Mobil versiya
Anar Nəbiyev: Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi
Tarix: 18-09-2024 | Saat: 09:44
Bölmə:Siyasət | çapa göndər

Anar Nəbiyev: Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

Azərbaycan 30 illik işğal dövründə Qarabağ məsələsinin daim sülh danışıqları əsasında çözülməsinə çalışırdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi. Dövlətimizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində əldə edilən diplomatik uğurlar İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. 44 günə 30 ilin işğalına son qoymaq bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.
İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə baş verdi. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı.
2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasından bir il ötür. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. O zaman Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdir.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu məqamı da xüsusi qeyd etdi ki, biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik, biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar. Antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatdırılması yenilməz ordumuzun malik olduğu imkanların təqdimatı oldu.
Azərbaycan tarixi Zəfərdən dərhal sonra Ermənistana sülh təklifi etməklə regionda dayanıqlı sülhün təmin edilməsinə səy göstərir. Ermənistan isə havadarlarının dəstəyi ilə sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınır. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024