Mobil versiya
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Tarix: 15-10-2024 | Saat: 12:06
Bölmə:Siyasət | çapa göndər

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

15 oktyabr 2023-cü il tarixi xalqımızın yaddaşında ən əlamətdar, ən sevincli günlərdən biri kimi əbədi olaraq qalacaqdır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Həmin günü Azərbaycan xalqı 30 il həsrətlə və Ali Baş Komandana inamla gözləyib. Xalqımız heç vaxt inamını itirməyib. İşğal altında qalan torpaqlarımızı geri almaq üçün hər kəs Ali Baş Komandanın əmrini gözləyib. 27 sentyabr 2020-ci il - Vətən müharibəsi başlayan gündən hər gün bizi qələbəyə yaxınlaşdırıb. Hər gün kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilib. İgid əsgər və zabitlərimiz bir addım belə geri çəkilməyiblər. Bu yolda sinələrini vətənə sipər edərək canlarından keçib şəhidlik zirvəsinə ucalıblar.

Prezident, Ali Baş Komandan İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.

Xalqımız arzusunu yerinə yetdi, həsrətlə gözlədiyimiz an gəlib çatdı. Torpaqlarımız işğaldan azad edildi. Bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı ucaldıldı. Azərbaycan öz suverenliyinə qovuşdu.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. 30 il əvvəl öz doğma yurd-yuvalarını tərk edən vətəndaşlar geri qayıdırlar. Artıq o torpaqlarda həyat qaynayır. Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, gənclərin şən səsi ətrafa yayılır. İnsanlar sevinc içərisindədirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”.

Bu gün Azərbaycanın güclü ordusu, güclü iqtisadiyyatı var. Bu isə artıq müstəqillik deməkdir. Dövlətimiz ordumuzun gücləndirilməsi üçün durmadan çalışır. Biz ordumuzun gücünü döyüş meydanında gördük. Ordumuz 44 gün ərzində düşmənin mövqelərini məhv edərək onların özləri və öz orduları haqqında yaratdıqları mifi darmadağın etdi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqı yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik.

Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq”.

Azərbaycan xalqı 30 il ərzində böyük faciələrlə üzləşib. Bir milyondan çox soydaşımız öz dədə-baba, torpaqlarından, ev-eşiyindən boş əllə, yalın ayaqla qovuldu. Xocalı soyqırımı törədildi. Bakı şəhərində və Azərbaycanın rayonlarında məskunlaşan məcburi köçkünlər ağır şəraitdə - vaqonlarda, yataqxanalarda, yarımtikili evlərdə yaşadılar. İşğal olunan ərazilərimiz demək olar ki, tamamilə dağıdıldı. Bu gün erməni vandallarının törətdikləri vəhşilikləri işğaldan azad olan torpaqlarımıza gedən hər kəs görür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub.

Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq”.

Təhminə Vəliyeva
Şəhid baş leytenant İlqar Vəliyevin həyat yoldaşı, Abşeron rayon sakini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024