Mobil versiya
İlham Əliyev: "İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi”
Tarix: 05-11-2024 | Saat: 09:54
Bölmə:Siyasət | çapa göndər

İlham Əliyev: "İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi”


8 noyabr 2020-ci il xalqımızın 44 günlük qəhrəmanlıq salnaməsinin Qələbə müjdəsi, «Qarabağ Azərbaycandır, nida işarəsi!» sözlərinin əbədiyyət rəmzidir

Təqvimin adi günlərindən birinin- 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran, haqlı tərəf olduğu halda işğalçı ilə eyni səviyyədə münasibət göstərilən Azərbaycanın səbri tükənmişdi. Havadarlarının göstərdiyi loyal münasibətlərdən ərköyünləşən, daha çox əraziyə sahib olmaq üçün getdikcə quduzlaşan, sərvətlərimizi talan edib, ata-baba yurdlarımızı viran qoyan Ermənistanın korrupsioner, xunta rejiminə rəhbərlik edənlər bir gün Azərbaycan xalqı qarşısında cavab verəcəklərini ağıllarına belə gətirmirdilər. Baş nazir Nikol Paşinyan «Cəbrayıla yol çəkəndə», Cıdır düzündə «şalaxo» oynayıb, yallı gedəndə, artıq tarixin arxivinə atılmış qondarma «Dağlıq Qarabağ respublikası»nda «prezident», «parlament» seçkiləri keçirəndə özlərini cənnətdə hesab edən haylar cəhənnəmlərini özlərinin yaratdıqlarını, qazdıqları quyulara düşəcəklərini xəyal belə etməzdilər. Məsələyə ikili standartlardan, antimüsəlman mövqeyindən yanaşan beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hədəfi münaqişənin dondurulması idi. «Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcəklər» söyləyən Prezident İlham Əliyev qətiyyətlə tələb edirdi ki, Ermənistana təsir göstərilsin, sanksiyalar tətbiq olunsun, təzyiq edilsin. Artıq gorbagor olmuş qondarma «Dağlıq Qarabağ respublikası»”nın parlamentinin Şuşaya köçürülməsi iddiaları, Livandan, başqa yerlərdən gətirilən ermənilərin qeyri-qanuni yollarla Azərbaycanın əzəli və əbədi torpaqlarında yerləşdirilməsini «ədalətli proses» kimi davam etdirən haylar dədə-baba yurdumuzda at oynadırdılar. Hadisələrin belə mürəkkəb stiasiya ilə davam etməsi, əksinə, Azərbaycana güzəştə getmək təklif olunması hayları daha da ərköyünləşdirirdi.

«Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin» söyləyən dövlət başçımız dünyada tanınmış KİV-lərə müsahibələrində Ali Baş Komandan kimi əsgər və zabitlərimizin rəşadətindən, peşəkarlığından, döyüş qabiliyyətindən, ən başlıcası ilə vətənpərvərlik duyğularından qururla söz açırdı. Mənfur niyyətlərini həyata keçirmək üçün islamofobiyadan istifadə edərək milli münaqişələr yaradanlara, erməni faşizmini dəstəkləyənlərə də Qalib ordunun Müzəffər Ali Baş komandanı kimi mesajlarını çatdırdı. 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər azad edildi, o ərazilərdə Azərbaycan Bayrağı qaldırıldı. Müqəddəs müharibəmizin Zəfər notları Şuşada səsləndirildi. Noyabrın 8-də Ermənistanın işğalına ilk məruz qalan Şuşa şəhərinin azad edilməsi xalqımızın qürürü, sevinci kimi tarixə yazıldı. «İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır!» sözlərini qürurla səsləndirən Prezident İlham Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimiz bütün dünyaya ən müasir döyüş təcrübəsini nümayiş etdirdi.

«Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik» söyləyən Prezident, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü, öz qüdrətini göstərdi. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanan xalqımız dövlətçilik tariximizə Şuşa Zəfərini birliyi, həmrəyliyi ilə yazdı. Azərbaycan xalqı qüdrətini, sarsılmazlığını, Vətənə bağlılığını, yüksək mənəvi ruhunu göstərdi. İradəsi, əzmkarlığı ilə tarixi missiyanı yerinə yetirdi. «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik» söyləyən, Ali Baş Komandan kimi vədini yerinə yetirən dövlət başçımız artıq quruculuq işləri ilə bağlı verdiyi sözü yerinə yetirir.

Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi «Dəmir yumruq» əməliyyatı düşmənin belini qırdı. Xalqımızın Zəfər müjdəsi oldu. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından Azərbaycan xalqına təbrikini ««Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə varisliyə sadiqliyini də bildirdi. Artıq Şuşa dirçəliyr, siması daha da gözəlləşir. Döyüş meydanında qazanıdığımız bu Qələbənin tariximizdə əbədi qalacağını Zəfəri ilə bütün dünyaya bəyan edən xalqımız sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Qüdrətli Azərbaycan BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qərar və qətnamələrini öz gücü ilə həll etmək qüdrətinə malikdir.

Artıq işğaldan azad olunmuş torpaqlarımzda döyüş deyil, quruculuq əhval-ruhiyyəsi duyulur. Keçmiş köçkünlər doğma yurdlarına Zəngilana, Ağdama, Laçına, Kəlbəcərə… qayıdırlar. İllərdən bəri doğmaları üçün qəribsəyən, inşaat meydanlarını xatırladan torpaqlarımızda körpə gülüşləri eşidilir, insanlar əkin-biçinə başlayırlar.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024