Mobil versiya
"Azərbaycan artıq qlobal siyasətin formalaşmasında iştirak edir" - Əminə Ağazadə
Tarix: 11-01-2025 | Saat: 15:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Azərbaycan artıq qlobal siyasətin formalaşmasında iştirak edir"

Müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Yeni dünya nizamının qurulduğu mərhələdə Azərbaycan dövləti bütün dünyaya dərin köklər üzərində dayandığını yürütdüyü daxili, xarici, milli və dini siyasəti, tutduğu qətiyyətli mövqeyi ilə göstərməkdədir. Azərbaycanın dünyanın narahat bölgəsində bir təhlükəsizlik adası kimi qalması, iri regional layihələrin əsas təşəbbüskarı və aparıcı ölkəsi olması, beynəlxalq terrorizmlə mübarizədə BMT çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış etməsi və müstəqil xarici siyasət yürütməsi bu günün reallıqlarıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Deputatın sözlərinə görə, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur.

Ə.Ağazadə bildirib ki, Azərbaycan regional və qlobal proseslərdə ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geri çəkilməyən azsaylı dövlətlərdən biridir. Ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin milli maraqlara söykənməsi, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialının, coğrafi mövqeyinin mühüm geostrateji amilə çevrilməsi, təşəbbüslərinin rəğbətlə qarşılanması isə onun etimadlı, məsuliyyətli dövlət imicidir. Prezident İlham Əliyevin “Sözümüz imzamız qədər keçərlidir” deyimi Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə edir. Bütün bunlar belə deməyə əsas verir ki, ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edən Azərbaycan həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir.

Azərbaycanın xarici siyasəti də çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini özündə birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorludur.

“Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Həmin hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir. Bütün bunlar ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir. Hazırda yeni dünya nizamı və Azərbaycanın müasir geostrateji situasiyada mövqeyi, respublikamızın etibarlı əməkdaşa çevrilməsi, Azərbaycanın regionda və ümumilikdə dünya siyasətində tutduğu yerin təhlili olduqca zəruridir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan regional lider olaraq xarakterizə olunur və dünya birliyinin etibarlı, sadiq tərəfdaşı imicini qazanıb. Bu isə öz növbəsində Azərbaycanın xarici siyasət prioritetlərində, strateji konsepsiyasında öz əksini tapıb. Azərbaycan artıq yeni dünya nizamının formalaşmasında iştirak etməkdədir”, - deyə deputat fikirlərinə yekun vurub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025