Mobil versiya
Zəngilanın azadlığı xalqımızın yaddaşına əbədi yaşayacaq
Tarix: 16-10-2024 | Saat: 11:05
Bölmə:Siyasət | çapa göndər

Zəngilanın  azadlığı  xalqımızın yaddaşına əbədi yaşayacaq

Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan 2020-ci il illər ötsə, qərinələr dolansa belə hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 2020-ci ilin 20 oktyabr günü həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 20-si Zəngilanın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 3 il ötür. Həmin tarixi günü zəngilanlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. Artıq zəngilanlılar rayonun 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi - 20 oktyabrı qeyd edirlər.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Zəngilan rayonunun necə işğal olunduğunu da unutmuruq. Tarixi həqiqətlərə nəzər saldıqda görürük ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Tarixi fakt hər zaman öz faktlığında qalır. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Hər kəsə yaxşı məlumdur ki, rayon ərazisində yerləşən onlarla milli və dini-tarixi abidələr var. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Rayonun işğalı da heç vaxt yaddaşımızdan silinməyəcək. O günü yaşayanlar bu gün də eyni ağrı-acı ilə xatırlayırlar. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Bu gün isə zəngilanlılar öz yurdlarına qayıdır, həsrətində olduqları vətəninə qovuşurlar. Əsaslı şəkildə yenidən tikilən kəndlərinə, evlərinə köçürlər. İkinci il olacaq ki, onlar şəhər günü kimi mötəbər tədbiri böyük sevinclə yaşayacaq, acılarını unudacaq, Zəfərin əbədi olmasına dua edəcəklər.
Günün mübarək olsun, Zəngilan, sevinciniz həmişə aşıb-daşan olsun, zəngilanlılar!

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024