Mobil versiya
Bir millət iki dövlətin möhürü
Tarix: 12-06-2025 | Saat: 10:29
Bölmə:Siyasət | çapa göndər

Bir millət iki dövlətin möhürü

Dörd il bundan əvvəl-15 iyun 2021-ci ildə Şuşada Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mötəbər hadisə baş tutdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk dəfə Qarabağda qarşıladığı Türkiyə Prezidenti Ərdoğanla möhtəşəm Şuşa Bəyannaməsini imzaladı. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada imzalanan belə bir tarixi bəyannamə 01 fevral 2022-ci il tarixində Azərbaycan Milli Məclisi, ardınca Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olundu.
100 il öncə beynəlxalq güclərin bölgədə mövqe toqquşmasının intensivləşdiyi bir vaxtda bağlanmış Qars müqaviləsi ilə Türkiyə Naxçıvanın təhlükəsizliyinə qarant dövlətə çevrildi. Bu gün bölgədə yenə də eyni siyasi atmosfer mövcud olsa da, bugünkü günün şərtlərini həmin dövrdən fərqləndirən başlıca xüsusiyyət Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bölgədə söz sahibi olan dövlətə çevrilməsiylə bağlıdır.

O gün Ulu Öndər Heydər Əliyevin fəxrlə, qürurla və uzaqgörənliklə söylədiyi “bir millət, iki dövlət- Azərbaycan, Türkiyə” şüarı tarixə öz möhürünü vurdu. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 İyun – Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni – qızıl dövrü başladı.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən mesaj olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Bəyannamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini - siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Bu, Türkiyə ilə birbaşa hərbi müttəfiqlik deməkdir. Bununla Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyulmuş oldu, Ermənistan tərəfindən sərgilənən revanşist mövqe artıq əhəmiyyətini tamamilə itirdi. Çünki, bölgədə yaranan yeni geosiyasi reallıq bütün bunları mümkünsüz edir.
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmaqla bərabər, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır.

Bu sənədin tarixi-strateji əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə "Zəngəzur dəhlizi" ifadəsi işlədilir. Dövlət başçısı İlham Əliyev də mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. "Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır" - deməklə, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı məsələyə tam aydınlıq gətirdi.

Şuşa Bəyannaməsi həm də regionun iqtisadi inkişafına xidmət edir. Bəyannamənin yaratdığı reallıqlar nəticəsində Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndilmiş şəkildə davam etdirilir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu qlobal layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda, ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

İki böyük Türk liderinin imzaladıqları bu tarixi sənədin unikallığı ondan ibarətdir ki, bu Bəyannamə təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının maraqlarını ifadə etməklə bərabər, qardaşlıq, dostluq, müttəfiqlik yolunda apardıqları mücadilənin uğurlu davamı kimi tarixləşmişdir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025