Mobil versiya
Azərbaycan–İtaliya tərəfdaşlığı: gələcəyə yönəlmiş strateji inkişaf xətti
Tarix: 07-05-2026 | Saat: 12:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan–İtaliya tərəfdaşlığı: gələcəyə yönəlmiş strateji inkişaf xətti

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində formalaşmış yüksək səviyyəsini və geniş əməkdaşlıq spektrini əks etdirir. Bu çıxış ikitərəfli əlaqələrin təkcə siyasi dialoqla məhdudlaşmadığını, həm də iqtisadi, enerji, sənaye və humanitar istiqamətlərdə genişləndiyini ifadə edir.

İkitərəfli münasibətlərin hüquqi-siyasi əsasını 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri təşkil edir. Bu sənədlər əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməklə yanaşı, əlaqələrin uzunmüddətli və dayanıqlı inkişafına zəmin yaradıb. Yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər tərəflər arasında etimadın möhkəmləndiyini nümayiş etdirir. Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də Baş nazirin əvvəl Ermənistanda proqramını başa vurub sonra Azərbaycana gəlməsi olub.

Azərbaycan-İtaliya əlaqələrinin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olmaqla yanaşı, enerji ixracında da aparıcı mövqe tutur. Azərbaycanın ixrac etdiyi təbii qazın əhəmiyyətli hissəsi İtaliya bazarına yönəlir ki, bu da əməkdaşlığın strateji xarakterini gücləndirir. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilir və bu layihənin seqmenti olan Trans-Adriatik Boru Kəməri layihəsinin genişləndirilməsi gələcəkdə enerji tədarükünün artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir: “Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.

İki ölkə arasında iqtisadi münasibətlər yüksək səviyyədədir və ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr yalnız ticarətlə məhdudlaşmır, eyni zamanda qarşılıqlı investisiyalarla da möhkəmlənir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollarlıq sərmayə yatırması iqtisadi tərəfdaşlığın dayanıqlı və etibarlı əsaslara söykəndiyini təsdiq edir. Bu investisiyalar gələcəkdə yeni layihələr üçün də geniş imkanlar yaradır.

Yeni əməkdaşlıq istiqamətlərindən biri də hərbi-texniki sahədir. Birgə istehsalın təşkili, texnologiya mübadiləsi və sənaye layihələrinin həyata keçirilməsi bu sahənin perspektivli olduğunun göstəricisidir. İtaliya texnologiyalarının və Azərbaycanın maliyyə resurslarının birləşdirilməsi innovativ sənaye əməkdaşlığının inkişafına şərait yaradır.

Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdikləri 23 layihə iqtisadi əməkdaşlığın coğrafi baxımdan da genişləndiyini göstərir. İtaliya şirkətləri bu layihələrdə aktiv iştirak edərək bərpa və yenidənqurma prosesinə mühüm töhfə verir.

İkitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biri təhsil sahəsidir. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın bariz nümunəsinə çevrilib. Hazırda yüzlərlə tələbənin təhsil aldığı həmin ali təhsil ocağı gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanmasına və iki xalq arasında humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan–İtaliya münasibətləri bu gün strateji tərəfdaşlıqdan daha geniş məzmuna malik, enerji, iqtisadiyyat, sənaye və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq modelidir. Bu əlaqələr qarşılıqlı maraqlara əsaslanaraq gələcəkdə daha da genişlənəcək və regional əməkdaşlıq mühitində mühüm rol oynamağa davam edəcəkdir.

Asif Əsgərov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026