Mobil versiya
Azərbaycanın qlobal mesajları BMT-dən səsləndi
Tarix: 29-09-2025 | Saat: 10:31
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın qlobal mesajları BMT-dən səsləndi

Sentyabrın 25-də cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında ilk olaraq diqqəti otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarına yönəltdi. Azərbaycan ərazisinin təqribən beşdə birinin qanunsuz işğal olunması və BMT qətnamələrinin icrasız qalması beynəlxalq hüququn selektiv tətbiq edildiyini bir daha sübut edirdi. Dövlət başçısı haqlı olaraq vurğuladı ki, beynəlxalq ədalət yalnız kağız üzərində qalmamalıdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər isə məhz bu ədalətsizliyə son qoydu. Silahlı Qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə torpaqlarımızı azad etdi, beynəlxalq hüququn real gücə çevrilməsinin nümunəsini göstərdi. Bu hadisə, əslində, dünya üçün də mühüm dərsdir: hüquq bəzən gec, amma mütləq qələbə qazanır.

Dövlətimizin başçısı həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini şərh edərək bildirdi ki, artıq bu mexanizm tarixin arxivinə qovuşub. Azərbaycan və Ermənistanın birgə müraciəti ilə bu qurum bağlandı. Bu fakt həm sülh prosesinin yeni müstəviyə keçdiyini, həm də beynəlxalq təşkilatların reallıqlara uyğun işləməsinin vacibliyini göstərir. Xüsusi diqqət çəkən məqamlardan biri də Vaşinqton Sammitinin nəticələri idi. ABŞ Prezidentinin ev sahibliyi etdiyi görüşdə sülh müqaviləsinin mətninin paraflanması böyük irəliləyiş oldu. Bununla yanaşı, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionu yeni kommunikasiya xəritəsinə çıxarır. Zəngəzur dəhlizindən maneəsiz keçid təmin olunacaq, regional iqtisadi əlaqələr daha da möhkəmlənəcək.

Azərbaycan-ABŞ münasibətlərinə dair cənab Prezidentin səsləndirdiyi fikirlər də diqqətdən kənarda qalmadı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün yeni səhifə açır. Bu, həm region, həm də qlobal miqyasda sabitlik və inkişaf üçün mühüm platformadır.

Nəhayət, çıxışın əsas siyasi mesajı bir daha bəlli oldu: Azərbaycan yalnız öz milli maraqlarını deyil, beynəlxalq hüququn və qlobal ədalətin bərqərar olmasını müdafiə edir. Bu isə ölkəmizin artan nüfuzunun, həm də dövlət başçısının liderlik keyfiyyətlərinin bariz göstəricisidir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2025