Mobil versiya
Prezident İlham Əliyev: “Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir”.
Tarix: 15-05-2025 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: “Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir”.

Dövlət başçısı İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən bir daha bildirdi ki, sürətli bərpa işləri tezliklə bütün keçmiş köçkünlərin öz torpaqlarına qayıdacaqlarını göstərir
Dövlət başçısı İlham Əliyev mayın 10-da qayıdışın növbəti ünvanı olan Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi. «Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir» söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, uzun illər ağır şəraitdə, ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.
Dövlət başçısı İlham Əliyev mayın 10-da Ağdam rayonuna səfəri zamanı Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin, kənd tam orta məktəbinin binasının, körpələr evi-uşaq bağçasının açılışında, kənddə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, kənddə yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış oldu. Bu tədbirlərdən sonra Ağdam Muğam Mərkəzinin açılışı oldu. Ağdamda Muğam Mərkəzinin ilk layihələrdən biri kimi inşa edilməsini mənəvi köklərə bağlılığımız kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, bizi millət, xalq kimi saxlayan musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə bu torpaqlara qayıdırlar. Bu, xalqımızın torpağa bağlılığının, yenilməzliyinin, məğrurluğunun bir daha nümayişidir.
Tarixi Zəfərimizdən dərhal sonra başlanan və hazırda geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, soydaşlarımızın qayıdış ünvanlarının sayının günbəgün artması ölkəmizin iqtisadi imkanlarının təqdimatı olmaqla yanaşı, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun nümayişidir. Cənab İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında qələbəmizin mütləq və tam olduğunu əsaslı şəkildə diqqətə çatdırdı.
Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutması dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında lazımi dərsi vermişdi. Amma düşmən bu dərsdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində törətdiyi hərbi təxribatla müharibənin baş verməsinə gətirib çıxardı. Azərbaycan Ordusunun 44 gündə imza atdığı tarixi Zəfər ölkəmizin nəyə qadir olduğunu bir daha nümayiş etdirdi.
Dövlət başçısı İlham Əliyev ötən ilin martında Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı, 20 sentyabr - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi, universitetin müəllim və tələbə heyəti ilə görüşdü. Ötən il, eyni zamanda, Xocalı şəhərinin sakinlərinə qovuşması ilə yadda qaldı. Suverenliyimizin bərpasından ötən qısa zamanda görülən işlərin miqyası qayıdış prosesinin sürətində özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin bu torpaqlara qaydıan sakinlərlə görüşü hər birimizdə böyük qürur hissi yaradır.
Bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycanda hakimiyyətə gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2025