Mobil versiya
Əbədi sənət yolu... - Fuad Biləsuvarlı yazır
Tarix: 12-06-2025 | Saat: 17:56
Bölmə:Özəl | çapa göndər

Əbədi sənət yolu... - Fuad Biləsuvarlı yazır

Amaliya Pənahova - 80

Haçansa belə bir məlumat oxumuşdum: böyük türk aktrisası Türkan Şoray qısa bir müddətdə 80-dən çox filmdə rol alıb. Özü də demək olar ki, hər birində baş qəhrəman kimi. Düzü, bu rəqəm ilk baxışdan inanılmaz gəlmişdi mənə. Axı, bu qədər fərqli obrazı yaşatmaq, hər birini ürəklərə hopdura bilmək təkcə istedad deyil, həm də bitib-tükənməyən fədakarlıq, ruhi güc və professional məsuliyyət tələb edirdi.

Bu qədər rolu canlandırmaq — təkcə kamera qarşısına keçmək deyil, yüzlərlə insanın, bəzən bir millətin yaddaşında silinməz iz buraxmaq deməkdir. Və heç şübhəsiz, Türkan xanım bu ağır missiyanı tək başına çiyinləyən sənətkar qadın obrazının zirvəsində durur. Onun filmlərinə baxarkən bəzən bir qəhrəmanın iztirabını, bəzən bir qadının müqavimətini, bəzən də insan ruhunun ən dərin qatlarındakı təlatümləri hiss etdim. Aktyorluq burada sadəcə peşə deyil, elə bir sənətdir ki, hər bir obraz onun canından, ruhundan doğulur.

Bəli, səhnə üçün doğulanların içindəki sənət atəşi sönməz olur. Onlar üçün kamera arxasında tər tökmək, səhnədə göz yaşlarıyla monoloq söyləmək, özünü unudub bir başqasını yaşamaq — artıq peşə yox, həyat fəlsəfəsidir. Onlar bir ömür boyu müxtəlif taleləri, hissləri və həyatları özü kimi sevərək daşıyırlar. Və bu ağır yükü sevgi ilə daşıyanların yolunun adı məhz budur: əbədi sənət yolu.[/b]
[b][/b]


Mən böyük türk aktrisası Türkan Şorayı elə-belə xatırlamadım. Bu ad beynimdə təsadüfən parlamadı. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası kimi öz ömrünü sənətə ərmağan etmiş, fədakarlıq və istedad timsalı olan Amaliya Pənahovanın ömür və sənət yoluna baxarkən beynimdə həmin tanış assosiasiya doğdu. İki böyük sənətkar – biri Türkiyədə, digəri Azərbaycanda – amma hər ikisi öz millətinin sənət yaddaşına əbədi həkk olunmuş ruh daşıyıcıları.

Amaliya xanım da, Türkan Şoray kimi, zamanla yarışaraq az qala yarım əsrə yaxın sənət ömründə beş yüzdən çox obraz yaratmış, teatr və kino sahəsində silinməz izlər buraxmışdı. Bu rəqəm təkcə statistik göstərici deyil – bu, hər bir obrazda yaşanan yeni həyatın, yeni hisslərin, yeni insan hekayələrinin miqyasıdır. Və bu obrazlar sadəcə səhnədə doğulmayıb – onlar insanların qəlbində doğulub, orada yaşamış və orada da ölməzliyə qovuşmuşdur.

Nəzərə alsaq ki, Amaliya xanımın bu rolları ilə çıxış etdiyi tamaşalar bu gün də televiziyanın qızıl fondunda qorunur, zaman-zaman nümayiş olunur, çəkildiyi filmlər isə hər baxışda yeni nəfəslə yaşayır, bu sənətin və sənətkarın gücü bir daha aydın olur. Onun səsində, baxışında, jestlərində tamaşaçı bir ana, bir aşiq, bir qürurlu qadın, bir kövrək qız, bir xalqın tarixi – hər şeyi görə bilirdi. Çünki o, oynadığı obrazlara yalnız can yox, ruh verirdi.

Amaliya xanımın sənət yolu Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində başlamışdı. Gəncədən gəlmiş o saf, istedadlı yeniyetmənin gözlərindəki işıq müəllimlərinin diqqətindən yayınmamışdı. Onlar onun simasında yaxın gələcəyin böyük sənətçisini görürdülər. Bəlkə də o vaxt bunu demək hələ erkən görünürdü, amma zaman onların haqlı olduğunu göstərdi. Onun sənətə duyduğu dərindən gələn sevgi, peşəyə olan ölçüyəgəlməz məhəbbət tələbəlik illərindən səhnəyə uzanan yolu işıqlandırmışdı.

Və həmin ümidlər – müəllimlərin, sənət dostlarının, ilk tamaşaçılarının qəlbində bəslədiyi o gizli ümidlər – qısa zamanda öz təcəssümünü tapdı. Amaliya Pənahova bir aktyor kimi səhnədə yox, insanların duyğularında, hafizəsində özünə yer qazandı. Onun sənəti təkcə professional bacarıq deyildi – bu, eyni zamanda bir çağırış idi: qadının, sənətkarın, insanın varlıq səbəbinə dair poetik bir manifest...


Amaliya Pənahova — səhnənin nurlu siması, Azərbaycan teatr və kino sənətinin unudulmaz rəmzi kimi xalqımızın kollektiv yaddaşına həkk olunub. Onun ifasında canlanan Tomrisin qüruru, Natəvanın kübar kədəri, Medyanın güclü ağrısı, Burla Xatunun döyüşkən iradəsi, Məhsətinin hikməti və Ofeliyanın qırılqan tənhalığı — bunlar sadəcə rollar deyildi, bunlar həm də bir xalqın ruh halının səhnəyə çevrilmiş rəsmləri idi.

Əsl sənətkarın özünəməxsus taleyi olur — o, yalnız başqasının həyatını oynamaqla kifayətlənmir, həm də onu yaşamağa cəhd edir. Amaliya xanım bu amalın daşıyıcısı idi. O, səhnəyə çıxarkən hər dəfə bir ömür geyinərdi — bu obrazların içində özünü unudardı, ta ki, tamaşaçı onu Nargilə kimi sevsin, Tomris kimi hiss etsin.

İlyas Əfəndiyevin “Sənsiz” pyesində canlandırdığı ilk böyük səhnə rolu – Nargilə, sadəcə debüt deyildi; bu, bir yolun başlanğıcında parlayan işıq idi. Elə bir işıq ki, illərlə sənət yolu boyu zərrə-zərrə gurlaşdı. Əli Zeynalov kimi sənət nəhəngi ilə tərəf-müqabili olmaq isə o gənc aktrisanın istedadına inamın təcəssümü idi. Və bu inam boşuna deyildi – çünki Amaliya xanım Nargiləyə bir insanın daxili ziddiyyətlərini, sevgi ilə əzabın bir-birinə qarışdığı o incə psixoloji qatları elə bir ustalıqla hopdurmuşdu ki, tamaşaçı yalnız oyun yox, sanki həyatla üz-üzə dayanırdı.

İllər keçdi. Amaliya xanım bir-birindən fərqli, ruh qatında dərinliklə yoğrulmuş qadın obrazlarına can verdi. Əfəndiyevin digər əsərlərindəki qəhrəmanları onun ifasında ruh tapdı: onların ağrıları da həqiqi idi, gülüşləri də, susmaları da. Hər bir rolda bir az da artıq dərəcədə özünü verirdi; bəlkə də bu səbəbdən tamaşaçılar onu sadəcə aktrisa kimi yox, yaxın bir insan kimi sevdi — sanki ekranın o tayında yox, ruhlarının bir guşəsində oturub dərdlərini anlayan bir həmdəm kimi.

Səhnədə, kameranın qarşısında, ekranın içində yox — qəlblərdə yer edən sənətkar olmaq hər kəsə nəsib olmur. Amaliya Pənahova isə bu ali mərtəbəyə yüksələnlərdən idi. Onun sənət yolu bir ömür deyil, bir ömürlük sevgi hekayəsidir.

Və əbədi şöhrət belə gəldi...


Bəzən bir ömrə neçə ömür sığar? Bəzən bir insanın addımı neçə nəsli ilhamlandırar? Amaliya Pənahovanın ömür yolu bu suallara cavabdır – təkcə bir aktrisanın deyil, bir dövrün, bir idealın təcəssümüdür.

Cəmi 23 yaşında, 1968-ci ildə Respublikada böyük nüfuza malik olan Lenin mükafatına layiq görülməsi əslində onun sənətə necə bir ildırım kimi daxil olduğunu göstərirdi. Bu mükafatlar təntənəli təqdimatlardan daha o dövr üçün yaradıcılıq zirvəsinə damğa vuran, sənətkarın millət qarşısında tanınması anlamına gəlirdi. Və yalnız 4 ildən sonra, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı ilə mükafatlandırılması bu yüksəlişin təsadüf olmadığını sübut etdi.

Ən təəccüblüsü isə odur ki, Amaliya xanım bu ali mükafatlara layiq görüləndə hələ rəsmi olaraq Əməkdar artist deyildi. Onun sənəti adlardan və titullardan daha əvvəl özü üçün sözünü demişdi. Əməkdar artist fəxri adını 1974-cü ildə, Xalq artisti adını isə 1985-ci ildə aldı. Ancaq xalq onu bu adlardan illər öncə tanımış, sevmiş və yaddaşına yazmışdı.

O, öyrənməkdən doymayan, öyrətməkdən yorulmayan nadir sənət fədailərindən idi. Sənətşünaslıq üzrə elmlər doktoru, professor kimi 2013-cü ildə Mədəniyyət və İncəsənət Universitetində gənc tələbələrinə dərs deyirdi. Onun auditoriyada dediyi hər fikir, bir səhnə təcrübəsi kimi canlı, hissiyatlı və dərindi. Çünki öyrətdiyi sənət, yalnız texnika yox, həm də ruh idi.

Teatrı “asılqandan başlayan yer” adlandırırlar. Amma Amaliya xanım üçün teatr həyatın ilk və son nəfəsi idi. O, səhnəyə pərdə qalxmamış daxil olurdu, səhnədən düşəndə də tamaşa sona çatmırdı – çünki tamaşaçının qəlbində yeni bir dünya açılırdı.

Ona bəxş olunan mükafatlar – 1995-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” ordenləri, Prezidentin fərdi təqaüdü – sadəcə təşəkkür deyildi. Bunlar bir millətin sənətkarına səssiz təşəkkürü idi. Onun kino rolları – saysız-hesabsız filmlərdə yaratdığı bənzərsiz obrazlar bu gün də zamanın tozunu qoparıb ekranlara can verir. Onun səsi, baxışı, roldakı intonasiyası yenə də tamaşaçını əhatə edir.

Və 1992-ci ildə qurduğu Bakı Bələdiyyə Teatrı isə onun sənətkar olaraq ömrünə yeni nəfəs verdi. Bu teatr, onun əsil fədakarlıqla formalaşdırdığı məktəb idi. Burada təqdim olunan hər tamaşa Amaliya xanımın nəfəsini daşıyır, onun estetik ölçüsünü yaşayırdı.

O, sadəcə sənətkar deyildi, həm də cəmiyyətin səhnəsində görünən aktyor idi – 2000–2005-ci illərdə Milli Məclisin deputatı kimi ictimai mövqeyini göstərdi. Hər kürsüdə – istər teatrda, istər parlamentdə – o, xalqı təmsil edirdi.

Ailə səadətini də yenə sənətin qoynunda tapdı: sevimli sənət yoldaşı, aktyor Yusif Muxtarovla birlikdə iki sənətkarın birgə səhnə ritmini yaşadılar. Onların birgə ömür hekayəsi özü də bir tamaşa, bir tale dastanı idi.



Yeddi ildir ki, bu torpaq onun səsini eşitmir. Amma yaratdığı obrazlar, səhnə məktəbi və insanlara verdiyi mənəvi zənginlik onu susmağa qoymur. Hər dəfə pərdələr açılanda, bir rolu səhnədə yenidən canlandıqda — Amaliya Pənahova oradadır. Ruhuyla, nəfəsiylə, iziylə...

P.S. Çünki sənət üçün doğulanlar heç vaxt ölməz. Onlar bu dünyanı tərk etsə də, sənət aləmində əbədi qalırlar. Və xalq öz sevimlilərini unutmur.

Sevimli aktrisamız Amaliya Pənahova kimi...


Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025