Mobil versiya
Dünya Azərbaycanlılarının Həmrəyliyi Milli Birlik, Dövlətçilik və Azərbaycançılıq Məfkurəsidir
Tarix: 27-12-2024 | Saat: 10:14
Bölmə:Siyasət | çapa göndər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Milli Birlik, Dövlətçilik və Azərbaycançılıq Məfkurəsidir

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, müstəqil Azərbaycanın milli birliyinin, dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşməsinin, həmçinin azərbaycançılıq məfkurəsinin təntənəsidir. Bu bayram, hər bir azərbaycanlının milli-mənəvi dəyərlərinə, tarixi Vətəninə və dövlətçiliyinə bağlılığını ifadə edən önəmli bir gündür. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ulu Öndər Heydər Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. 1991-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilmiş iclasında, dünya azərbaycanlılarını milli həmrəylik ideologiyası ətrafında birləşdirən bu günün təsis edilməsi qərara alındı. Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətçiliyinin gücləndirilməsi istiqamətində xalqın vahid mövqedən çıxış etməsi üçün bu qərar tarixi əhəmiyyət daşıyırdı. Həmrəylik Gününün təsis olunması ilə Azərbaycan xalqının milli birliyini daha da gücləndirən ideoloji təməllər quruldu. Bu gün, yalnız dövlətimizin daxilində deyil, həm də xaricdə yaşayan azərbaycanlılar üçün milli mənlik şüurunun güclənməsinə, onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan, onların hüquq və maraqlarını qoruyan suveren bir dövlətdir. Bu siyasət, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təməli qoyulmuş və Prezident İlham Əliyevin praqmatik yanaşmaları ilə inkişaf etdirilmişdir. Azərbaycan dövləti, diaspor siyasətini gücləndirərək dünya azərbaycanlılarını vahid platforma ətrafında birləşdirməyi prioritet hədəf kimi müəyyən etmişdir. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı milli şüurun inkişafına və soydaşlarımızın təşkilatlanmasına böyük töhfə verdi. Qurultaydan sonra Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması və diaspor siyasətinin hüquqi bazasının möhkəmləndirilməsi dünya azərbaycanlılarının birliyini və dövlətçiliklə əlaqəsini daha da gücləndirdi. Həmrəylik Günü milli-mənəvi birliyimizin qorunmasında və dünya azərbaycanlılarının Azərbaycanın milli maraqları ətrafında birləşməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının fəallığı bu siyasətin uğurla davam etdiyini nümayiş etdirdi. Xaricdə yaşayan soydaşlarımız mütəşəkkil şəkildə Azərbaycanın haqq səsini müdafiə edərək, Qələbəyə layiqli töhfələr verdilər. Prezident İlham Əliyevin “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin təxribatlarına qarşı cəsarətli etirazları və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı fədakarlığı Qələbəmizə layiqli töhfə oldu” fikri dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin gücünü bir daha təsdiqlədi. Həmrəylik Günü dünya azərbaycanlılarının tarixi Vətənlə bağlarının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır. Bu günün qeyd olunması, həmçinin milli maraqlarımızın beynəlxalq arenada təbliği və diaspor təşkilatlarımızın fəaliyyətinin daha da güclənməsi baxımından strateji əhəmiyyətə malikdir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü yalnız bir bayram deyil, həm də Azərbaycanın müstəqilliyini, suverenliyini və milli birliyini simvolizə edən ideoloji bir sütundur. Bu gün, hər bir azərbaycanlının milli mənsubiyyətinə qürurla yanaşdığı, Azərbaycan dövlətçiliyinə sədaqətini bir daha təsdiqlədiyi xüsusi bir tarixi hadisədir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Onu da deyim ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır.


David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024