Mobil versiya
Heydər Əsədov: “Prezident İlham Əliyevin siyasi strategiyasının uğurlarını təmin edən əsas amil bu kursun bünövrəsində duran milli maraqlar faktorudur”
Tarix: 15-10-2024 | Saat: 14:52
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Heydər Əsədov: “Prezident İlham Əliyevin siyasi strategiyasının uğurlarını təmin edən əsas amil bu kursun bünövrəsində duran milli maraqlar faktorudur”

“2023-cü ilin 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdərə, Xocavənd, Xankəndi və Xocalı şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Azərbaycan Prezidenti bu vəzifəyə seçilməsinin 20-ci ildönümündə öz xalqına daha bir möhtəşəm qələbə sevinci. Müstəsna dərəcədə böyük siyasi və tarixi-mənəvi əhəmiyyət kəsb edən bu hadisədən düz 20 il əvvəl, 2003-cü ilin 15 oktyabrında dövlətimizin başçısı Ölkə Prezidenti seçildikdən dərhal sonra xalqa etdiyi müraciətində daim Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyini, ölkəmizin ərazi bütövlüyünü qoruyacağını, o zaman hələ işğal altında olan bütün torpaqlarımızda, şəhər və kəndlərimizdə müqəddəs üçrəngli bayrağımızı dalğalandırmağı öz üzərinə əsas vəzifə olaraq götürdüyünü bəyan etmişdi. Məhz bu məqsədlərə nail olmaq üçün, Azərbaycanın güclənməsi, dünya miqyasında öz layiqli yerini tuta bilməsi üçün cənab Prezident İlham Əliyev bütün növbəti illər ərzində məqsədyönlü və çoxşaxəli fəaliyyət göstərdi, düşünülmüş praqmatik siyasət yürütdü. Möhtəşəm nəticələr isə bu gün artıq göz önündədir. Azərbaycan heç kimlə hesablaşmadan, heç kimin razılığını gözləmədən və ən əsası heç bir xarici qüvvədən kömək almadan 2020-ci ildə torpaqlarının 30 illik işğalına son qoydu, keçən il isə özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Artıq biz birmənalı və tam səmimi deyə bilərik ki, bu gün Azərbaycanla dünyada hesablaşırlar. Ən mötəbər beynəlxalq təsisatlara uğurlu rəhbərlik təcrübəsi olan ölkəmizin bu və ya digər məsələlərlə bağlı mövqeyi qlobal coğrafiyada böyük önəm kəsb edir. Bir çox mühüm transmilli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycan hazırda güclü iqitisadiyyata sahibdir və məhz büyün bu amillər Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradılmasını təmin etmişdir.”

Bu fikirləri Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldırmasının birinci ildönümü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Heydər Əsədov səsləndirib.

Daha sonra millət vəkili Prezident İlham Əliyevin keçən il Xankəndidə etdiyi çıxışında əsl müstəqilliyə nail olmağın əsas şərtləri barədə dediklərini bir daha diqqət mərkəzinə gətirib. H.Əsədov dövlət başçısının toxunduğu məqamların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Əsl müstəqilliyə nail olmaq üçün ölkənin ilk növədə güclü iqtisadiyyatı və qüdrətli ordusu olmalıdır. Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, bu iki faktor istənilən bir ölkənin müstəqilliyinin təmin olunması üçün vacib və zəruri amillərdir. Məhz buna görə dövlətimizin başçısı 2003-cü ildə ilk dəfə Ölkə Prezidenti seçildikdən sonra Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başladığı ordu quruculuğu işini daha da gücləndirdi və genişləndirdi. Nəticədə Azərbaycan 17 il ərzində elə bir orduya sahib oldu ki, bu ordu istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadir olduğunu real hərb meydanında, Vətən torpaqlarını işğaldan azad etməklə isbatladı. Lakin ölkəmizdə Ordu quruculuğu işi 44 günlük müharibədə əldə edilmiş tarixi Qələbəmizdən sonra da yüksək intensivliklə davam etdirilir. Çünki Azərbaycanın Silahlı Qüvvələri bundan sonra təkcə ölkəmizin deyil, həmçinin bütün Cənubi Qafqazın təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Azərbaycan Ordusu hər növbəti il 2020-ci ilin noyabr ayında olduğundan daha güclü və daha təkmil olur. Keçən ilin sentyabr ayının 19-da ermənilər bunu öz təcrübələrində bir daha hiss etməli oldular. Həmin tarixdə Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın tələblərinə zidd olaraq hələ də ölkəmizin ərazisində məskunlaşan Ermənistan ordusunun hərbi hissələrini tərk-silah etmək və ölkədən çıxarmaq, eləcə də Qarabağda separatizmin kökünü birdəfəlik kəsmək məqsədilə antiterror tədbiri keçirməyə məcbur oldu. Cəmi 23 saat davam edən bu əməliyyat Azərbaycan ordusunun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Əlbəttə ki, ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması güclü iqtisadiyyat olmalıdır. Məhz bu məqsədlə cənab Prezident İlhm Əliyev ölkəyə rəhbərlik etməyə başladığı birinci ildən etibarən dayanıqlı inkişaf üçün əsaslı və məqsədyönlü addımlar atmışdır. Həmçinin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasi kurs Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqilliyimizin daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində əlbəttə ki, Azərbaycan dövlətinin milli maraqlarının qorunması prinsipi dayanır.”

Fikirlərini davam etdirən deputat bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ilə Ulu Öndər Heydər Əliyevin xalqa və öz siyasi varisi cənab İlham Əliyevə ən böyük vəsiyyətinə əməl olundu: “Bizim hamımızın, bütün Azərbaycan xalqının heç zaman unutmağa mənəvi haqqımız olmayan tarixi faktlar mövcuddur. Belə faktlardan biri budur ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasından iki həftə keçməmiş erməni millətçiləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Azərbaycanın Heydər Əliyevsiz qaldığı növbəti altı il dövlətimiz və xalqımız üçün ən faciəvi, böhranlı və təhlükəli illər kimi xatırlanır. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bütün mövcud təhdidləri aradan qaldırdı, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı. Məhz buna görə, dövlət başçımızın xalqa müraciətində qeyd olunduğu kimi, Ulu Öndərin 100 illiyinin hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd olunması böyük rəmzi məna daşıyır. Ölkəmizin bütün ərazisində suverenliyinin tam bərpa edilməsi Azərbaycan xalqının öz Ümummilli Liderinin 100 illiyinə ən möhtəşəm töhfəsi oldu. Həmin gün Ulu Öndərimizin, bu möhtəşəm Zəfər günlərini görmək nəsibi olmayan bütün şəhidlərimizin ruhları şad oldu. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu möhtəşəm Qələbələrə imza atmaqla öz Ümummilli Lideri, xilaskar oğlu Heydər Əliyevin ən böyük vəsiyyətinə əməl etmiş oldu” – deyə, Heydər Əsədov fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024