm KP MK- nın göndərişi ilə Bakı Ali Partiy məktəbinin ilk müdavimlərindən olan İsmayıl müəllim partiya məktəbini rus dilində fərqlənmə ilə bitirir. Məktəbi fərqlənmə ilə bitirən İ. Əliyevi İsmayıllı rayonuna təyinatla maari şöbə müdiri vəzifəsinə göndərilsə də, bu yüksək postdan imtina edərək doğma Göyçəsinə qayıdır. Çünki, artıq erməni daşnakları kütləvi hücuma keçir, türk- Azərbaycan əhalisini hər vasitə ilə sıxışdırmağa, bir sözlə Azərbaycanın 1988- ci ildən aşkar məruz qaldığı soyqrımı Qərbi Azərbaycan camaatı artıq uzun illər idi ki, yaşayırdı. İsmayıl müəllim kimi Vətənpərvər fədailərə ehtiyac çox idi. Doğma Göyçəsinə döndükdən sonra Erm. KP- MK-nın orqanı olan “Sovet Ermənistanı” qəzetində 7 bölgə üzrə - Basarkeçər, Krasnoselsk, Sevan, Martuni, Kamo, Abovyan, İcevan kimi bölgələr üzrə xüsusi müxbir kimi geniş fəaliyyətə başlayır. Oğuz yurdunun qeyrətli bir övladı kimi, İ. Əliyev heç bir zaman milli mənsubiyyətini- kimliyini unutmadı. Erməni daşnak quldurlarının məkrli, alçaq planlarını alt- üst etmək Göyçənin namuslu oğullarının şərəf işi idi. Onun çiyin- çiyinə dayandığı kişilər çox idi. T. Əmiraslanov, Y. Rzayev, Z. Şərifov, Q. Aslanov, Ə. Bayramov, M. Bayramov, İ. İbrahimov, Y. Əhmədov, M. Əhmədov, Ə. Məhərrəmov, A. Mazanov, İ. Ələsgərov, Z. Qurbanov və s bu siyahını olduqca uzatmaq olar.

Maraqlı burası idi ki, Bakı Ali Partiya məktəbindən sonra İsmayıl Əliyevə təklif olunan bu vəzifə əslində onun savad və bacarıqları ilə müqayisə də bir heçdi, onun yolunu kəsmək və onu da digərləri kimi sıxışdırıb, başını götürüb Azərbaycana- Bakıya yola salmaq üçün bir qurğu idi.

Lakin O, İsmayıl Əliyev idi. Qələm dostu, tənqidçi- jurnalist Qulam Məmmədli dəfələrlə Göyçədə olmuş, onu Bakıya vəzifələrə dəvət etsə də, o bundan imtina etmiş, camaatın başına erməni vandalları tərəfindən minbir oyunlar gətirildiyini, təhqir və işgəncələrə məruz qaldığını Qulam müəllimə ürək ağrısı ilə sübut və faktlarla danışırdı: “Mən camaatımı qoyub gedə bilmərəm”.


Bir qrup İrəvan ziyalısı. 1970-ci il


Həmin dövrlərdə İsmayıl müəllim xüsusi müxbir işlədiyi zamanlarda H. Həsənov, S. Şərifov(Əziz Şərifin qardaşı ), ictimai xadim, Ermənistan MK- də, Ali Sovetdə yüksək vəzifə postlarında yer tutan M. Bayramov, , tarixçi alim Səfyar Musayev, jurnalist- partiya fəalı Q. Aslanov, Z. Qurbanov, M. Əhmədov, T. Əmiraslanov, M. Bayramov, M. İbrahimov, Cahangir Əliyev (Amasiyadan), Nurəddin İsmayılov (Oxçuoğlundan), kimi kişilərlə çiyin- çiyinə çalışır, yeri gəldikcə bu ziyalıların hər hansı birindən həm öyrənir, həm də öyrədirdi. Böyüklük də bunda idi. Bu zamanlar o zamanlar idi ki, Ulu Göyçənin Abbas Əhmədov, Qamanovlar, Mazanovlar, Əhmədovlar, Musayevlər kimi kişilər hələ həyatda idilər. Hələ Ulu Göyçənin ağırlığını - camaatın qeyrətini öz çiyinlərində daşıyacaq – özü də mübarizə ilə, mərdanəliklə daşıyacaq kişilər həyatda idilər.

Örnək götürüləsi kişilər həyatda olsalar da, insanın özgüvənliyi, qeyrəti, erməni vandallarına qarşı daim əzm nümayiş etdirmək tələb olunurdu. Və bu birlik uzun zamanlar digər mahallar kimi Göyçəni də tərk etmədi.
İsmayıl Əliyevin jurnalistlik fəaliyyəti olduqca mükəmməl və hərtərəflidir. Xüsusi müxbir işlədiyi dövrlərdə dərc olunan iki məqaləsi çox önəmlidir. Bunlardan biri 9 yanvar 1965- ci ildə “Sovet Ermənistanı” qəzetində dərc olunan “İtirilmiş şöhrət” adlı məqaləsi və digəri isə Basarkeçər rayonunun Böyük Məzrə kəndində kolxoz sədri işləyən, qatı daşnak, sırf erməni millətçisi, Azərbaycan xalqının – türkün düşməni, xalqın malını talan edən Ardaş Hunanyan barəsində yazdığı və erməni daşnaklarını ayağa qaldıran məqalə! Həmin məqaləni İ. Əliyev xüsusi müxbir işlədiyi “ Sovet Ermənistanı” qəzetinin baş redaktoru Həbib Həsənova göndərdiyi məktubunda yazırdı: Məqalənin redaktəsi üçün etiraz etmirəm, ancaq yazdıqlarıma toxunulmamaq şərtilə nəşrinə icazə verirəm. Əks təqdirdə nəşrinə icazə vermirəm”. Tezliklə çap olunan məqalə bütün Ermənistanda əks- səda doğurdu.

Və Basarkeçər rayon sovetinin bürosuna çıxarıldı. Erməni millətçilərini yaxşı tanıyan bu mavi gözlü türk oğlunu yenmək qeyri- mümkün idi. İlkin olaraq gücünü qutsal Göyçə torpağından və halallıq adlı kökündən alan bir Övliya yurdunun Oğlu idi İsmayıl müəllim.
Büroda erməni millətçilərinin güclü müqaviməti ilə rastlaşsa da, nəhayətdə ona partiya biletinə yazılmaqla şiddətli töhmət verilməsinə nail oldu. Bu O idi, gənc, gözəl, zərif və eyni zamanda qorxu- ürkü nədir bilməyən bir Türk oğlu- Azərbaycan Oğlu!

Onun jurnalist qələminə heç bir zaman şübhə edilmədi. Təmənnasız, iddiasız, xalqı üçün yaratdı, qurdu və hər zaman təkrar etməyi sevərdi: İndən belə neçə ömrüm olsa, Göyçə üçün- Göyçədə yaşayardım. Xeyirxahlıq və insanlıqla döyünürdü onun ürəyi. Qapımıza gələn əlacsız qayıtmadı. Və bu qapı böyük- kiçikli mahalın bütün bütün insanlarının üzünə açıqdı. İsmayıl Əliyev Ocağından, onun jurnalist qələmindən, vəzifə səlahiyyətlərindən, humanistliyindən, qayğı mehribamlığından bəhrələnən, müşkül işləri həll olunan sadə insanlar olduqca çox idi.

1988- ci ildən başlanan erməni iddiaları – Qarabağ hadisələri Qərbi Azərbaycanda daxil olmaqla Göyçənin də itirilməsi ilə nəticələndi. 1988- ci ilin dekabrın 5- də Göyçəni axırıncı tərk edənlərdən oldu İsmayıl müəllim və onun ömür- gün yoldaşı Süsənbər Xanım. Bakıda məskunlaşan Əliyevlər ailəsi Vətəndə Vətən həsrəti çəkənlərdən oldu. Bütün bunlara baxmayaraq Azərbaycan torpaqlarının işğalı, erməni vandalizmi, torpaqlarımızın 50%- nin itirilməsinə İ. Əliyev kimi bir şəxs biganə qala bilməzdi. Bu illərdə o müstəqil qəzetlərdə, media orqanlarında hadisələrin nəbzini tutaraq bir sıra sanballı- dəyərli yazılarla çıxışlar etməyə başlayır. Yazı və publisist məqalələrin hamısında ermənilərin iç üzü açılır, məqsəd heç də yalnız torpaq iddiası olmadığı aşkar görünür. Erməni faşistləri türk-Azərbaycan xalqına qarşı əsil genosid – soyqırım həyata keçirirlər.

Bu yazıların hamısında məqsəd birdir, ayağa qalxmalı, erməninin burnunu ovmalı, düşməndən intiqam alınmalıdır. Buna isə ancaq və ancaq xalqın sarsılmaz birliyi ilə nail olmaq mümkündür. 1988- ci il hadisələrindən etibarən İ. Əliyev mətbuatda İsmayıl Hüseynoğlu imzası ilə tanınmağa başlayır: “Barışıq, yoxsa sülh” (Aydınlıq), “Oxucu sözü, oxucu iradı” (Kəndin səsi, Qarabağ ), silsilə yazılar, məqalələr, “Məqamı cəngdə şir elə şirdir”(Aydınlıq), “Göyçə nisgili, Göyçə dərdi” silsilə yazılar (25 iyul, Qarabağ” 1992), “Təxribatçılığa qarşı nə etməli (4 iyun, 1991), “Xilasımız nədədir” məqalələr silsiləsi (fevral, 1992), “Mən kiməm” (16. 09. 92), “Mən kiməm, Türk, yoxsa Azərbaycanlı” – rəylər, mülahizələr, (4. 02. 93 “Şimali Azərbaycan”), “Nədən narahatam”- subyektiv fikir tribunası, “Zora qarşı zor, yaxud 4-qarşı 1), “Böyük İnsan haqqında kiçik xatirə” və s... bu məqalə və publisistik yazıların, tarixi oçerklərin hamısında Vətən üçün ürəyi yanan, həyatın eniş- yoxuşlarını gözəl bilən, xalqına nicat yolunu arayan, birlik və yenə də birliyin vacib olduğunu önə çəkən bir müdrik Göyçə oğlunun doğulduğu torpaq üçün, yurdu- ocağı üçün mübarizəyə çağırış sədalı haraylarıdır. Torpağına sevgi, milli mənsubiyyətinə hörmət, qövmünə, uca dininə bağlılıq- bax bunlar idi onun böyüklüyü.”Ulu Göyçəmizə bir qayıdış olacaqdır!. Və o qayıdış Allahdan labüddür. İnşəllah. Amin. Sağ- Səlamət- “Göyçə nisgili, Göyçə dərdi” – 2020.

Bu məqalə və yazıların hamısı fakt və sənədlər əsasında yazılmışdır və Onun kimi bir jurnalistin heç bir zaman söz yığınına ehtiyacı olmamışdır!

Ulu Türk yurdunda adı hər zaman hörmətlə anılan, nəhayətində bir şəxsiyyət olaraq özünü əməlləri ilə təsdiq etdirən, Azərbaycan- Göyçə sevgili bir şəxsin ruhunu daha dərindən anlamaq üçün onun mənəvi gücünü , intellekt səviyyəsini həm dostları, həm də düşmənləri etiraf edirdilər. Yalnız Göyçə mahalında deyil, bütün Qərbi Azərbaycanda bölgənin ən savadlı adamı kimdir sualına belə cavab vardır: İsmayıl Əliyev. Onu tanıyanların- Göyçə camaatının xatirində o hər zaman mavi gözlü, böyük ürəkli, bilgi və savadı ümmünlara sığmayan, hələ sağlığında onun dəyərini qiymətini verən bir mahalın – Azərbaycan oğlu olaraq yaşadı. Hörməti yerində, izzəti yerində.

“Xoşbəxtlik Zirvəni Fəth Etməkdə Deyil, Ona Doğru Can Atmaqdadır”- İsmayıl Əliyev
yaradıcılığından əldə etdiyim bu aforizm əslində həyatın eniş- yoxuşlarını gözəl bilən, ümmansız elm dəryasına böyük şövqlə baş vuran çox müdrikliklərdən xəbər verir. İsmayıl müəllim bütün həyatını yaşamaq və qurmaq eçqilə yaşadı.
Layiq olduğu zirvəni O, artıq çoxdan fəth etmişdi. Lakin, bir dəfə də olsun qürrələnmədi, yerində saymadı... zirvədə dayanaraq yeni ucalıqlara səsləndi: “KİŞİLƏR ÖLÜR, KİŞİLİK ÖLMÜR, KİŞİLİK ÖLÜMSÜZ GƏLİB DÜNYAYA”.
Unutmayaq... Cəsarətin bitdiyi yerdə əsarət bitər. Lakin o əsarət tozunun üstündən cəsarətinlə silkinib ayağa qalxarsan!

O jurnalist olduğu qədər də müəllim- pedaqoq idi. 15- yaşında ikən həyata müəllim kimi qədəm qoyan İsmayıl müəllim Göyçədə yaşadığı son 15 il, yəni 1973- ildən 1988- ci ilədək , 15 illik bir dövrdə gənc nəslin təlim- tərbiyəsində dayanmış, , Göyçə mahalının, o cümlədən Güney kəndinin müəllim kollektivindən ibarət ziyalılar ordusuna başçılıq etmişdir. Onun əməyi 1980- ci illərdə SSRİ Maarif Əlaçısı kimi fəxri adla, bir sıra medal- qramotalarla, tərifnamələrə layiq görülmüşdür. Dəfələrlə Ermənistan Müəllimlər qrultayında Göyçə mahalının , o cümlədən azərbaycanlı müəllim və - ziyalı ordusuna başçılıq etmiş, orada iştirak etmişdir. 38- il ardıcıl olaraq Basarkeçər rayon sovetinə deputat seçilmişdir. Pedoqoji fəaliyyəti illərində belə o, öz jurnalist qələmindən əl çəkməmiş, bir sıra mətbu orqanlarda gənc nəslin təlim- tərbiyəsində mühüm rol oynayan, yol göstərən məqalələrlə çıxışlar etmişdir. Belə məqalələrdən bir neçəsi, o cümlədən “Əzizim əzizdir...”, “Pedoqoji üçbucağın gücü” (Sovet Ermənistanı, 26 aprel) adlı məqalələrini əldə edə bildim. İllər öncə yazılan bu məqalələr onun peşəkar qələmi ilə pedoqoji ustalığını bəzəyir. Bu günümüzün özündə belə yeni nəslin tərbiyəsində öz aktuallığını qorumaqda və günümüzlə səslənməkdədir.

Müasir Azərbaycan dövlətinin yaradıcısı, Ulu Öndər Heydə Əliyevə həsr etdiyi “Məqamı cəngdə Şir elə Şirdir” adlı məqaləsi olduqca önəmlidir. Məqalə ilkin halında “Aydınlıq” qəzetində dərc olunmuşdur. Məqalədən bir məqamı oxucularla bölüşmək istərəm “ ... amerikalı məşhur alim Maykl Hart özünün “Bəşər tarixinə təsir göstərən ən görkəmli şəxsiyyət” adlı kitabında böyük mütəfəkkir filosof olan K. Marksa 11- ci yer ayırmış, ondan bir az aşağıda isə Amerika Konstitutsiyasının banisi Tomas Ceferson və ABŞ- nin ilk ilk prezidenti Corc Vaşiqtonun adları yazılmışdır. Təbii ki, müəllifin obyektivliyinə şübhə etmək son dərəcə əsassızdır. Çünki, bu kitabda sıralanan baş pillə, yəni birinci yer İslamın- Ulu Peyğəmbərimiz MƏHƏMMƏD Əlieyhiəssəlama məxsusdur.

Mən şübhə etmirəm ki, dini etiqad baxımından xristian olan bu müəllif – Maykl Hart özünün bu kitabına yenidən əl gəzdirmiş olsaydı, təsnifatın ikinci sırasında dünənimizin, bu günümüzün və sabahımızın böyük və yetkin şəxsiyyəti olan Heydər Əlirza oğlunun adını yazardı “.

Göründüyü kimi, İsmayıl Əliyev nəinki Göyçə mahalında, ümumən Azərbaycan fikir- düşüncə tarixində yetkin jurnalistikanın əsasını qoymuş, jurnalist sənətinə, etikasına, mədəniyyətinə öz möhrünü vurmuş olan Aydınlardandır. Ondan sonra gələnlər bunu dəfələrlə etiraf etmişlər. İbad İbrahimov, Yunis Abdullayev, Qədir Aslan, Rövşən Əliyev və s . Onun haqqı olan daha bir xidmətini də unutmayaq, o Göyçə mahalında SSRİ Jİ-nın ilk üzvü olmuşdur. Təbii öz gücünə, öz istedadı və öz zəhməti hesabına və bir də heç də hər bir insan oğluna müyəssər olmayan qələmi sayəsində. Layiq olduğu zirvəni O, artıq çoxdan fəth etmişdir.

Həyat təsadüflərdən deyil, zərurətdən doğur. Uzun zaman istər xüsusi müxbir işlədiyi dövrlər, istərsə də müstəqillik illərində gərgin zəhmət hesabına, xalqının ağrı- acılarını düşünərək düşmənlərə nifrət, öz xalqına, xalqının dərdi- sərinə ürək ağrısı, yanğı ilə yazılmış məqalələr, əldə etdiyim məqalələr mənə sanki, Uca Tanrının bir möcüzəsi, bir lütfi kimi göründü. AtaTürk, M. Ə. Rəsulzadə, N. Nərimanov, Fidel Kastro, Heydər Əliyev, M. Qandi, C. Nehru, əski dönəmlərə dönsək Napaleon Bonapart, M- İsgəndər, Əmir Teymur, Şah İsmayıl və s kimi kişilərin vurgunu olan bu şəxsin mənəvi ucalığı məni bir daha düşündürdü: “ZƏRRƏDƏN ŞƏMSƏ HƏR ŞEYİ YARADAN ALLAHDIR”!

Mən öz Atamın mübariz ruhunu andıqca müqəddəslərimizdən Həzrəti Ömərə məxsus kəlamları xatırlayır və bir daha Atamı düşünürəm: “ƏMİN EDİRƏM, SƏN ƏN YAXŞI İKİ KİŞİDƏN BİRİSƏN”!

Öz Uca dinini daim Uca tutan, Allahın “Quran” vasitəsilə nazil olunan Müqəddəs kitabı və onun MƏHƏMMƏD PEYĞƏMBƏR Əleyhisəllam, əmisi oğlu Həzrəti Əli sevgisi bu ziyalıda öz dininə, qövmünə məhəbbəti bir İlahi dərəcəsində idi.

57 il birgə ömür sürmüş İsmayıl Əliyev və Süsənbər Xanım cütlüyü çoxlarına örnək, nümunə oldu. Allah Onlara hər şeyi bol vermişdi, gözəlliyi, ağlı- kamalı, tale- bəxt, gözəl övladlar, qeyrətli, cəsur ömür- gün yoldaşı . Göyçə gölünə bənzər bu mavi gözlü çütlük çoxlarının həsəd və qibtəsinə səbəb oldu. Bizlərə isə belə insanlardan alicənablıq, səxavət, səmimiyyət, xeyirxahlıq kimi , eyni zamanda Vətən, Ata- Ana, Ocaq- yurd sevgisi kimi dəyərlər qaldı.
Yenidən həyatın təsadüflərdən deyil, zərurətdən doğduğu anlamındayam. Sənin istedadın, zəhmətin, bir çoxlarına müyyəssər olmayan bilgin, savadın kamilliyin bu uğurları sənə yetirməli idi. Yatsa, çoxlarının yuxusuna girməyən bir hal – Sənin kimi bir ziyalının türk- oğuz torpağını qarış- qarış gəzərək zəhmətlə öz böyük ailəsini dolandırmaq qayğısı və üstəlik erməni və sapı özümüzdən olan zatıqırıqlara qarşı mübarizəsi və özünü zəhmətlə təsdiq elətdirmiş şərəfli bir insan ömürü. Əsl kişi ömrü.

Və budur, uzun illər, uzun zaman axtardığım “Sovet Ermənistanı” qəzeti və Atamın xüsusi müxbir işlədiyi zamanlar və sevimli- əziz ad – İsmayıl Əliyev “Sovet Ermənistanı” qəzetinin xüsusi müxbiri. Bu məqamda dayanır, yenidən nəfəsimi dərməliyəm. Əldə etdiyim məqalələr mənə Tanrının möcüzəsi kimi görünür. Bundan da xoş təsadüfmü, yoxsa zərurətmi... ola bilərmi? Yox, mən artıq çoxdandır ki, təsadüflərə inanmıram. Bəlkə də bir zamanlar təsadüflərdən xoş zərurətlər yaranıb, bilmirəm. Təsadüflər nakəs və müxənnətlərə vəsilə hallardır. Yəni belə desək səhv etmərəm, təsadüf iblisə xidmətdir.

Həyatda baş verənləri təsadüf zənn etsəm, yox bu zərurətdir, özü də təsadüfdən doğan zərurət. Atamın, Göyçənin, Övliya əzizlərimizin ruhundan doğan zərurət! Bu məqamda deməyə bilmirəm: “Zərrədən Şəmsə - hər şeyi yaradan Allahdır”. Allah heç kəsin əməyini yerdə qoymur, sonda olsa belə haqq öz yerini bulur. Məhz Göyçənin və onların övliyalığı idi məni bu işlərin – Onun yaradıcılığının , Onun kimi ər kişinin əməyinin sonda yerdə qalmaması naminə irəliyə doğru aparan məqamlar. Hərlənib, fırlanıb, nəhayətində İsmayıl müəllimin yaradıcılığı sanki, göydən yerə, düz əllərimin üstünə düşdü. Bəlkə də gecdir, lakin haqq yerini sonda da olsa bulur.

İsmayıl Əliyevin milləti- xalqı üçün, bir fədai olaraq sevdiyi Azərbaycan və İlahi Göyçə sevgisi nəhayətdə bu istedadlı, zəhmətkeş, kamil, əxlaqi dəyərlərə böyük önəm verən bir şəxsiyyətin yaradıcılığı nə gözəl ki, sonda onun adına layiq şəkildə ləyaqətli ziyalılar ordusuna təqdim olunur.

Dünyaya qədəm qoyduğu və çox erkən həyata atıldığı türk- oğuz yurdunun qeyrətli bir övladı kimi İsmayıl müəllim heç zaman kimliyini unutmadı. Və erməni daşnak quldurlarının xəyanətkar, alçaq, məkrli planlarını O, çox gözəl bilir və və addımbaşı bu xəyanətlərlə üzləşirdi. “ Bolşevik ləbbadəsinə (İ. Hüseynoğlu), bürünmüş müxənnətlərin türk- azərbaycan xalqının başına nə fəlakətlər gətirdiyi ilə hər an rastlaşır və onlara qarşı mübarizədə olduqca yenilməz və qətiyyətli idi. Bunların bariz nümunələrini bu günlərdə uzun axtarışlardan sonra əldə etdiyim “Sovet Ermənistanı” respublika qəzetində 7 bölgə üzrə xüsusi müxbir təyin edilərkən bu qəzetdə dərc olunan saysız- hesabsın məqalələrindən asanlıqla görmək olar.

İsmayıl Əliyevin jurnalistik fəaliyyətinə nəzər saldıqda onun yaradıcılıq yolunu üç mərhələyə bölmək olar.
Birinci dövr 1950- 60- cı illəri əhatə edir. Bu illərdə o, ən əvvəl 1950- 52- ci illərdə rayon maarif şöbəsinin inspektoru, bir qədər sonra Basarkeçər rayon partiya komitəsinin birinci katibi Talıb Musayevin yanında təbliğatçı- təşkilatçı vəzifələrini icra edərkən cəmi 23 yaşında idi. 1953- ilin sonlarında o Basarkeçər rayon qəzetinə baş redaktor təyin edilərkən 26 yaşına qədəm qoymuşdu. “Yüksək Məhsul Uğrunda” adlanan bu qəzet çox keçmədən “Bolluq Uğrunda” adlanmışdır. Qəzet ən əvvəl üç dildə, rus, erməni və Azərbaycan dillərində nəşr olunurdu. Lakin, rayonda rus əhalisi yox səviyyəsində olduğu üçün, sonralar iki dildə nəşr olunurdu, Azərbaycan və erməni dillərində. Rus, erməni və ərəb dilini gözəl bilirdi baş Redaktor. Baş redaktor olduğu zamanları Atamın dayısı oğlu, həm də yaxın dostu, birgə amal- əqidə dostu olan İbad İbrahimovun “Alınmaz Qala” kitabından İsmayıl Əliyev şəxsiyyətinə verdiyi dəyər və qiymətlə onun rayon qəzetində redaktor işlədiyi dövrü Vətən və Göyçəsevərlər üçün necə bir əhəmiyyət daşıdığını sizə artıq təqdim etmişəm. Onun mükəmməl savadı, təşkilatçılığı, dil bacarıqları, insan mənəviyyatına nüfuz etmə bacarığı onu hələ uzun illər vəzifə postlarında irəli aparırdı. “ İsmayıl müəllim 1944- cü ilin iyun ayında cəbhəyə sıravi əsgər kimi getdi, zabit kimi qayıtdı. Texnikumda da, insititutda da, Ali Partiya məktəbində də İsmayıl müəllim kimi- İsmayıl Əliyev kimi oxudu. Onun istedadı çoxlarını heyran qoydu, çoxlarının qibtə və həsəd hissinə səbəb oldu. Hələ institutu bitirməmiş onu “Bolluq uğrunda” rayon qəzetinə birbaşa redaktor apardılar. Böyük seçim idi, düzgün seçim idi”.

Yaradıcılığının ilkin mərhələsini tədqiq etmək üçün bu xarakteristika İsmayıl Əliyev şəxsiyyəti üçün kifayət qədər gözəl nümunə, gözəl də vasitədir.
1962- 64- cü illərdə Bakı Ali Partiya məktəbini fərqlənmə ilə bitirən İsmayıl müəllim ona təklif olunan yüksək postlardan imtina edərək doğma Göyçəsinə qayıdır. Onun yaradıcılığının ikinci mərhələsi də məhz bu zaman başlayır. 1964- cü ilin avqust ayının əvvəllərindən bu böyük ziyalının həyatında daha uğurlu bir dönüş başlayır. Bu dövrdə onun qələminin kəsəri özünü daha qabarıq şəkildə göstərir. Doğru olmayanı, dürüst olmayanı, göstərmək, tənqid, xüsusən də sadə insanların haqqının tapdanmasına imkan verməmək- bir sözlə kəsərli, ağıllı sözlə insanı müdafiə - bu idi insanın- ziyalının amalı. Həmin dövrdə dərc olunan məqalə və yazılarından saatlarla danışmaq mümkündür. Artıq o, nəinki Göyçə, ətraf bölgə və mahallarda tanınır, nüfuz və bacarıq sahibi bir ziyalı kimi tanınırdı. “Sovet Ermənistanı” qəzetində işlədiyi dövr onun həyatının jurnalist kimi yaradıcılığının ikinci dövrünü əhatə edirdi.

Xüsusi müxbir kimi işlədiyi dövrə aid 40- dan çox məqaləsini, oçerkini əldə etmək mümkün oldu. Bu məqalələrdən bir neçəsinin adını çəkmək istərdim, nədən ki, doğma elin, obanın, tanış adların insanda yaratdığı bəxtiyarlığı və onunla bərabər nisgili- Vətən həsrətinin içi göynədən acısından qurtulmaq mümkünmü...

“Mütəşəkkil başlanğıc”- 25. 08. 1964, “ Taxıl gəlir”- 29. 08. 1964, “Payız əkini mütəşəkkil keçirilir” – 25. 09. 1964, “Gənclərin bədən tərbiyəsinə fikir verməli” – 05. 10. 1964, “Məsələlərə birtərəfli yanaşmaq olmaz”- 10. 10. 1964, “Heyvandarların əməyi”- 27. 10. 1964, “ Xalq istedadlarını aşkara çıxarmalı”- 28. 10. 1964, “Komissiyaların fəaliyyətinə arxalandıqda”- 02. 11. 1964, “İtirilmiş şöhrət”- 09.01. 1965, və s... və ilaxır.

Həmin dövrlərdə İsmayıl Əliyev xüsusi müxbir işlədiyi zamanlarda H. Həsənov, S. Şərifov, ictimai xadim Məhərrəm Bayramov, tarixçi alim Səfyar Musayev, İsrafil Məmmədov, jurnalist- partiya fəalı Qəşəm Aslanov, Mayıs Əhmədov, Zərbalı Qurbanov, Şövqü Əhmədov, Qasım Əhmədov, Əli Məhərrəmov, Teymur Əhmədov, Nurəddin İsmayılov (Oxçuoğlundan), Tapdıq Əmiraslanov, Məcnun İbrahimov, Yusif Əhmədov, Mikayıl Bayramov, Abbas Mazanov və s kimi kişilərlə çiyin- çiyinə çalışır, Oğuz yurdunun daha da firavanlığı üçün əllərindən gələni əsirgəmirdilər.

Qeyd etdiyim kimi, bu həmin zamanlar idi ki, Abbasqulu bəy Şadlınski kimi kişilərlə at sürüb camaatı üçün mübarizə aparan kişilərdən olan Abbas Yusif oğlu Əhmədov kimi mərdlik- qeyrət yiyəsi olan kişilər hələ həyatda idilər. Mən atamın tez- tez Dərə kəndinə - şəxsən Abbas Qağama baş çəkdiyinin şahidiyəm. O, bu Ocağı çox sevirdi, xüsusən də Abbas babama ayrı bir hörməti- izzəti vardı. Onun hər ikisi mərkəzi qəzetləri, ən çox da “Pravda”, “ Kommunist” kimi qəzetləri rusca oxuyur və rus dilində də mükalimə aparırdılar. Mənsə demə hələ o zamanlardan iki dühanın arasında oturur, anlamadığıma baxmayaraq çox həvəslə onlara tamaşa edirdim. Biri müdrik, ağıllı, dünyagörmüş, bir şəxsiyyət, digəri isə həyat- mübarizə eşqilə alışıb yanan cavan bir ziyalı. Və onların hər ikisi erməni daşnaklarını çox gözəl tanıyır, onlara qarşı mübarizədə ayıq- sayıq idilər. Bundan daha gözəl bir panoram ola bilərdimi. Bu ziyalılar erməni adlı xəyanətkarı çox gözəl tanıyırdılar. Çox vaxt bu söhbətlərə dayılarım da qoşulardı.... Yusif dayım, Mayıs dayım və Şükür dayım.

Bir sözlə insanlar işdə, gücdə, həyat davam edirdi. Lakin mən bir dəfə də olsun Atamın nədənsə giley- güzar etdiyinin şahidi olmadım. Xüsusi müxbir işlədiyi zamanlarda onun jurnalistlik fəaliyyətində önəm daşııyan iki məqaləsi haqqında artıq məlumat vermişəm. Bunlardan biri 1965- ci ilin 9 yanvar ayında “Sovet Ermənistanı “ qəzetində dərc edilmiş “İtirilmiş şöhrət “ adlı məqaləsi və digəri isə Basarkeçər rayonunun Böyük Məzrə kolxoz təsərrüfatından, daha doğrusu onun sədri işləyən qatı daşnak, sırf millətçi, türk düşməni Ardaş Hunanyan barəsində yazdığı məqaləsidir.Dövlətin- kolxozun malını oğurlayıb yeyən erməni daşnak Ardaş Hunanyan həmçinin Daşnakstyun partiyasının Sevan bölgəsi üzrə rəhbəri idi. Və onun azərbaycan əhalisinə qarşı yüzlərlə günahsız türkün qanında əli var idi. Öz kəskin mövqeyi ilə fərqlənən və erməni daşnaklarını - erməni millətçilərini çox gözəl tanıyan bu mavi gözlü türk oğlunu yenmək qeyri- mümkündü. Büroda erməni millətçilərinin güclü müqaviməti ilə rastlaşsa da, nəhayətdə ona partiya biletinə yazılmaqla şiddətli töhmət verilməsinə nail oldu. Bu İsmayıl Əliyev idi, bir Vətən Fədaisi, Türk sevdalısı.

Onu da qeyd etmək lazım ki, həmin büroda cəmi dörd nəfər – 4 nəfər azərbaycanlı iştirak etmişdir: Tapdıq Əmiraslanov, Mikayıl Bayramov, Zərbalı Qurbanov, Şükür Əhmədov , qalanları isə erməni “kommunist”lərindən ibarət daşnaklar idi. Büronun keçirildiyi paykomun binası erməni millətçiləri ilə əhatə olunmuşdu. Allahlar tərəfindən sevilmişlər Allahlar tərəfindən də seçilib qorunur.

Həmin büroda iştirak edənlərdən biri də mənim dayım Şükür Əhmədov olmuşdur. Çox sonralar özü bu hadisəni mənə danışdı, əlbəttə fəxr etdim, ancaq dayım mənə belə söylədi: “Əslində sizlərin heç birisi onun necə bir şəxsiyyət olduğunu tamamilə dərk etmirsiniz. Onun təmiz erməni dilində erməni gədalarını alt- üst etməsini, onları yerində oturtmasını , daşnak millətçilərilə, qatı cinayətkarlarla baş- başa gəlməsi heç də asan məsələ deyildi. Ancaq İsmayıl müəllim üçün qorxu məfhumu yox idi. Onunla fəxr edin. O, şəxsiyyətdir. Göyçə mahalının, türk- Oğuz yurdunun halal ocağının yetirdiyi şəxsiyyət”.

1964-65- 66 – cı illərdə İ. Əliyevə məxsus məqalələrin üzlərini çıxarıb əlimə alsam da, Onun gəncliyinin, gözəl illərinin şahidi olan o qəzetləri köhnə toz basmış rəflərdə qoyub gəldim. Əlbəttə, əldə etdiyim qiymətli, əvəzi olmayan məqalələri bir tapıntı – yurd yerlərimizin sədasını verən bir xəzinə kimi dəyərləndirilməlidir. Çünki Onun kimi bir ziyalını azacıq da olsa tanıyan kəslər bu yaradıcılığın nə demək olduğunu çox gözəl dərk edirlər. Çünki, getdiyin yollardan geri dönməmək də vardı.

İ. Hüseynoğlunun üçüncü dövr yaradıcılıq mərhələsi 1988- ci il hadisələrindən başlayaraq, məhsuldar, cürətli – cəsarətlə yazılmış düşmənə nifrət, Azərbaycanın sabahına – gələcəyinə olan inam və məhəbbətlə qələmə alınmışdır.
Azərbaycanın keşməkeşli zamanlarına təsadüf edən bu dövrü zaman və makan baxımından şah yaradıcılıq kimi təqdim etmək yerinə düşər. İ. Hüseynoğluna məxsus 3-cü dövr yaradıcılıq məlum hadisələrlə əlaqədar 1988- ci ildən başlayaraq daha da pərvəriş tapmışdır. O, dövrü mətbuatda bu zamandan etibarən “İsmayıl Hüseynoğlu” imzası ilə tanınırdı.

İnsanlar zamanlarından çox, öz Ata- Analarına oxşayırlar. Və hətta, bu və ya digər formada Ata- Ana taleyini yaşayırlar.

İsmayıl müəllimin yaradıcılığına aid tərcümələri də böyük maraq kəsb edir. Öz arxivindən əldə etdiyim görkəmli rus tarixçisi – alim V. L. Veliçkonun “Türklərin Vəhşiliyi Haqqında Həqiqət”adlı kitabından etdiyi tərcumə Azərbaycan gəncliyi üçün önəm daşıyır.

İstər onun tərcumələri- xüsusən də Avropanın himayə etdiyi erməni daşnakları haqqında, Qafqaza casus gözü ilə baxan Qərb- Avropa, istərsə də işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması uğrunda aparılan mübarizə və bir hərtərəfli jurnalistin mükəmməl qələmindən çıxan əvəzsiz, sənəd və faktlarla yazılmış publisist məqalələri, tarixi oçerkləri və s hamısı həyat həqiqətlərinə söykənmişdir.

Müstəqil jurnalistik fəaliyyətinə başlayan İ. Hüseynoğlu yaradıcılığı həm zəngin, həm də maraqlı- məhsuldar olmuşdur. Bu illərdə qələmə aldığı yaradıcı dünyasının zənginliyi elə adları ilə də bəlli olur: “Özüm haqqında bir neçə söz” (2000) - avtobioqrafik yazı, Göyçə mahalının – orada yerləşən kənd və obaların qədimdən qədim olan tarixi haqqında əsil tədqiqat əsəridir. Və bu yazıların ən böyük üstünlüyü ondadır ki, fakt və sənədlər əsasında qələmə alınmışdır.

“Göyçə nisgili, Göyçə dərdi” – Yazılmamış tarix, yaxud 9 ay mühasirədə...25. 07. 1991 “Qarabağ”, “Oxucu sözü, oxucu iradı” (26. 12. 1992), “Təxribatçılığa qarşı nə etməli”, “Barışıq, yoxsa sülh”, “Xilasımız nədədir?”, “Mən Kiməm- Türk yoxsa, Azərbaycanlı?”, “Milli kimlik”, “Böyük İnsan haqqında kiçik xatirə”, “Nədən narahatam?”, “Zora qarşı zor”, “Məqamı cəngdə Şir elə Şirdir” və s.

Buradaki məqalələrin çox bir neçə hissədən ibarətdir. Diqqətimi “Barışıq, yoxsa sülh” adlı məqalə cəlb edir. Oxuyuruq... “Tarixin imtahanından çıxa bilməyən xalq keyfiyyətlərini itirib əhaliyə çevrilir, yəni başqaları üçün işçi qüvvəsi olur.

Sülh geniş anlayışdır. Bu barışıqdan sonra bir qayda olaraq müəyyən dövr, yəni uzun bir vaxt keçdikdən sonra, tədricən buna şərait yaradıldıqca sülh bağlanması qənaətinə gəlinir. Budur, İkinci dünya müharibəsindən 47 il (məqalə 1992- ci ildə yazılmışdır), keçməsinə baxmayaraq SSRİ- ilə onun varisi olan Rusiya Federasiyası ilə Yaponiya arasında hələ də Sülh Paktı imzalanmayıbdır.Başqa sözlə desək, Sülh Paktı o zaman mümkün olur ki, müharibənin vurduğu yaralar tam sağalır, təmənnasızlıq zəmini yaranır, tərəflərin çəkdiyi maddi və başqa ziyanlar – təzminatlar almaq, vermək yolu ilə tənzim edilir, siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq üçün hərtərəfli şərait yetişir, hətta qarşı tərəflərdə bərqərar olan milli düşməni təfəkkür və məfkurələrdə tədricən olsa da, yoxa çıxır və sırf azalır. Ancaq bunlardan sonra sülhə doğru ilkin və bir qədərdə belə demək mümkündürsə, “kövrək” addımlar atmaq mümkün olur.
Və barışıq olmadan, Sülhdən danışmaq artıq bir şeydir”.

Qərbi Azərbaycanın mükəmməl ziyalı ordusu ilə daim yaxınlığı, dostluğu ilə seçilən İsmayıl Əliyevin yaradıcı dünyası- publisistik məqalə və tarixi oçerkləri toplanaraq 2020-ci ildə “GÖYÇƏ NİSGİLİ, GÖYÇƏ DƏRDİ” adı ilə Bakı şəhərində dərc olunmuşdur.Kitabın adı müəllifin eyni adlı məqaləsindən götürülmüşdür.

O gözəl Vətənin, tarixi, coğrafiyası, toponomiyası, azərbaycan- türk əhalisinin yaşam tərzi, neçə minilliklərə enən yurd yerlərinin açılmamış qatlarına işıq tutan, GöyTürk Xaqanlığından belə, Dədəm Qorquddan üzü bu yana Göyçə adlı İlahi yurdun qatları, fakt, sənədlərlə yazılmış, qədim yurd yerlərinin ilkin türk toponomiyası ilə adların siyahısı- bir növ tarix yatır bu əfsanəvi ziyalının füsünkar qələmindən.

“Kişinin Qədərində Yüksəlmək Məqamı Varsa, Ona nə Dostları, nə də Düşmənləri Əngəl Ola Bilməz”.


Xüsusi insanlar var ki, onlar nəinki Tanrı tərəfindən seçilirlər, həm də sevilirlər. Rəhbər vəzifələrdə işləmək bir çoxlarına nəsib ola bilər, ancaq jurnalist qələmi, xeyirxah ürək, fenomenal yaddaş, analitik düşüncə, Azərbaycan sevgisi, doğulduğu torpağa aşiqlik, qövmünə hörmət, xalqına, milli mənsubiyyətinə hörmət, öz Uca dinini – İslami dəyərləri hər şeydən uca tutmaq, ailə dəyərləri – bax bunlar idi Onun böyüklüyü, Onun nəsibi və qazandıqları. Bir ziyalı kimi İsmayıl müəllimin ən böyük arzusu Qarabağ başda olmaqla torpaqlarımızın azad olunması, erməni qəsbkarlarının layiqli cəzalandırılması, Xocalının intiqamının alınması, xüsusilə Xocalı qətliamı ona pis təsir edir, tezliklə torpaqlarımızın azad olunacağına inanırdı.

İsmayıl müəllim dünyaya uca dağlar qoynunda gəlmişdi. Dünyaya da uca dağ zirvələrindən- Qoca Dağdan baxmışdı. Qan yaddaşı ilə axıb gələn Şah Ucalığı – Ana tərəfdən Şah İsmayıl qoluna yönəlir onun Qızılbaş əqidəsi, Göyçənin halallığı, maddiyyətin deyil, mənəvi dəyərlərin dəyər aldığı bir zamanda yaşadı, yalnız İnsanlığı deyil, insanları da sevdi. Yazıları da, düşüncələri də, həyata baxışı da gözəl idi İsmayıl müəllimin: “Gözəldən və alimdən heç ümidini üzmə”dedi.

2010- cu il, 11 may, baharın ən gözəl ayı, həyata, yaşama çağıran bir gündə əvəzsiz- bənzərsiz bir Atanı itirmək qədər ağrılı nə ola bilər... İsmayıl müəllim 83 il müdrik, şərəfli bir ömür yaşadı. Ulu Göyçəsinə, İlahi yurduna dönmək arzusu onu son nəfəsinədək tərk etmədi, daim yazdı- yaratdı:” Ulu Göyçəmizə bir qayıdış olacaqdır. Bu qayıdış labüddür, bu qayıdış zəruridir”.

“Bu xatirə yazısı İsmayıl Əliyevin gənclik illərindən ona yaxın dost olmuş filologiya elmləri doktoru, professor, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov tərəfindən təqdim olunmuşdur: Unudulmaz Dostumun Xatirəsi - İrəvanda “Sovet Ermənistanı” qəzeti redaksiyasında işləyirdim. İki ildən bir Göyçə gölünün sahilində dağlar ətəyindəki Basarkeçər rayonuna ezamiyyətə gedirdim. Orada tanıdığım adamlarla da görüşürdüm. O vaxtdan uzun illər keçsə də, Rayon Xalq Maarif şöbəsinin müdiri Tapdıq Əmiraslanovu, Komsomolun Birinci katibi Mayis Əhmədovu, komsomol işçisi Qəşəm Aslanovu və İsmayıl Əliyevi indi də yaxşı xatırlayıram. İsmayıl Əliyev o zaman “Bolluq uğrunda” rayon qəzetinin baş redaktoru idi.

25- 30 yaşlarında, ucaboylu İsmayıl Əliyev həmişə yaraşıqlı geyinər, qara kostyum və qalstukda çox gözəl görüərdi. Onun arxaya daranmış sıx saçları, gündən azacıq yanmış əsmər çöhrəsi, mavi gözləri vardı. Mətbuat işinə bələd, olduqca savadlı ziyalı idi. Hamı onu tanıyır, hamı ona hörmət edirdi. O, hər il Şimali Qafqaz sanatoriyalarına istirahətə gedəndə mütləq redaksiyaya baş çəkərdi. 1960- cı ildə mən Bakıya köçəndə də telefonla əlaqə saxlayar hal- əhval tutardıq. O, Bakıya hər gəlişində bizə gələr, uzun- uzadı elmi, siyasi söhbətlər edərdik”.

Bir nüansı da qeyd etməliyəm, İsmayıl müəllim olduqca gözəl, zərif və heç zaman unudulmayacaq hüsnüxəttə malik xətti vardı. O vaxtların rus təhsil sisteminin mükəmməlliyindən gələn, şagirdlərin düzgün, səhvsiz və gözəl yazı nümunəsi kimi hüsnüxəttlərdən istifadə olunurdu. Və ucqar bir aləmdə - Göyçə kimi bir yurdda elm, təhsil və maariflənmə ilə yanaşı şagirdlərin hüsnüxəttə riayıt etmələri tələb olunurdu. Əslində İsmayıl müəllimin təbirincə desək, yazı- xətt insan xarakterini formalaşdıran, onu təyin edən əsas amillərdən birdir.

Mən həm də Atam olan bu uca şəxsiyyət haqqında nə qədər yazsam belə, onun tükənmək bilməyən enerjisinin, insanlığının, kəsərli qələminin, həyat eşqinin, mənəviyyat dünyasının, uca ruhunun qarşısında qələmim belə acizdir. Bildiyim o ki, Uca Tanrı özü bizləri belə şəxsiyyətlərlə mükafatlandırmışdır. O, Göyçəni sevdiyi kimi, Göyçə də öz oğlunu sevmişdi. Tanrı yaşamın, həyatın, ən gözəlini bəxş etdi ona, qeyrətli ömür- gün yoldaşı, Vətənin – torpağın ən gözəlini qismət etdi.

Sağlığında ikən O, həm öz övladlarına, neçə- neçə Göyçə oğluna, qızına nümunə oldu. Onu özləri üçün ideal seçənlər, ona oxşamağa çalışanlar, ona bənzəməyə can atanlar vardı. Əsil bir ziyalı görnüşünə malik, istər geyimlərində, səliqə- səhmanında, istər təmkin, danışıq maneralarında, hətta səs tempi belə gözəldi. Onun səsindən ağıl və müdriklik yağırdı.

1950- ci illərdən başlayaraq Göyçə mahalı, Basarkeçər rayonunda məsul vəzifələrdə yer tutmuş, 1959- cü ildən SSRİ Jİ- nın üzvü, kəsərli qələm sahibi, istedadlı jurnalist, Göyçə mahalında yaranan intibah, maarifçilik kultunun yaranmasında xüsusi rolu olan, bacarıq və bilgiləri çoxlarının həsəd və qibtəsinə səbəb olan, çoxlarının idealına çevrilən bir şəxsiyyət- bəli, məhz şəxsiyyət – İsmayıl Hüseyn oğlu Əliyev – Səni tərənnüm etməyə qələm belə acizdir. Təkcə sadalananlar deyil, bir Azərbaycan – Göyçə fədaisi olduöuna görə, İnsanlığına görə, Vətən sevginə görə - öz türk qövmünə, millətinə olan təmənnasız xidmətlərinə görə Ucalardan Uca olan Kişi- Mənim Atam!
İnsanlar yaşamış, yaratmış və mübarizə aparmışlar! Əgər bir zamanlar Ulu Göyçə adına maarifçilik kultu deyə bir simvol- bir nişanə, bir taxt yaranarsa, Sənin adının ən uca yerdə dayanacağına əminəm!
Səni və Anamız Süsənbər Xanımı hər zaman sevdik. Ruhlarınız şad olsun Məkanları Cənnət olanlar!
Həyat bir fəlsəfə,
Açması yox...
Müəmma, tapmacası çox..
.

... Həyat mənə dərslər keçdi ... “Kəbə yıxmaq bir qandırsa, könül yıxmaq yüz qandır” dedi. M. C. Rumi. Ulularım- Dədələrim- tək dərslər almadım, Göyçə adlı İlahi Yurdun İsmayıl Əliyev Akademiyasını bitirmiş halal bir Vətən övladı. Bir Əfsanə mühitdə, əfsanə insanlar arasında əfsanə kimi də böyüdük. Yaxşının, həm də pisin nə olduğunu – həm də kim olduğunu öyrəndik, GÖYÇƏ idi buralar. Dindən, cahilliyyətdən, avamlıqdan uzaq. Və həqiqət naminə desək, hər mənada Azad Türk Ulusları deməkdi bu.
Cənnəti Geri Qaytarmaq ümidi ilə -



MƏLAHƏT İSMAYILQIZI
AYB-nin və AJB- nin üzvü, tədqiqatçı-publisist
06. 05. 2026. Bakı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2026