Mobil versiya
Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir
Tarix: 25-10-2024 | Saat: 13:02
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir

Bu gün dünya və ölkə mətbuatının gündəmində olan əsas məsələlərdən biri də Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasıdır. Cənab Prezident İlham Əliyevin plenar iclasda yığcam və qəti çıxışı bir daha ölkəmizin mövqeyinin dəyişməz olduğunu, beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin qorunduğunu diqqətə çatdırdı. Ölkənin prinsipial mövqeyi bir daha bəyan edildi. BRICS-in qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verdiyi də açıq-aydın ortadadır. Məlumdur ki, Azərbaycan artıq həm də Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir. Bundan sonra da Azərbaycan istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək. Ən vacib məsələ isə İkitərəfli sülh gündəliyinin real vəziyyətlə uyğunlaşması və bu müqavilənin bağlanmasıdır. Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Bu da o deməkdir ki, iki ölkə arasında sülhün əldə edilməsinə yol bir az da qısaldı. Onu da deyim ki, ötən ilin sonlarından etibarən Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesində ikitərəfli təmaslara üstünlük verilməsi, müxtəlif mərhələlər üzrə real razılaşmaların əldə olunması münasibətlərin nizamlanmasına yaxından kömək edir. Bunun nəticəsidir ki, artıq tərəflər bir sıra məsələlərin qarşılıqlı şəkildə razılaşdırıldığını bildirir, sülhün qısa zamanda əldə olunma perspektivindən söhbət açırlar. Bir müddət öncə, iki ölkənin müvafiq delimitasiya komissiyaları işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib - bu mübadilə bütövlükdə, prosesin inkişafına öz müsbət təsirlərini göstərir. Cənubi Qafqazda sülhə nail olunması isə olduqca vacib şərtdir. İstər Şərq, istərsə də Qərb dünyası bu mühüm ticari keçiddə təhlükəsizliyin təminində maraqlıdır - qlobal dünyada baş verənlər və onun təhlili isə mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir. Başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə beynəlxalq aləmin diqqət mərkəzindədir. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirmişdir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024