Mobil versiya
Laçına köçməyən səs... - Fuad Biləsuvarlı yazır
Tarix: 02-07-2025 | Saat: 10:52
Bölmə:Özəl | çapa göndər



Laçına köçməyən səs... - Fuad Biləsuvarlı yazır

"Laçınım, Laçınım” deyib yurd həsrətini sinəsində daşıyan, el-oba nisgiyilə dünyadan köçən Məhəbbət Kazımov bir an belə yaddaşımızdan silinməyib. Elə səslər var ki, təkcə tarix yazmır — onlar unudulmaz olur, yaddaşlara əbədi həkk olunur. Məhəbbət Kazımov da məhz belə ecazkar bir səsin sahibi idi.
Onun səsi o qədər təsirliydi ki, az qala ürəyimiz sinəmizdən qopub düşəcəkdi. İfasına qulaq asanda düşünürəm: əgər biz bu səsin sehrindən çıxa bilmirdiksə, o özü bu oxunuşun içindən necə çıxırdı? Bu, asan məsələ deyildi. Elə deyilmi?

Qəmli anlarımızda, dar günlərimizdə onun səsində qəribə bir təsəlli tapırıq. Məhəbbət Kazımovun ifaları bizim ruhumuzu sakitləşdirən bir pənah olur.

Məhəbbət Kazımov təkcə bir xanəndə deyildi — o, Qarabağın tarixi, yaddaşı, səsi, özü idi. Bəlkə də elə buna görə, Laçın yada düşəndə, Laçınla bərabər Qarabağ da göz önünə gəlirdi.

Qarabağ haqqında oxunan hər bir segahda, “Laçınım”da onun səsində bütün Azərbaycanın ürək ağrısı səslənirdi. O, istəyini qışqırmırdı — oxuyurdu. Onun yanğılı səsində, kədərli zəngulələrində yalnız bir insanın yox, bir yurdun dağılmış ocağının acısı vardı; Qarabağın qübarı vardı.

Məhəbbət Kazımovun ifaları qarşısında səssiz qalmaq mümkün deyildi — gah ağlayır, gah da içdən sarsılırıq. Onun səsində dərdlər də danışırdı, həsrət də. Onu dinləyənlər bir çox şeyi onun səsi vasitəsilə öz səslərinə hopdurdular.

Onun nəğmələri danışırdı — bəli, bu, dillənən bir dil idi. İndi o yanğılı səs gənc xanəndələrin ifasında yaşayır. Çünki Məhəbbət Kazımovu unutmurlar. El məclislərində, verilişlərdə daim onun ölməz nəğmələri səsləndirilir. Sözsüz ki, heç biri Məhəbbət Kazımov olmayacaq — amma onun qoyduğu izlə, ruhla oxumağa çalışırlar.

Uşaqlığımın səsi Məhəbbət Kazımovun səsi idi… Yay səhərlərində kəndimizin bağlarında nənəmlə üzüm yığardıq. Günəş təzə-təzə sinəmizə düşərdi, torpaq ilıq, yarpaqlar çiynimizə kölgə salardı. Üzümləri bazara aparardıq, mən isə üzümün pulunu başqa bir xəzinəyə — səsin yaddaşına xərcləyərdim.

O vaxt kaset almaq mənim üçün sadəcə alış-veriş deyildi — bir sevda, bir sədaqət idi. Böyük sənətkarlarımızın kasetlərini toplamaq mənim uşaq könlümün böyük arzusu olmuşdu. Və o kasetlərin içində Məhəbbət Kazımovun səsi ən uca yerdə dayanırdı.

Kasetdən “Təkcə mənim olaydın” səslənəndə elə bil dünyada tək idim… “Bəhbəh”, “İlk məhəbbətim”, “Belə qəmli dayanma”, “İndi məndən küs görüm”, “Qalmışam yer ilə göy arasında”… Bu nəğmələr mənim üçün yalnız musiqi deyildi, duyğularımı danışan bir dil, uşaqlığımın səsli gündəliyi idi.

Xəyalən də olsa, keçmişə boylananda öz-özümə düşünürəm: o köhnə kasetlər mənim üçün sadəcə lent parçaları deyildi — onlar bir məktəb idi. Məhəbbət Kazımov kimi sənətkarların timsalında mənə əsl sənəti sevdirən, əsl ifaya qulaq asmağı öyrədən səsli müəllimlərim oldular.

Bu gün musiqi zövqüm bambaşqadır — muğamlarımızı, əsl estrada nəğmələrimizi, cazın dərinliyini fərqli duyuram. Çünki mən melodiyalara yox, ifadəyə, yaşantıya, məna qatına qulaq asmağa öyrəşdim.

Məhəbbət Kazımova qulaq asanda təkcə musiqi dinləmirik — biz onun ifalarında ibrətamiz nəsihətlər, mədəniyyət, ədəb-ərkan dinləyirik. O, səsi ilə gələcək nəsilləri tərbiyələndirirdi — sanki səsindən əxlaq səslənirdi. Mən də o ifaları dinləyə-dinləyə, sanki onunla birgə oxuyurdum. Hər gün, hər dəfə. Tale elə gətirdi ki, müğənni olmasam da, meloman, bəstəkar, nəğməkar şair oldum. Və neçə-neçə möhtəşəm mahnılar yaratdım.

Zaman bir göz qırpımında ötüb keçdi. Kasetlər köhnəldi, bəziləri xarab oldu, bəziləri itdi. Amma onlar yaddaşımda iz qoydu — həm də pozulmaz bir iz. Məhəbbət Kazımovun ifaları bu gün də qəlbimi bəzəyir, qəlbimdə yaşayır.

İndi radiolarda, youtube kanallarında, toy şənliklərində onun “Belə qəmli dayanma”sını eşidəndə, ruhumla geri qayıdıram — Biləsuvarın Bağbanlar kəndinə, o üzümlü yay səhərlərinə, nənəmin o məlhəm əllərinə… və əlbəttə, Məhəbbət Kazımovun nəğmələrinə.

Hərdən düşünürəm ki, uşaqlıq illərində üzüm pulumu kasetlərə xərcləməsəydim, bəlkə də bu gün musiqidən tamam uzaq, ruhu səssiz biriydim. Amma tale yolumu başqa cür yazdı — Məhəbbət Kazımovun səsi mənim səsimə çevrildi, mənə yol göstərdi, gələcəyimin istiqamətini çizdi.

Onun ecazkar ifasından anlayırdım: bu adam təpədən-dırnağacan musiqi ilə nəfəs alırdı. Elə bil damarından qan yox, musiqi axırdı. Səsində təkcə notlar yox, həyatın öz dili, dərdlərin səsi, hisslərin ədası vardı. “İndi məndən küs görüm” bir sevgidə nə qədər sükut varsa onu dilləndirirdi. “Qalmışam yer ilə göy arasında” isə sanki yaşamla tale arasında qalmış bir ruhun fəryadıydı — onu anlamaq üçün gərək ürək eşidəydi, qulaq yox.

Bu cür nəğmələr mənim də içimdə iz buraxdı. Hisslərim musiqiyə çevrildi, xəyallarım notlara köçdü. O kasetlər mənim ilk müəllimlərim, ilham dəftərlərim oldu. Onları dinlədikcə yazmaq ehtiyacı duydum. Və başladım — nəğmələr yazmağa, səssizliyimi sözlə danışdırmağa…

Musiqiyə sadəcə qulaq asmadım. Mən onu dinləmədim — onu duydum. Hər bir notda, hər bir fasilədə nəsə mənim içimdən keçdi. Bu da mənim sənət yolumun başlanğıcı oldu.

P.S. Zaman su kimi axır... illər quş qanadında ötüb keçir. Amma axarın içində bir şey qalır bizə — səs. Elə bir səs ki, dağ oynadır, yer sirkələyir, göyü ağladır. Məhəbbət Kazımovun səsi kimi...

İndi aramızda olmasa da, Məhəbbət Kazımov hələ də bizimlədir. Ruhu buradadır. Onun nəğmələrini gənclər gözəl səsləndirir, adını hörmətlə anırlar. Amma çatışmayan bir şey var — özü yoxdur... O canlı baxış, dağ qəd qaməti, könüllərin sarı simini sızladan zənguləsi — bu dünya artıq o nəfəsi duymur.

Radionun bir dalğasında “Təkcə mənim olaydın” səslənəndə elə bilirəm ki, hardasa yenə oxuyur... Amma sonra anlayıram: yox, bu artıq xatirə səslənməsidir. Səssizliyin içində bir nida kimi…

Bir haşiyəyə çıxım… Axırıncı günlərində telefonla zəng etdim ona. “Ay bala, kimdi? Ay bala kimdi?.. Danışa bilmirəm...” – dedi. O cümlələr bir son idi. Onunla ilk və son danışığım oldu. O səsin bir az titrəmiş kölgəsi qaldı içimdə.

Məni ən çox yandıran nədir, bilirsən? O, Qarabağını — göz bəbəyi kimi sevdiyi Laçınını görə bilmədi. Həkəri çayının suyunu üzünə vura bilmədi...

Hər bir sənətkar gedir. Amma səslər qalır. Məhəbbət Kazımov da haqq dünyaya köçdü... Lakin onun nəğmələri bizə yadigar, əmanət qaldı. Bu gün də onun səsi yaşayır — bir nənə- babanın xeyir- duasında, bir atanın nəsihətində, bir ananın alqışında, bir uşağın ilk dəfə eşitdiyi muğamda... və bir yaralı qəlbin səssiz ağlayışında.

Deyirlər, bəzən səs öləndə susar. Amma məncə... onun səsi ölmədi — sadəcə sükuta qarışdı.



Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2025