Mobil versiya
14 İyul 1969-cu il – tərəqqi yolunun başlanğıcı
Tarix: 14-07-2025 | Saat: 16:11
Bölmə:Siyasət | çapa göndər

14 İyul 1969-cu il – tərəqqi yolunun başlanğıcı

Bu gün biz tariximizin çox önəmli, taleyüklü və qürurverici bir gününü – 14 iyul 1969-cu il tarixini ehtiramla yad edirik. Bu günün hər bir azərbaycanlı üçün mənəvi və siyasi anlamı çox dəyərlidir. Çünki məhz həmin gün – Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə respublikamızın həyatında yeni bir mərhələ, əsl intibah dövrü başlandı. Bu tarix təkcə bir siyasi vəzifəyə təyinatla deyil, bütöv bir xalqın taleyində dönüş yaratmış qərar kimi əlamətdardır.

Əgər biz bu gün müstəqil, güclü və nüfuzlu bir Azərbaycan dövlətindən danışırıqsa, bu nailiyyətlərin əsasında 1969-cu il 14 iyulda başlanan və sonradan “Heydər Əliyev yolu” adlandırılan böyük siyasi missiya dayanır.

O dövrü göz önünə gətirək. 1960-cı illərin sonlarında Azərbaycanın sosial-iqtisadi göstəriciləri geridə qalmışdı, siyasi iradə zəif idi, istehsalatda və idarəetmədə xaos hökm sürürdü. Kənd təsərrüfatı geriləyir, sənaye müəssisələri planları yerinə yetirə bilmirdi, mədəniyyət sahəsində durğunluq müşahidə olunurdu. Bu şəraitdə gənc, təşəbbüskar və yüksək idarəçilik keyfiyyətlərinə malik bir lider – Heydər Əliyev xalqın və dövrün tələbi ilə irəli çəkildi.

1969-cu il 14 iyul — sadəcə bir təyinat tarixi deyil. Bu gün, əslində, Azərbaycanın müstəqil gələcəyinin ideoloji və praktiki təməl daşlarının qoyulduğu bir gündür. Ulu Öndər Heydər Əliyev o illərdə siyasi və iqtisadi baxımdan zəif, sosial-iqtisadi geriləmələrlə qarşı-qarşıya qalan Azərbaycanı inkişaf yoluna çıxarmaq üçün qətiyyətlə hərəkətə keçdi. Əvvəlcə idarəçilik sistemində ciddi islahatlar həyata keçirdi, nizam-intizam yaratdı, savadlı və bacarıqlı kadrları önə çəkdi, xalqla ünsiyyətə və hesabatlılığa əsaslanan yeni bir idarəçilik modeli formalaşdırdı.

Heydər Əliyevin SSRİ tərkibində olan Azərbaycan Respublikasında rəhbərliyə gəlişi ilə respublika yeni bir inkişaf mərhələsinə qədəm qoydu. O, qısa zaman ərzində Azərbaycanın sənaye və kənd təsərrüfatı potensialını artırdı, sosial infrastruktur sahələrini yenilədi, elm, təhsil və mədəniyyət sahələrinin inkişafını prioritet istiqamətə çevirdi. Onun rəhbərliyi dövründə Azərbaycanda onlarla yeni zavod və fabriklər, ali və orta ixtisas təhsil müəssisələri, elmi-tədqiqat institutları yaradıldı. Gənclərin ali məktəblərə göndərilməsi, milli kadr potensialının formalaşması sahəsində ciddi addımlar atıldı.

Xüsusilə qeyd etməliyik ki, məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan gəncləri SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildi, bu da ölkənin gələcək elmi, texniki və inzibati inkişafında mühüm rol oynadı. Eləcə də Bakının və regionların memarlıq siması dəyişdi, yeni yaşayış massivləri, mədəniyyət ocaqları, nəqliyyat infrastrukturu yaradıldı. Bu, özlüyündə həm maddi, həm də mənəvi dirçəlişin təzahürü idi.

Heydər Əliyevin SSRİ rəhbərliyində çalışdığı illərdə — yəni 1982-1987-ci illərdə də Azərbaycan xalqını daim diqqətdə saxlaması, onun milli maraqlarını qoruması əsl vətəndaşlıq nümunəsi idi.

Heydər Əliyev rəhbərliyə gəldikdən sonra ölkənin idarəçiliyində tamamilə yeni yanaşmalar tətbiq olunmağa başladı. Qısa zamanda nizam-intizam yaradıldı, korrupsiyaya və laqeydliyə qarşı mübarizə gücləndirildi, idarəetməyə savadlı və milli ruhlu kadrlar cəlb olundu. O, ilk növbədə insan kapitalına, təhsilə və mədəniyyətə üstünlük verərək ölkənin gələcəyini təmin edəcək əsas dayaqları formalaşdırdı.

Bu dövrdə Azərbaycanın daxili və beynəlxalq nüfuzu da artmağa başladı. Məsələn, o illərdə Azərbaycan SSRİ-nin ən inkişaf etmiş respublikaları sırasına yüksəldi. Ən əsası isə xalqda inam və ümid hissi yarandı.

Müstəqilliyin mənəvi-siyasi təməli 1969-cu ildə qoyuldu. Bu gün aydın şəkildə deyə bilərik ki, müstəqil Azərbaycanın təməlləri məhz 1969-cu il 14 iyulda qoyulmuşdur. Həmin tarixdən başlayan islahatlar, iqtisadi yüksəliş, milli özünüdərkin güclənməsi, xalqın öz liderinə inamı — bunlar 1991-ci ildə əldə etdiyimiz müstəqilliyin əsas bünövrələri idi.

Çünki əgər 1969-cu ildən etibarən milli kimliyimizə, dilimizə, mədəniyyətimizə və tariximizə diqqət göstərilməsəydi, xalqla rəhbərlik arasında güvən formalaşmasaydı, sonradan müstəqilliyi qorumaq da mümkün olmazdı.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində, müstəqilliyin ilk illərində ölkədə xaos, vətəndaş qarşıdurması və idarəolunmazlıq hökm sürürdü. Lakin xalq bir daha öz liderinə – Heydər Əliyevə üz tutdu. 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən sabitlik, inkişaf və güclü dövlətçilik yoluna qədəm qoydu.

Əgər 1969-cu il onun xalq üçün çalışan lider obrazını yaratdısa, 1993-cü il xalqın xilaskarı kimi tarixdə yer aldı.

Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yol daha möhtəşəm və uğurla davam etdirilir. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ölkəmizin suverenliyi tam bərpa olundu. Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə gedir. Azərbaycan artıq regional deyil, qlobal səviyyədə söz sahibi olan bir dövlətdir.

2003-cü ildən sonra – cənab İlham Əliyev Prezident seçiləndə, biz – bu ideologiya ilə böyüyən insanlar, sanki özümüzü davam edən bir sabitliyin içində hiss etdik. O zaman artıq hər birimiz anlayırdıq ki, 14 iyulda başlanan yol heç vaxt dayanmayacaq. Çünki bu yol – şəxsiyyətə, ideyaya, xalqa xidmət yoludur. Və bu yolun ən başında dayanmış şəxsiyyətin adı Heydər Əliyevdir.

Bu gün buradakı hər kəs – gənc və yaşlı, qadın və kişi, müəllim və məmur – bir xalq olaraq Ulu Öndərin bizə miras qoyduğu müstəqillik, birlik və güc ətrafında birləşmişik. Bu gün biz tarixə qayıtdıq, eyni zamanda gələcəyə boylandıq.

Mənim üçün 14 iyul — təkcə bir tarix deyil, bu mənim ömrümə, düşüncəmə, inancıma hopmuş milli yaddaşımın bir parçasıdır.

Sonda bir daha vurğulamaq istəyirəm, 14 iyul 1969-cu il təkcə bir rəhbərin vəzifəyə gəlməsi deyildi. Bu tarix müstəqil dövlətimizin əsasının qoyulduğu, xalqla dövlətin bir amal uğrunda birləşdiyi milli intibah günüdür. Həmin günün nəticələri bu gün hər bir vətəndaşın rifahında, ordumuzun gücündə, gənclərimizin savadında və dövlətimizin nüfuzunda özünü göstərir.

Gəlin bu tarixi unutmadan, onu daim yaşadaraq gələcək nəsillərə ötürək. Gəlin Heydər Əliyev yolunu daim qoruyaq, onu yaşadaq və Azərbaycanın daha da güclənməsi üçün bir olaq!

Qoy 14 iyul – Azərbaycan dövlətçiliyinin dirçəliş və qurtuluş günü kimi əbədi yaddaşımızda yaşasın! Ulu Öndərin ruhu şad olsun! Onun yaratdığı Azərbaycan yaşasın və güclənsin!

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025