Mobil versiya
İnkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni formada
Tarix: 19-11-2024 | Saat: 21:32
Bölmə:Siyasət | çapa göndər

İnkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni formada

Dünyanın diqqəti Azərbaycana, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yönəlib. 76 min qonaq, onlarla dövlət başçısının qatıldığı tədbir əzəməti, yüksək səviyyədə təşkilatçılığı, qaldırılan məsələlərin aktuallığı ilə indiyə qədər keçirilən COP tədbirlərini geridə qoyub. Müqayisə üçün qeyd edək ki, əvvəlki COP tədbirlərində təxminən 50 min nəfər iştirakçı qeydiyyatdan keçib. Bu da ölkəmizə olan diqqət və marağın göstəricisi sayıla bilər. .Bundan əvvəl Azərbaycanda çoxlu sayda müxtəlif tədbirlər keçirilsə də, belə bir formatda irimiqyaslı və mötəbər tədbir baş tutmayıb. Onminlərlə iştirakçı, çoxsaylı dövlət başçısı, beynəlxalq təşkilat rəhbərlərini qəbul etmək fantastik hazırlıq və gərgin iş tələb edirdi. Ölkəmiz bunun öhdəsindən gəlməyi bacardı. Prosesin sona qədər belə davam edəcəyinə isə şübhə yoxdur. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Azərbaycanın ev sahibliyi etdiyi COP formatında sammit sayca iyirmi doqquzuncu olsa da, məhz Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı COP-un yeni dövrünü müəyyən etdi. COP29-un nəticəsini bu ifadə təsdiqləyir - şou və piardan real hərəkətlərə keçid. Bu cür sammitlər əvvəllər də keçirilib. Lakin daha çox şou tədbirlərini xatırladıb, desək yanılmarıq - "yaşıl" adı altında çoxsaylı tədbirlər keçirilsə də, aydın siyasi, xüsusilə də maliyyə və iqtisadi qərarlar olmayıb. İqlim mövzusu bir dəqiqəlik piara, vədlər verməyə, bu mövzunun həqiqətən narahat etdiyi insanların səslərini cəlb etməyə və unutmağa çevrilib. Bu baxımdan, deyə bilərik ki, cənab Prezident İlham Əliyevin COP sammitindəki çıxışı müzakirələrin xarakterini dəyişdi. Məhz Bakıda şüarlardan konkret hərəkətlərə keçid qeyd edildi və Azərbaycan Prezidenti, necə deyərlər, yaxşı səslənən terminlərlə deyil, reallıqlardan danışdı. Sonda onu da qeyd etmək yerinə düşər ki, dünya neft-qaz sənayesindən dərhal əl çəkə bilməyəcək, “yaşıl enerji” də onu tam əvəz etmək gücündə deyil. Dünyanı daha çox çirkləndirən ölkələr yalandan "yaşıllaşdırmadan" danışmaqla problem həll olunmur. Azərbaycan bu çirkləndirmədə payı çox az olsa da, real məsələləri qaldırır. Cənab Prezidentin dediyi kimi; “Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq”. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır. Sammitdə bildirildi ki, Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır.

Bəxtiyar Mustafayev ,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024