Mobil versiya
Qarabağdan dünyaya mesaj: əməkdaşlıq, sülh və inkişaf
Tarix: 07-07-2025 | Saat: 09:09
Bölmə:Siyasət | çapa göndər

Qarabağdan dünyaya mesaj: əməkdaşlıq, sülh və inkişaf

ECO-nun Xankəndi Zirvə görüşü Azərbaycanın diplomatiya tarixində dönüş nöqtəsi kimi qalacaq. Çünki bu görüş Qarabağın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildiyini sübut etdi. Bu tədbir həm də Ermənistanın 30 illik işğal siyasətinin iflasa uğradığını və Azərbaycanın quruculuq, sülh və inkişaf yolu seçdiyini nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, əgər Ermənistan işğal etdiyi torpaqlardan könüllü çıxsaydı, müharibəyə ehtiyac olmazdı. Lakin Ermənistan və havadarları xəbərdarlıqları dinləmədilər və nəticədə 44 günlük Vətən müharibəsində kapitulyasiyaya məcbur oldular. Bu gün isə Azərbaycan öz ərazisində yeni şəhərlər, kəndlər salır, sosial layihələr icra edir, beynəlxalq tədbirlər keçirir. İslam Əməkdaşlıq Təşkilatının da Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların qayıdış hüququna dair qətnamə qəbul etməsi Azərbaycanın haqlı mövqeyinə beynəlxalq dəstəyin nümunəsidir. Cənab Prezident xüsusi vurğuladı: “Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.” Tarixin bəzi günləri var ki, bir xalqın yaddaşına yalnız hadisə kimi deyil, həm də rəmz kimi həkk olunur. 2025-ci ilin iyulunda Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü də məhz belə günlərdən biri idi. Çünki bu görüş təkcə bir beynəlxalq toplantı deyil, Azərbaycanın torpaq, suverenlik və haqq uğrunda apardığı ədalətli mübarizəsinin nəticəsinin təsdiqi idi. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək: "Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var." Bu, dünyaya ünvanlanan bir mesaj idi: 30 il işğal altında qalan torpaqlar artıq Azərbaycanın suverenliyi altında bərpa olunur, inkişaf edir, beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilir. Ermənistanın 30 il ərzində törətdiyi dağıntılar dəhşətlidir: 67 məsciddən 65-i yerlə-yeksan olunub, qəbiristanlıqlar dağıdılıb, abidələr talan edilib. İşğal nəticəsində ölkəyə 150 milyard dollara yaxın ziyan dəyib. Amma Azərbaycan xalqı əyilmədi. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd azad edildi, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu Zirvə görüşü həm də Azərbaycan dövlətinin beynəlxalq hüququn aliliyinə, sülh və əməkdaşlıq prinsipinə sadiqliyinin rəmzi idi. Bundan əvvəl də azad olunmuş ərazilərdə – Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli görüşü, Şuşada ECO Nazirlər Şurasının toplantısı təşkil edilmişdi. Xankəndidə keçirilən Zirvə görüşü isə bunların ən güclü siyasi mesajına çevrildi. Bu, təkcə Azərbaycana deyil, həm də region ölkələrinə, bütün dünyaya sülh, əməkdaşlıq və inkişaf çağırışı idi. Qarabağın yenidən qurulması, minalardan təmizlənməsi, məcburi köçkünlərin qayıdışı Azərbaycanın nə qədər iradəli, uzaqgörən və güclü dövlət olduğunu bir daha sübut etdi. ECO Zirvəsi həm də göstərdi ki, regionun gələcəyi əməkdaşlıqdan keçir: təbii sərvətlər, nəqliyyat dəhlizləri, turizm potensialı və “yaşıl enerji” layihələri yeni dövrün əsas prioritetidir. Azərbaycanın liderliyi, ardıcıl diplomatik fəaliyyəti və beynəlxalq təşəbbüsləri regionda sabitlik, tərəqqi və inklüziv inkişafın möhkəm təməlini yaradır. Xankəndidə keçirilən Zirvə görüşü sadəcə tədbir deyildi. Bu ruhun ucaldığı, həqiqətin danışdığı, tarixin nəfəs aldığı an idi.
Ermənistanın 30 illik işğalı, milyonların çəkdiyi əzab, dağılan şəhərlər və nəhayət, xalqın birliyi, liderin iradəsi ilə doğan qələbə idi.


Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025