Mobil versiya
Prezident İlham Əliyev: Ağdam şəhəri dünya üçün nümunə olacaq
Tarix: 20-11-2024 | Saat: 10:09
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev: Ağdam şəhəri dünya üçün nümunə olacaq

Ağdam rayonunun işğaldan azad edilməsinin dörd ili tamam olur. Bu tarix, həm də “Ağdam Şəhəri Günü” kimi qeyd edilir. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması artıq ənənə halını alıb.  Ermənistan işğal etdiyi digər ərazilərimiz kimi Ağdam rayonunda da misli görünməmiş vandalizm aktı törədib. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Təsadüfi deyil ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, təhqir və qarət edib. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi qan tökülmədən Azərbaycana təhvil verilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olub. Bundan başqa, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub. Onu da bildirim ki, Azərbaycan dövləti Ağdam rayonunun da bərpası istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondu da rayonda məscidlərin və tarixi abidələrin bərpasında fəal iştirak edir. Prezident İlham Əliyev Ağdam işğaldan azad olunandan cəmi üç gün sonra – 23 noyabr 2020-ci ildə bu rayona səfər edib. Səfər zamanı dövlətimizin başçısı Ağdam şəhərində Dövlət Bayrağını ucaldıb, eləcə də ermənilər tərəfindən dağıdılmış Ağdam Cümə məscidini ziyarət edib. Cənab Prezident dörd il ərzində Ağdama dəfələrlə səfər edib və hər səfər zamanı rayonun bərpası ilə bağlı təməllər atıb. Hazırda Ağdam şəhərinin və bir sıra kəndlərin bərpası istiqamətində intensiv işlər gedir. Eləcə də, Ağdam-Bərdə avtomobil yolu istifadəyə verilib, dəmir yolunun inşasının çox hissəsi başa çatıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağın cənnətə çevriləcəyini bəyan edib. Bu, həqiqətən də belədir. Azərbaycan xalqı hələ 28 may 2021-ci ildə Ağdam şəhərinin Baş planının təqdimatı zamanı buna bir daha əmin oldu. Cənab Prezident dedi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşqulu həyat gözləyir. Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir. Tarixi faktlara diqqət yetirsək bu diyarın dəyərləri daha aydın görünər. Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Bu gün isə 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.


Bəxtiyar Mustafayev, YAP Mingəçevir təşkilatının sədri.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024