Mobil versiya
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Tarix: 12-12-2016 | Saat: 13:48
Bölmə:Gündəm / Karusel | çapa göndər

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO





Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün ilboyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13-cü ildönümü günü - dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirdilər.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

aia.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024