Mobil versiya
15 İYUN — XİLASIN VƏ YENİDƏN DOĞULUŞUN TARİXİ
Tarix: 11-06-2025 | Saat: 15:00
Bölmə:Siyasət | çapa göndər

15 İYUN — XİLASIN VƏ YENİDƏN DOĞULUŞUN TARİXİ

Tarixdə elə anlar olur ki, həmin anlarda verilən qərarlar, atılan addımlar bütöv bir xalqın gələcəyini müəyyən edir. Azərbaycan xalqı üçün belə məqamlardan biri 1993-cü ilin 15 iyunu — Milli Qurtuluş Günü olmuşdur. Bu, yalnız təqvimdə bir gün deyil, xalqın öz iradəsini ortaya qoyaraq dövlətçiliyini, sabitliyini və gələcəyini xilas etdiyi gündür. Bu günün memarı, Azərbaycan xalqını parçalanmaqdan və məhvolmadan xilas edən şəxs isə Ümummilli Lider Heydər Əliyev oldu.

Azərbaycan 1991-ci ildə müstəqilliyini rəsmi olaraq bərpa etsə də, ölkənin taleyinə yazılan ilk illər dərin siyasi və sosial böhranla müşayiət olundu. Yeni formalaşan hakimiyyət strukturları təcrübəsiz və qeyri-sabit idi. Dövlət institutları zəif idi, vətəndaşların rifahı gündən-günə pisləşirdi. Ermənilərlə Qarabağda aparılan müharibədə Azərbaycan ard-arda torpaq itkilərinə məruz qalırdı. Digər tərəfdən, daxildə siyasi qruplaşmalar arasında düşmənçilik artır, dövlət çevrilişi təhlükəsi gündəmdən düşmürdü.
1993-cü ilin iyununda Gəncədə baş verən hərbi qiyam ölkəni vətəndaş müharibəsi astanasına gətirdi. Hakimiyyətin bu böhran qarşısında acizliyi xalqı vahid bir lider ətrafında birləşməyə çağırdı. Bu lider isə yalnız dahi və müdrik bir şəxsiyyət ola bilərdi — Heydər Əliyev!

Naxçıvanda Ali Məclisin sədri vəzifəsində çalışan, xalqın dərin hörmətini qazanmış Heydər Əliyev artıq siyasi uzaqgörənliyi və dövlətçilik təcrübəsi ilə xalqın yeganə ümidi idi. Gəncə qiyamı zamanı hakimiyyət çarəsizlik içində Naxçıvana müraciət edərək Heydər Əliyevi Bakıya dəvət etdi.

9 iyun 1993-cü ildə Ulu Öndər Bakıya gəldi. Onun gəlişi ilə xalq arasında ruh yüksəkliyi yarandı. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi.

Heydər Əliyev hakimiyyətə gələr-gəlməz ilk olaraq daxili sabitliyi təmin etdi. Onun qətiyyəti və siyasi iradəsi sayəsində Gəncə hadisələrinin fəsadları aradan qaldırıldı, orduya nəzarət bərpa olundu. Daha sonra milli birlik, hüquqi dövlət quruculuğu və iqtisadi dirçəliş istiqamətində islahatlar başladı.
Ən mühüm addımlardan biri isə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanın neft ehtiyyatlarının dünya bazarına çıxışını təmin etməklə yanaşı, ölkənin beynəlxalq nüfuzunu da artırdı. Azərbaycan ilk dəfə olaraq öz iqtisadi müstəqilliyini möhkəmləndirdi.

1993-cü ildə Azərbaycanın silahlı qüvvələri nizamsız, pərakəndə və komandanlıq baxımından qeyri-effektiv vəziyyətdə idi. Heydər Əliyev qısa zamanda bu sahədə də mühüm dəyişikliklər etdi. Orduya vahid komandanlıq gətirildi, hərbi intizam bərpa olundu, peşəkar zabit kadrların hazırlanmasına başlanıldı.
Eyni zamanda dövlətin təhlükəsizlik orqanları təmizləndi, xalqın etimadını qazanan kadrlar vəzifələrə gətirildi. Bu proseslər ölkədə möhkəm daxili sabitliyin əsasını qoydu.

Heydər Əliyev Azərbaycançılıq ideologiyasını formalaşdıraraq, cəmiyyətin bütün təbəqələrini vahidamal ətrafında birləşdirməyə nail oldu. Onun rəhbərliyiilə milli-mənəvi dəyərlər ön plana çəkildi, tarixə və dövlətçilik ənənələrinə bağlılıq gücləndirildi.
Eyni zamanda Ulu Öndər təhsilə, elmə, gəncliyə və mədəniyyətə xüsusi önəm verdi. O, gənc nəslinsağlam düşüncəli, milli ruhda böyüməsini stratejiməqsəd kimi qarşıya qoydu.
1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisi 15 iyun tarixini rəsmi olaraq Milli Qurtuluş Günü elan etdi. Bu gün təkcə Heydər Əliyevin hakimiyyətə gəlişi deyil, eyni zamanda xalqın dövlətinə, gələcəyinə sahib çıxması günüdür.

Bu gün Azərbaycan tarixində yenidən doğuluş, xilaskar dönüş, ümidlərin bərpası günüdür.
Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın siyasi sabitliyi, iqtisadi inkişafı, beynəlxalq nüfuzu və hərbi gücü bu kursun davamlılığının bariz sübutudur.
2020-ci ildə Qarabağın azadlığı uğrunda aparılan Vətən Müharibəsində qazanılan Zəfər də məhz Milli Qurtuluşun təməlinin nə qədər möhkəm və uzaqgörən olduğunu bir daha göstərdi. Əgər 1993-cü ildə qurtuluş olmasaydı, 2020-ci ilin zəfəri mümkün olmazdı.

Milli Qurtuluş Günü sadəcə keçmişin xatirəsi deyil, gələcəyin açarıdır. Bu gün bizi həm keçmişə bağlayır, həm də gələcəyə aparır. Heydər Əliyevin müdrikliyi, qətiyyəti və vətənpərvərliyi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq.
O demişdi:

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət olub.”
Bu xidmətin nəticəsində bu gün biz azad, müstəqil, qüdrətli bir Azərbaycan dövlətində yaşayırıq. Suverenliyimiz tam bərpa olunub. İşğaldan azad olmuş torpaqlara böyük qayıdış başlayıb. Böyük və uğurlu siyasəin nəticəsi budur.

Yengibar Əliyev
ARETN-nin akademik Y.H.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri
Sozcu.info




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2025