Mobil versiya
Azərbaycan-Rusiya münasibətləri müsbət məcrada inkişaf edir
Tarix: 14-10-2024 | Saat: 12:56
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Rusiya münasibətləri müsbət məcrada inkişaf edir

Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Bu  əlaqələr dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda yeni mərhələyə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın Sovet İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha sürətlə inkişaf edib. Azərbaycan-Rusiya diplomatik əlaqələri 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin oktyabrın 7-də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev bildirdi ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək. Onu da qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir. Bu gün Laçın azaddır və burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Təbii ki, ölkəmizin bütün sahələrdə geniş imkanlara, zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyində öz sözünü deyir. Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunları ölkəmizin həm qurumla, həm də üzv dövlətlərlə əlaqələrinin inkişafında öz sözünü deyəcək. Cənab İlham Əliyevin çıxışında diqqət göstərdiyi məsələlərdən, Azərbaycanın ev sahibliyi edəcəyi tədbirlərdən biri də COP29 oldu. Bildirdi ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Azərbaycan 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi həm bu məsələnin aktuallığını, həm də Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini açıqladı. Hər bir beynəlxalq tədbir keçirilən ölkə ilə yanaşı, iştirakçı dövlətlərin də gündəmə gətirilən məsələ ilə bağlı təcrübəsinin öyrənilməsində, hədəflərə doğru səylərin birləşdirilməsində öz sözünü deyir. Bakı iki həftə ərzində dünyanın ekoloji mərkəzi olacaq. 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, Azərbaycanı daha yaxından tanıyacaq, həqiqətlərimizin təbliğatçısına çevriləcəklər. COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Ölkəmiz iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi daim dünyanın diqqətindədir. Bu, ölkəmizin hərtərəfli inkişafının və zəngin təcrübəyə malik olmasının göstəricisidir. Azərbaycan qlobal probemlərin həllinə böyük töhfələr verir. Əməkdaşlığa, sülhə, təhlükəsizliyə yönələn çağırışları, irəli sürdüyü təşəbbüsləri daim beynəlxalq dəstək qazanır. Azərbaycan COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. COP29 ölkəmizin beynəlxalq nüfuzuna yeni əlavələr edəcək. Bu reallığı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimiz, suverenliyimizin tam təmin edilməsi Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarda əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Ölkəmiz bu gün də yeni əməkdaşlıq platformalarının müəllifi kimi tanınır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında üçüncü tərəf Rusiyadır. Rusiya, eyni zamanda, şanlı Qələbəmizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasına dəstəyini bu istiqamətdə keçirilən görüşlərin təşəbbüskarı olması ilə də təsdiqləyir. Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin bu günündən bəhs edərkən bildirir ki, münasibətlərimiz uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir. Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən məktəblərin mövcudluğunu başqa cür izah etmək mümkün deyil.  Prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir. Nə üçün? İkitərəfli əlaqələrin inkişafı üçün və bu əlaqələr hazırda inkişaf edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Tərəflər bu əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdır və bunu atdıqları addımları ilə təsdiqləyirlər.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024