Mobil versiya
Prezident İlham Əliyevin Davos 2026-da Ortaya Qoyduğu Realist və Praqmatik Mövqe
Tarix: 22-01-2026 | Saat: 10:57
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Prezident İlham Əliyevin Davos 2026-da Ortaya Qoyduğu Realist və Praqmatik Mövqe

Son illərdə beynəlxalq münasibətlər sistemi ciddi struktur və normativ transformasiyalara məruz qalmışdır. Soyuq müharibə sonrası dünya liberal beynəlxalq nizam üzərində qurulmuş, dövlətlərin davranışı çoğulçu demokratiya, hüququn aliliyi və multilateral institutların normativ təsiri ilə tənzimlənirdi (Ikenberry, 2011). Bu model uzun müddət qlobal stabilliyi təmin edən əsas çərçivə kimi çıxış etsə də, son dövrlərdə qlobal güc mərkəzlərinin çoxalması, regional münaqişələrin intensivləşməsi və beynəlxalq institutların funksional zəifləməsi liberal nizamın həm nəzəri, həm də praktik legitimliyinə mənfi təsir göstərmişdir. Nəticədə dövlətlərin davranışı normativ idealizmdən uzaqlaşaraq suverenlik mərkəzli, praqmatik və realist xarakter almışdır.

Prezident İlham Əliyevin 2026-cı il Davos Ümumdünya İqtisadi Forumundakı çıxışları bu qlobal transformasiyanın həm praktik, həm də konseptual ifadəsi kimi qiymətləndirilə bilər. Çıxışlar Azərbaycanın milli maraqlarını qorumaq, regional və qlobal təsirini gücləndirmək və post-liberal əməkdaşlıq modelini tətbiq etmək baxımından strateji əhəmiyyət daşıyır. Liberal beynəlxalq nizamın əsas prinsipləri qlobal institutların universal rolu, çoğulçu qərarvermə və insan hüquqlarının təşviqi son illərdə funksional çatışmazlıqlarla müşahidə olunur. ABŞ-Çin rəqabəti və regional güclərin yüksəlməsi çoxmərkəzli bir sistem yaratmış, Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqaz kimi regionlarda liberal normativlərin tətbiqi praktiki və hüquqi baxımdan çətinləşmişdir. Bu şərait post-liberal yanaşmanın zəruriliyini ortaya qoymuşdur; dövlətlər milli suverenliklərini qoruyaraq praqmatik və selektiv əməkdaşlıq strategiyalarını inkişaf etdirməyə başlamışdır (Nye, 2021). Belə yanaşmada dövlət yalnız beynəlxalq institutların vasitəsi ilə deyil, öz səlahiyyət və resursları vasitəsilə qlobal sistemdə mövcudluğunu təmin edir.

Koherent strateji yanaşma beynəlxalq münasibətlər və strateji araşdırmalar sahəsində dövlət davranışlarını təsadüfi, reaktiv və situativ qərarlar toplusu kimi deyil, vahid məntiqə əsaslanan, daxili ardıcıllığı qorunan və uzunmüddətli məqsədlərə yönəlmiş sistemli konseptual çərçivə kimi izah edən nəzəri mexanizmdir. Bu anlayış klassik strateji düşüncədən başlayaraq realist və neorealist beynəlxalq münasibətlər nəzəriyyələrinə, eləcə də müasir “böyük strategiya” (grand strategy) yanaşmalarına söykənir (Clausewitz; Morgenthau; Waltz; Kennedy). Elmi ədəbiyyatda bu yanaşma anlayışı dövlətin təhlükəsizlik, xarici siyasət və güc tətbiqi sahələrində davranışlarını istiqamətləndirən normativ-prinsipial çərçivə kimi qəbul olunur.
Liberal beynəlxalq nizamın zəiflədiyi və post-liberal mərhələyə keçidin sürətləndiyi müasir şəraitdə koherent strategiyaya zərurət daha da artır.
Bu nəzəri çərçivə Prezident İlham Əliyevin Davos 2026 Ümumdünya İqtisadi Forumundakı mövqeyində konkret siyasi praktik ifadəsini tapır. Cənab Prezidentin çıxışları ayrı-ayrı mövqe bəyanatları deyil, Azərbaycanın post-liberal beynəlxalq nizamda davranışını müəyyən edən ardıcıl və sistemli strateji təqdimatı kimi qiymətləndirilə bilər. Burada suverenlik, təhlükəsizlik, iqtisadi aktivlik və beynəlxalq əməkdaşlıq məsələləri bir-birindən ayrılıqda deyil, vahid strateji məntiq daxilində təqdim olunur.
Davos 2026-da cənab Prezidentin mövqeyi, suverenliyi normativ hüquqi anlayışdan funksional strateji kateqoriyaya çevirir. Suverenlik dövlətin müstəqil qərarvermə imkanlarını, təhlükəsizlik siyasətini və iqtisadi resurslara nəzarətini təmin edən əsas mexanizm kimi təqdim olunur.
Fəlsəfi baxımdan bu yanaşma Hobbsçu təhlükəsizlik paradiqması ilə suverenliyin xaosun qarşısını alan əsas şərt kimi dərk edilməsi və Şmittçi qərarverici suverenlik anlayışı ilə nəzəri uyğunluq təşkil edir. Prezident İlham Əliyevin mövqeyində beynəlxalq institutlar suveren qərarverməni tamamladığı halda əhəmiyyət kəsb edir; əks halda isə dövlət alternativ mexanizmlərə müraciət etmək hüququnu özündə saxlayır.

Dövlət başçısının Davos 2026 çıxışlarında “Sülh” anlayışı normativ ideal kimi deyil, strateji nəticə kimi təqdim olunur. Regional və beynəlxalq stabillik güc balansının bərpası, təhlükəsizlik risklərinin azaldılması və qarşılıqlı maraqların rasional uzlaşdırılması üzərində qurulur. “Münaqişə səhifəsinin bağlanması” çağırışı etik ritorika deyil, realist təhlükəsizlik hesablamalarına əsaslanan siyasi mövqedir.
Cənab İlham Əliyevin mövqeyində selektiv multilateralizm mühüm yer tutur. Dövlət beynəlxalq institutları məqsəd deyil, milli maraqlara xidmət edən vasitə kimi dəyərləndirir. Enerji təhlükəsizliyi, Orta Dəhliz, nəqliyyat-logistika layihələri və yaşıl enerji təşəbbüsləri Azərbaycanın beynəlxalq sistemdə passiv obyekt deyil, regional və qlobal təsir imkanlarına malik aktor kimi mövqelənməsini təmin edir. Bu yanaşma geopolitikanın geoiqtisadi vasitələrlə tamamlandığı müasir strateji mühitə tam uyğun gəlir.

Azərbaycanın Davos 2026 platformasında ortaya qoyduğu mövqe beynəlxalq münasibətlər sistemində baş verən struktur dəyişikliklərə rasional və sistemli uyğunlaşmanın praktik siyasi ifadəsi kimi qiymətləndirilə bilər. Bu mövqe dövlət davranışının situativ və reaktiv qərarlardan çıxarılaraq, uzunmüddətli milli maraqlar, təhlükə qavrayışları və mövcud imkanlar arasında daxili məntiqi ardıcıllıq üzərində qurulduğunu göstərir.

Azərbaycan liberal beynəlxalq nizamı total şəkildə inkar etmədən, onun institusional və normativ məhdudiyyətlərini qəbul edir və bu çərçivədə daha çevik, selektiv və maraq-əsaslı əməkdaşlıq modellərinə üstünlük verir. Bu yanaşma post-liberal beynəlxalq mühitdə dövlətlərin artan praqmatik davranış tendensiyasını əks etdirir və beynəlxalq institutlara münasibətdə instrumental, lakin funksional mövqeni ifadə edir.

Bu strateji yanaşmanın mərkəzində suveren qərarvermə avtonomiyasının qorunması dayanır. Suverenlik burada normativ-hüquqi statusdan daha çox, dövlətin təhlükəsizlik, iqtisadi və xarici siyasət sahələrində müstəqil qərar qəbul etmək qabiliyyəti kimi başa düşülür. Davos 2026-da səsləndirilən mövqelər göstərir ki, milli təhlükəsizlik və regional sabitlik məsələləri normativ ritorikadan daha çox faktiki güc nisbətləri və çəkindirmə mexanizmləri üzərində qurulur.

Ümumilikdə, Azərbaycanın Davos 2026-da nümayiş etdirdiyi mövqe vasitəsilə milli maraqların qorunması, təhlükəsizliyin təmin edilməsi və beynəlxalq əməkdaşlığın davam etdirilməsi arasında balanslaşdırılmış və elmi əsaslandırılmış strateji yanaşma formalaşdırır. Bu yanaşma post-liberal beynəlxalq nizam şəraitində orta güc dövlətlərinin necə adaptiv, rasional və strateji davranış modeli qurduğunu göstərən nümunə kimi qiymətləndirilə bilər.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2026