Mobil versiya
Tahir Budaqov- "İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirib"
Tarix: 07-11-2024 | Saat: 17:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tahir Budaqov- "İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirib"

"Hər birinizi müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi – zirvə nöqtəsi olan və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin dördüncü ildönümü münasibətilə keçirilən tədbirdə salamlamaqdan böyük məmnunluq duyuram".

aia.az xəbər verir ki, bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir:

"Əlbəttə, bu tarixi Qələbə heç də asanlıqla qazanılmamış, möhtəşəm Zəfərə gedən yol olduqca çətin və keşməkeşli olub.

“Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Sülh yolu ilə məsələləri həll etməliyik. Nəyin bahasına olur-olsun, hansı yolla olur-olsun, Şuşa da, Qarabağ da, bütün işğal olunmuş torpaqlar azad olunacaq - Azərbaycan xalqının iradəsi, Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq!”, - deyən Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulub. Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub. Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan qətiyyətli siyasətin məntiqi nəticəsidir.

Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğal faktı ilə barışmamış, 30 ilə yaxın müddət ərzində inamını itirmədən haqq-ədalət mübarizəsini davam etdirərək tarixi Qələbəyə köklənib. Çünki xalqa arxalanaraq Azərbaycan dövlətini Zəfərə aparan liderlər - Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tarixin mühüm anlarında və taleyüklü məqamlarında ölkəni çətin sınaqlardan çıxarmaqla, parlaq nailiyyətlərə imza atmaqla bu sonsuz güvəni – sarsılmaz Qələbə inamını yaratmışlar. Vətənin bütövlüyünü, tarixi ədaləti və milli ləyaqəti bərpa etmək uğrunda haqq mübarizəsini şərəflə aparan Azərbaycan xalqı iradəsini ortaya qoymuş, gücünü göstərmiş və məqsədinə nail olmuşdur".

YAP Sədrinin müavini qeyd edib ki, xalqın inam və dəstəyindən güc alan Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönəlmiş məqsədyönlü və uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasını təmin edib:

"O, uzun müddət işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olmaqla ata vəsiyyətini, Vətənə sədaqət andını və xalqa vədini şərəflə yerinə yetirib. Cənab İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, heç şübhəsiz, ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın bütün cəbhələrdə - hərb meydanında, informasiya platformasında və diplomatiya müstəvisində üstünlüyünü təmin edərək böyük nailiyyətlərə müvəffəq olması nəticəsində hazırda dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq.

44 günlük Vətən müharibəsində və birgünlük aniterror tədbirlərində qazandığımız şanlı zəfərlər böyük tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir. Əvvəla, Azərbaycan öz milli gücü ilə işğal faktına və separatizmə son qoymuş, çoxsaylı təzyiqlərə məruz qalmasına rəğmən, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə dünya miqyasında yeni nümunə - mühüm siyasi presedent yaradıb. Digər tərəfdən, Azərbaycan tarixi Zəfər qazanmaqla beynəlxalq hüquqa məhəl qoymayan, “münaqişənin hərbi yolla həlli yoxdur” deyərək işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında maraqlı olmadığını nümayiş etdirən, bir çox hallarda isə təcavüzkar dövlətə dəstək göstərən qüvvələrin ikili standartlara əsaslanan qərəzli siyasətini iflasa uğradıb. Eyni zamanda, Azərbaycanın Qələbəsi regionda ədalətli geosiyasi nizamın təşəkkülü, yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh və etimad quruculuğunun həyata keçirilməsi baxımından böyük önəmə malikdir. Hər zaman sülh, sabitlik, rifah və firavanlıq tərəfdarı kimi çıxış edən, regionun çoxtərəfli işbirliyi məkanına çevrilməsində maraqlı olan Azərbaycan bu gün də öz mövqeyinə və prinsiplərinə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Azərbaycanın siyasəti konstruktiv xarakter daşıyır, regionun konfrontasiya deyil, dialoq, əməkdaşlıq və inteqrasiya məkanına çevrilməsinə hədəflənmişdir. Yeni reallıqlar fonunda bölgədə dayanıqlı sülhə nail olunması, kommunikasiyaların bərpası, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının reallaşdırılması Azərbaycan başda olmaqla çoxşaxəli işbirliyində maraqlı olan dövlətlər üçün önəmli imkanlar – mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bir sözlə, Cənubi Qafqaz regionunun lider ölkəsi kimi müasir beynəlxalq münasibətlər sistemində prinsiplərinə sadiq etibarlı və konstruktiv tərəfdaş kimi tanınan Azərbaycan dövləti yeni reallıqlar yaradaraq geostrateji mövqelərini olduqca möhkəmləndirib".

T.Budaqov əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yeni mərhələdə olduqca vacib siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışlar meydana çıxıb:

"Bunlardan biri də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilmiş və hazırda müvəffəqiyyətlə icra olunmaqdadır.
Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaratmaqla bərabər, sosialyönümlü iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir. Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır. Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi “yaşıl iqtisadiyyata” keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya” naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir.
Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir - Böyük Qayıdış prosesi uğurla reallaşdırılır. Bu proses tarixi ədalətin bərpasının təzahürü olmaqla bərabər, müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə xidmət edir və xalqımızın təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Azərbaycan dövləti və cəmiyyəti hər zaman mübariz Vətən övladlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, onların əziz xatirəsini uca tutur:

"Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiramımız sonsuzdur. Şübhə yoxdur ki, şəhidlərimizin ruhunun şad olduğu indiki məqamda dövlətimizin qüdrəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı yeni möhtəşəm nailiyyətlərə aparacaq, həm müstəqilliyimizin, həm də tarixi Zəfərimizin mənəvi-siyasi rəmzi olan, şəhidlərin ölməzliyini, Vətənin bölünməzliyini əks etdirən, işğaldan azad edilmiş ərazilərimizdə qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaqdır.

Hər birinizi xalqımızın iftixar mənbəyi və dövlətimizin sarsılmaz qüdrətinin ifadəsi olan 8 Noyabr - Zəfər Günü, həmçinin qarşıdan gələn 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024