Mobil versiya
Sahibə Qafarova: “Biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq”
Tarix: 30-09-2024 | Saat: 14:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sahibə Qafarova: “Biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq”

Sentyabrın 30-da VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. İclasda Spiker Sahibə Qafarova çıxış edib. aia.az Parlament sədrinin çıxışını təqdim edir.

Hörmətli həmkarlar!

Yeddinci çağırış Milli Məclisin birinci sessiyasına başlayarkən mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə bir daha hamımızın minnətdarlığını bildirmək istərdim. Sentyabrın 23-də Milli Məclisin birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan etdi. Parlament üzvləri olaraq, biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq. Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın.

Hörmətli deputatlar !

Birinci iclasda etdiyim çıxışda mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlamentin fəaliyyəti barədə fikirlərinə əsaslanaraq yeddinci çağırış Milli Məclisin qarşısında dayanan vəzifələr barəsində baxışlarımı bölüşmüşdüm. İndi isə qısa olaraq bir daha qeyd etməliyəm ki, biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Xalqın təmsilçiləri kimi biz sürətlə dəyişən dünyada Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilən dəyərləri rəhbər tutmalıyıq.

Hörmətli həmkarlar !

Parlamentin gücü onun kollektiv zəkasındadır. Bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər. Eyni zamanda, Milli Məclisin ayrılıqda hər bir üzvünün fəaliyyəti bu gün çox böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, müasir dünyanın mürəkkəb şəraiti bizdən hər bir məsələyə milli və beynəlxalq reallıqları dərindən başa düşməklə və onları nəzərə almaqla yanaşmağı tələb edir.

Hörmətli həmkarlar!

Mən bu fikirlərimi sizinlə bölüşərək, əmin olduğumu bildirmək istəyirəm ki, biz birlikdə elə fəaliyyət göstərəcəyik ki, möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirsin.

Hörmətli həmkarlar!

Bizim payız sessiyamız Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür. Dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, torpaqlarımızın 30 illik işğalına son qoymuşdur. Üç gün öncə, sentyabrın 27-də dövlət başçısının iştirakı ilə keçirilən Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edildi. Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş edən müzəffər sərkərdəmiz İlham Əliyevə, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır.

Hörmətli həmkarlar, artıq bilirsiniz ki, Milli Məclisdə gözəl bir ənənə yaranıb. O da ondan ibarətdir ki, hər çağırışın birinci sessiyasının əvvəlində millət vəkillərinə deputat vəsiqələri təqdim edilir. Bu gün Mərkəzi Seçki Komissiyasının sədri hörmətli Məzahir Pənahov və hörmətli komissiya üzvləri buradadırlar. Siz, hörmətli həmkarlar, siyahı üzrə buraya dəvət edilib deputat vəsiqələrinizi təhvil alacaqsınız.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024