Mobil versiya
Bizim müharibəmiz azadlıq uğrunda idi
Tarix: 25-09-2024 | Saat: 09:57
Bölmə:Siyasət | çapa göndər

Bizim müharibəmiz azadlıq uğrunda idi

Azərbaycanın şanlı tarixinə daha bir əlamətdar, müqəddəs gün də əlavə edildi. Çoxdandır gözlədiyimiz 20 sentyabr Azərbaycan Respublikasının dövlət suverenliyi günü. Həmin gün həm də Qarabağ universiteti açıldı və cənab Prezident İlham Əliyev burada çox mənalı və məntiqli çıxış etdi. Çıxışında bu günə gələn yola geniş nəzər saldı, çox detalları incəliyinə qədər xalqa çatdırdı. “Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir. İki tərbiyə mənbəyi var ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar”. Bu çıxış əslində gerçəkliyin təntənəsi olmaqla, gələcəyə də baxışın təməli kimi qiymətli idi. Bu çox dəqiq və aydın bir fəaliyyət proqramı idi. Qürur yaradan bir də o idi ki, cənab Prezident bu çıxışı Qarabağ universitetində edirdi. Universitetin fəaliyyətə başlaması həm də regionun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın sürətlənməsində də əhəmiyyətli rol oynayacaq. Hamı bilməlidir ki, Xankəndidə yeni universitetin yaradılması olduqca diqqətəlayiq hadisədir. Bunun siyasi tərəfindən geniş danışmaq istəməzdim, çünki bütün reallıqları dəyərləndirən möhtərəm Prezident universitetin açılması ilə bağlı sərəncamı ilə bu dəfə də hadisələri qabaqladı və bölgədə modern təhsilin vacibliyini təsdiqlədi. İşğaldan əvvəl Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən bu ali təhsil ocağının tarixi zəfərimizdən sonra fəaliyyətə başlaması və Qarabağda ilk universitet kimi qurulmasının böyük siyasi və sosial əhəmiyyəti olduğu kimi, həm də tarixi ədalətin bərpası anlamında da mühüm hadisədir.  Bu məsələ Qarabağın sivil tarixi ilə əlaqədar olduğu qədər də bu günümüzün reallıqları ilə bağlıdır. Əslində keçmişimizə çox qısa bir ekskurs etsək, görərik ki, Qarabağda elmə-təhsilə və mədəniyyətə verilən dəyər həmişə diqqətdə olub. Bu məsələnin önəmli bir tərəfidir. Digər önəmli bir məsələ Qarabağ Universiteti dördüncü sənaye inqilabının tələbləri əsasında qurulacaq. Bu həm də o deməkdir ki, yeni qurulan universitet təkcə fəaliyyətinin olduğu Qarabağın yox, əslində heç Azərbaycanın da deyil, dünyanın ən azı bölgənin, Cənubu Qafqazın və Türk dünyasının fərqli və modern elm və təhsil müəssisəsi olacaq. Şübhəsiz ki, Xankəndidə Qarabağ Universitetinin yaradılması mühüm elmi, mədəni, tarixi, eyni zamanda da siyasi hadisədir. Bunun böyük elmi, tarixi, siyasi əhəmiyyəti olduğunu deyən mütəxəssislər hesab edirlər ki, bu ali təhsil müəssisəsinin fəaliyyətə başlamasından sonra biz burada daha böyük uğurlar görəcəyik.
Bəxtiyar Mustafayev , YAP Mingəçevir şəhər təşkilatının sədri 





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024