Mobil versiya
Zəfər yürüşünün daha bir təntənəsi: azad və abad Füzuli!
Tarix: 17-10-2024 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər

Zəfər yürüşünün daha bir təntənəsi: azad və abad Füzuli!

Mahir Süleymanlı
Milli Məclisin deputatı


17 oktyabr Füzuli Şəhəri Günüdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri rəşadətli Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində rayonun 62 yaşayış məntəqəsi azad olundu.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi.

Hərbi mütəxəssislər bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu, indiyədək ordu quruculuğu istiqamətində görülən işlərin təqdimatıdır.

44 günlük Zəfər yürüşünün hər günü gücümüzün, qüdrətimizin nümayişi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz hər gün qələbələri ilə xalqımızı sevindirdi, qürurlandırdı.

Füzulinin işğaldan azad edilməsi həm hərbi-strateji, həm tarixi, həm də mənəvi-siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 30 illik işğal dövründə digər ərazilərimiz kimi, Füzuli rayonu da tamamilə dağıntı mərhələsini yaşadı. Bir dənə tikili belə qalmadı. Mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdıldı.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, Füzuli azad olunanda bir salamat bina tapa bilmədik Bayrağımızı qaldıraq. Bir hərbi hissədən başqa. Onun da həyətində dirəkdə Bayrağımızı ucaltdıq: “Buraya ilk dəfə gələndə, vallah, hər bir azərbaycanlı kimi adamın ürəyi ağrıyırdı, məəttəl qalırdı, dəhşətə gəlirdi insan ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Axı biz ermənilərə nə etmişdik?! Biz onlarla yanbayan yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, görünür, onların ürəyində olan o qara ləkələr idi”.

Cənab İlham Əliyev bu çağırışı edir ki, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik.

Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa bu müjdəni çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Füzulidə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirildi. Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma Forumunda bütün layihələrimiz təqdim edildi. Onu da qeyd edək ki, 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Bu günlərin təsis edilməsi hər zaman müstəqillik tariximizin Zəfər səhifələrinin vərəqlənməsinə, gələcək nəsillərə çatdırılmasına çağırışlar edir və edəcək. Canları, qanları ilə tarix yazan Vətən oğulları şəhidlik zirvəsinə ucaldılar. Onların ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Tarixi Zəfərimiz, ondan üç il sonra suverenliyimizin tam bərpa edilməsi Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya növbəti təqdimatı oldu.

Qeyd etdiyimiz kimi, bu torpaqlar hazırda dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Qayıdış ünvanlarının sayının artması görülən işlərin təqdimatında əhəmiyyətli rol oynayır. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinə, Ağalı, Talış, Sus və Zabux kəndlərinə soydaşlarımızın qayıdışı həyata keçirilib. Dövlətimizin başçısı İlham Əliyev ötən il Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqları da diqqətə çatdırmışdır ki, bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik: “Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurduna qayıtmışlar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur. Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir”.

2021-ci il yanvarında təməli qoyulan, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. 2022-ci ildə isə Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. Üçüncü hava limanı Laçında tikilir, gələn il istifadəyə verilməsi nəzərdə tutulub. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündən bu tapşırığı verdi ki, keçmiş məcburi köçkünlərin yaşayışı ən yüksək səviyyədə təmin edilməli, bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilməlidir.

Qarabağımızın, Şərqi Zəngəzurumuzun beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi seçilməsində də bu amillərin rolu böyükdür. Bu torpaqlara gələn hər kəs görülən bərpa işlərindən heyrətlərini gizlətmirlər. Qısa zamanda belə genişmiqyaslı işlərin görülməsi Böyük Qayıdış Proqramının icrasının tezliklə tam şəkildə başa çatacağına əminliyi artırır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024