Mobil versiya
Azər Badamov: "Soyqırımları törətmiş erməni cəlladların cəzalandırılması sülh və ədalətin təmini üçün vacibdir"
Tarix: 11-01-2025 | Saat: 15:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Badamov: "Soyqırımları törətmiş erməni cəlladların cəzalandırılması sülh və ədalətin təmini üçün vacibdir"

Ermənilər Qarabağı işğal etməklə həm də dinc insanlara qarşı tarixdə görünməmiş hərbi cinayətlərə yol verib, böyük faciələr törədib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, Xocalı, Meşəli, Başlıbel, Qaradağlı və digər yaşayış məntəqələrdə yaşayan azərbaycanlılara qarşı soyqırımları törədilib, onlar öz doğma yurdlarından qışın soyuğunda ayaqyalın qaçmağa məcbur edilib: “O cümlədən azərbaycanlıların uzun illər ərzində qurub yaratdıqları mülklər dağıdılaraq talanıb. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu gün də məlum deyil. Erməni cəlladları soyqırımları törədərək qətlə yetirdiklərinin meyitlərini vəhşicəsinə təhqir edərək kütləvi şəkildə basdırıblar. Torpaqlarımız işğal altında olduğu illərdə demək olar ki, yaşayış məntəqələrimizdə daşı-daş üstündə saxlanılmayıb, məscidlər və qəbiristanlıqlar hədəf olub”.

Azər Badamov qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı da erməni cəlladları eyni cinayətləri təkrarlayıb: “Müharibə zonasından uzaqda yerləşən şəhər və kəndlərimiz raketlərlə atəşə tutulub, dinc insanlar qətlə yetirilib və külli miqdarda ziyan vurulub”.

Deputat vurğulayıb ki, ermənilərin 30 il ərzində törətdikləri hərbi cinayətlər cəzasız qalmamalıdır: “Bu müddət ərzində Azərbaycanın işğal altındakı ərazilərində, xüsusilə Qarabağ və ətraf rayonlarda baş vermiş hərbi cinayətlər və insanlıq əleyhinə əməllər beynəlxalq hüquq və müharibə qanunlarına ziddir. Bu cinayətlərə dinc əhalinin qətlə yetirilməsi, zorla köçürülməsi, mədəni irsin dağıdılması, yandırma və digər müharibə cinayətləri daxildir. Həmçinin, ərazilərin vəhşi şəkildə məhv edilməsi, tarixi abidələrin, məscidlərin və digər mədəniyyət irsinin qəsdən məhv edilməsi də bu cinayətlərə aiddir. Bunlar yalnız Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər deyil, həm də bəşəriyyətə qarşı ağır cinayətlərdir. Cəzasızlıq gələcəkdə daha çox müharibə cinayətinin törədilməsinə şərait yaradır. Buna görə də bu cinayətlərin hüquqi qiymətləndirilməsi və cəzalandırılması vacibdir. Beynəlxalq məhkəmələr, xüsusilə İnsan Haqları üzrə Avropa Məhkəməsi, BMT və digər beynəlxalq qurumlar tərəfindən bu cinayətlərə dair təhqiqatlar aparılmalı, məsuliyyət daşıyan şəxslər mühakimə edilməlidir. Amma təəssüf ki, dünyada baş verən ikili standartlar nəticəsində beynəlxalq məhkəmələr bu cinayətlərin məhz azərbaycanlılara qarşı törədildiyinə görə ciddi yanaşmadığından ermənilər öz cinayət əməllərinə 30 il ərzində davam etdirib. Qarabağda törədilən hərbi cinayətlər, yalnız keçmişə dair deyil, həm də gələcəkdə sülhün və ədalətin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Cinayətlər cəzasız qalmamalıdır, çünki bu, yalnız hüququn aliliyini təmin etməklə yanaşı, beynəlxalq müstəvidə ədalət və sülhün təmin edilməsinə də xidmət edəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025