Mobil versiya
Ulu Öndər Heydər Əliyev: Şəhərsalma siyasəti və insan amilinə verilən dəyər
Tarix: 07-05-2026 | Saat: 10:59
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyev: Şəhərsalma siyasəti və insan amilinə verilən dəyər

Azərbaycanın müasir tarixinə nəzər saldıqda, 1969-cu ilin 14 iyulu yalnız hakimiyyət dəyişikliyi deyil, bir millətin dirçəlişinin və fiziki simasının köklü şəkildə yenilənməsinin başlanğıcı kimi qeyd etmək olar. Heydər Əliyevin birinci rəhbərliyi dövrü respublikanın simasını dəyişən, onu aqrar ölkədən sənaye və intellektual mərkəzə çevirən "Böyük Quruculuq" epoxasıdır. Bu gün biz "Şəhərsalma ili" çərçivəsində bu mirasa baxarkən, Ulu Öndərin uzaqgörənliyinin və mühəndis dəqiqliyinin şahidi oluruq.

Onun həyat və fəaliyyəti təkcə bir siyasi liderin bioqrafiyası deyil, bütövlükdə bir xalqın inkişaf tarixinin mühüm mərhələsidir. Bu dövr Azərbaycan tarixində genişmiqyaslı quruculuq, şəhərsalma və abadlıq illəri kimi yadda qaldı.

1960–70-ci illər Ulu Öndərin rəhbərliyi altında Azərbaycan SSR-də şəhərsalma siyasətinin elmi əsaslar üzərində qurulduğu, sistemli və planlı şəkildə həyata keçirildiyi bir dövr idi. Bu illərdə Bakı şəhəri başda olmaqla, regionların inkişafına xüsusi diqqət yetirildi. Şəhərlərin baş planları yenidən işlənib hazırlandı, yaşayış massivlərinin salınması, sənaye zonalarının yaradılması və sosial infrastrukturun inkişafı paralel şəkildə həyata keçirildi. Bu yanaşma, əslində, şəhərsalmaya kompleks baxışın bariz nümunəsi idi.

Bakı şəhərində yeni mikrorayonların yaradılması, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər həmin dövrün ən mühüm nailiyyətlərindən sayılır. O dövrün ən böyük texnoloji yeniliyi binaların tikintisində metal konstruksiyaların və yığma beton texnologiyasının tətbiqi oldu. Bu üsul binaların təkcə möhkəmliyini təmin etmir, həm də tikinti sürətini bir neçə dəfə artırırdı. Ulu Öndərin tapşırığı ilə Bakının Əhmədli, Günəşli, Yasamal, 8-ci kilometr kimi ərazilərdə qısa müddət ərzində çoxmərtəbəli yaşayış binaları, məktəblər, uşaq bağçaları, tibb müəssisələri məhz bu metodla inşa edildi.

Həmin dövrdə tətbiq edilən prefabrik tikinti üsulu yəni konstruksiya elementlərinin əvvəlcədən zavod şəraitində hazırlanaraq tikinti sahəsində quraşdırılması şəhərsalmada əsl inqilabi yanaşma idi. Bu texnologiya sayəsində minlərlə ailə qısa müddətdə yeni mənzillərlə təmin olundu. Ulu Öndərin təşəbbüsü ilə respublikada beton-panel zavodlarının, metal konstruksiya istehsal edən müəssisələrin yaradılması tikinti sektorunun inkişafına güclü təkan verdi. Yerli istehsalın genişləndirilməsi həm iqtisadi səmərəliliyi artırdı, həm də tikinti prosesinin fasiləsizliyini təmin etdi. Şəhərsalma siyasəti yalnız yaşayış binalarının tikilməsi ilə məhdudlaşmırdı. Ulu Öndər Heydər Əliyev şəhərlərin estetik görünüşünə, ekoloji mühitinə və insanların rahatlığına xüsusi önəm verirdi. Bu baxımdan geniş abadlıq işləri həyata keçirilirdi. Yeni parklar və istirahət zonaları salınır, küçə və prospektlər abadlaşdırılır, yaşıllaşdırma tədbirləri genişləndirilirdi. Bakı şəhərinin simasının dəyişməsi, dənizkənarı ərazilərin abadlaşdırılması, ictimai məkanların yaradılması bu siyasətin uğurlu nəticələri idi.

2026-cı ilin "Şəhərsalma İli" olduğunu nəzərə alsaq, Heydər Əliyevin hələ yarım əsr əvvəl təməlini qoyduğu Məişət Kondisionerləri Zavodu, Yeni Bakı Neftayırma Zavodu və möhtəşəm Gülüstan Sarayı kimi binalar bu günkü müasir infrastrukturumuzun genetik kodlarını təşkil edir. O, binaları sadəcə daşdan və metaldan deyil, xalqın özünəinam hissi ilə ucaldırdı. O, hər bir kərpicin hara qoyulacağını bilən bir baş memar kimi hər bir layihənin eskizinə şəxsən baxır, memarların yaradıcılıq azadlığını qoruyurdu.

Eyni zamanda regionların inkişafı da diqqət mərkəzində saxlanılırdı. Sumqayıt şəhəri kimya sənayesinin mərkəzi kimi formalaşdırılaraq müasir sənaye və yaşayış şəhərinə çevrildi. Ulu Öndərin uzaqgörən siyasətində enerji təhlükəsizliyi xüsusi yer tuturdu. Bu dövrdə Azərbaycanın enerji potensialının artırılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirildi. Mingəçevir şəhəri ölkənin əsas enerji mərkəzlərindən biri kimi daha da inkişaf etdirildi, burada yerləşən hidroenerji imkanları geniş şəkildə istifadə olundu. Bununla yanaşı, Şirvan şəhərində iri istilik elektrik stansiyası Dövlət Rayon Elektrik Stansiyası (DRES) yaradılaraq respublikanın enerji təminatında mühüm rol oynamağa başladı.

Sumqayıt və Bakı şəhərlərində sənaye müəssisələrinin enerji ilə təminatı gücləndirildi, elektrik şəbəkələri yeniləndi və genişləndirildi. Bu addımlar sənayeləşmənin sürətlənməsinə, yeni istehsal sahələrinin yaranmasına və ümumilikdə iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verdi. Gəncə şəhərində sənaye ilə yanaşı, mədəni və sosial infrastruktur genişləndirildi.

Şəhərsalmanın əsasını təşkil edən mühüm istiqamətlərdən biri infrastruktur və kommunikasiya sistemlərinin qurulması idi. Ulu Öndər şəhərlərin inkişafında qaz, su və elektrik təminatını prioritet məsələ kimi hər zaman ön planda saxlayırdı. Yeni salınan yaşayış massivlərinin və sənaye zonalarının dayanıqlı fəaliyyəti məhz bu kommunikasiyaların düzgün və paralel şəkildə qurulmasından asılı idi. Bu baxımdan şəhərsalma yalnız binaların tikilməsi deyil, eyni zamanda onların tam təmin olunmuş yaşayış məkanına çevrilməsi kimi dəyərləndirilirdi.

Bu siyasətin mühüm tərkib hissələrindən biri də yol-nəqliyyat infrastrukturunun inkişafı idi. Respublikanın müxtəlif bölgələrini birləşdirən magistral yollar yenidən qurulur, yeni avtomobil yolları çəkilir, şəhərdaxili küçə və prospektlər genişləndirilirdi. Bu tədbirlər nəticəsində regionlararası iqtisadi əlaqələr möhkəmlənir, yük və sərnişin daşımalarının həcmi artır, ümumi inkişaf daha sürətli xarakter alırdı.

Kommunikasiya sistemləri içərisində isə su təminatı xüsusi strateji əhəmiyyət daşıyırdı və bu məsələ Ulu Öndərin diqqət mərkəzində olan əsas istiqamətlərdən biri idi.

Su ehtiyatlarının idarə olunması və su anbarlarının tikintisi Ulu Öndərin həyata keçirdiyi strateji siyasətin ən mühüm istiqamətlərindən biri idi. Bu sahədə atılan addımlar Azərbaycanın gələcək su təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynadı. Həmin dövrdə Mingəçevir su anbarı və Şəmkir su anbarı kimi mühüm hidrotexniki qurğuların imkanları genişləndirildi və onların iqtisadi əhəmiyyəti daha da artırıldı.

Bununla yanaşı, Araz su anbarı kimi iri su ehtiyatları ölkənin cənub bölgələrinin suvarma və enerji təminatında mühüm rol oynadı. Bu su anbarları vasitəsilə minlərlə hektar torpaq sahəsi suvarıldı, kənd təsərrüfatında məhsuldarlıq əhəmiyyətli dərəcədə artdı.

Su təsərrüfatı sahəsində həyata keçirilən bu layihələr yalnız kənd təsərrüfatının inkişafına deyil, eyni zamanda əhalinin içməli su ilə təminatına da böyük töhfə verdi. Əgər həmin dövrdə bu uzaqgörən addımlar atılmasaydı, Azərbaycanın bir çox bölgələrində su qıtlığı problemi qaçılmaz ola bilərdi. Bu baxımdan su anbarlarının tikintisi və mövcudlarının inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyan qərarlar kimi tarixə düşmüşdür.

Bu dövrdə həyata keçirilən tikinti-quruculuq işlərinin əsas məqsədi yalnız fiziki mühitin dəyişdirilməsi deyil, insan amilinə xidmət edən müasir yaşayış şəraitinin yaradılması idi. Ulu öndər hər zaman vurğulayırdı ki, görülən bütün işlərin mərkəzində insan dayanmalıdır. Məhz bu yanaşma nəticəsində şəhərsalma siyasəti sosial yönümlü xarakter daşıyır, insanların gündəlik həyatına birbaşa müsbət təsir göstərirdi. Tikilən yollar, yaradılan enerji infrastrukturu, inşa edilən su anbarları insanların gündəlik həyatının yaxşılaşdırılmasına, ölkənin dayanıqlı inkişafına xidmət edən mühüm addımlar idi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi şəhərsalma və quruculuq siyasəti bu gün də öz aktuallığını qoruyur. Onun müəyyən etdiyi inkişaf strategiyası müasir Azərbaycanın şəhərsalma konsepsiyasında da öz əksini tapır. Bu siyasət yalnız keçmişin uğuru deyil, həm də gələcəyin möhkəm təməlidir.

Bu gün biz Heydər Əliyevin 103-cü ildönümünü qeyd edərkən, onun qurduğu şəhərlərə, ucaltdığı binalara və xilas etdiyi dövlətçiliyimizə baxıb bir daha əmin oluruq ki, o, zamanın fövqündə duran bir şəxsiyyətdir. Onun şəhərsalma strategiyası bu gün "Ağıllı Şəhər" və "Yaşıl Enerji" layihələri ilə yenidən canlanır. Bu gün biz yalnız böyük bir şəxsiyyətin xatirəsini anmırıq, eyni zamanda onun ideyalarına, quruculuq fəlsəfəsinə və dövlətçilik prinsiplərinə sadiqliyimizi bir daha ifadə edirik. Onun qoyduğu irs Azərbaycan xalqının inkişaf yolunu işıqlandırmağa davam edir və gələcək nəsillər üçün etibarlı bələdçi rolunu oynayır.

Azərbaycan xalqı var olduqca, bu dövlət yaşadıqca Heydər Əliyev də yaşayacaqdır. Çünki o, ömrünü millətinə bağışlayan, hər bir daşında, hər bir binasında izi olan əbədi bir imzadır. Azərbaycanın müstəqilliyi və çiçəklənməsi yolunda canını qoyan Ulu Öndərimizə Allahdan rəhmət diləyir, onun əziz xatirəsi qarşısında baş əyirik. Ruhu şad, məkanı cənnət olsun!

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə