Mobil versiya
Eltun Süleymanov: "Böyük Zəfərin ilk azad şəhəri"
Tarix: 01-10-2024 | Saat: 12:52
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: "Böyük Zəfərin ilk azad şəhəri"

4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür. 44 günlük Vətən müharibəsində ayağındakı 27 illik istila zənciri ilk qırılan şəhər Cəbrayıl idi.  Azərbaycan ordusu mürəkkəb əməliyyat planını yerinə yetirərək güclü istehkamları yardı, şəhəri uzun döyüşlərdən sonra düşməndən geri almağı bacardı. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına axşam saatlarında verdiyi Cəbrayıl müjdəsi böyük coşqu ilə qarşılandı. Bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və ictimai yaddaşlara əbədilik köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin, həmçinin Cəbrayılın da geri alınması bizim üçün eyni məna və əhəmiyyəti ifadə edib. “Cəbrayıl azaddır!”-nidasını biz müqəddəs işimizin möhtəşəm sonluğu kimi qürurla yaşadıq.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, bu tarixi gün əbədiləşdirildi. cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olundu. Cəbrayılda yenidən Azərbaycan bayrağının dalğalanması, təbii ki,  işğal tarixini və onun doğurduğu ağır nəticələri hafizələrdən silmir. Rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.  İşğal rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurdu. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu. Məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Erməni vandalizmi hər yerdə öz izini qoydu. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edildi və ya dağıntıya məruz qaldı.  
 
Azərbaycan ordusunun Vətən müharibəsindən xeyli əvvəl həyata keçirdiyi, tarixə düşən iki uğurlu hərbi əməliyyatı oldu. Bunlardan biri 5 yanvar 1994-cü il tarixindəki Horadiz əməliyyatı idi: həmin tarixdə Cocuq Mərcanlı kəndi işğaldan qurtarıldı. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. İkinci qələbə 2016-cı il aprel döyüşlərində əldə edildi: Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad olundu. 27 ildən sonra qətiyyətli və son cavab olaraq başlayan Vətən müharibəsi bütün torpaqlarımız, həmçinin Cəbrayıl üçün azadlıq vədi idi. Beləliklə, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun  ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Böyük qəhrəmanlıq və fədakarlıq tələb edən Cəbrayıl əməliyyatının uğurla nəticələnməsi vacib idi. Ona görə ki, Azərbaycan Ordusunun  Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsinə geniş imkanlar yaranırdı. Bundan sonra Zəngilan, Qubadlı və Laçın rayonuna girmək, düşmənin şər yuvasını dağıtmaq, zəhərli başını əzmək üçün yol açılırdı. Belə də oldu. Cəbrayıldan sonra bu rayonlar ardıcıllıqla geri alındı, ən önəmlisi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi-dey Eltun Süleymanov fikrini tamamlayıb.

 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024