Mobil versiya
Anar Nəbiyev: Uğurların əsası: Qətiyyət, müstəqil siyasət və düşünülmüş addımlar
Tarix: 03-09-2024 | Saat: 11:00
Bölmə:Siyasət | çapa göndər

Anar Nəbiyev: Uğurların əsası: Qətiyyət, müstəqil siyasət və düşünülmüş addımlar

Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün zəngin mənbədir.  İllər keçdikcə baş verən hadisələr daha düzgün təhlil olunur, bugünümüz və gələcəyimiz üçün hansı rola malik olduğu açıqlanır. Bir mühüm məqamı da nəzərə alsaq ki, tarixdə şəxsiyyətlərin rolu böyükdür, bu halda Azərbaycanın hazırkı inkişaf mərhələsinə qədər keçdiyi inkişaf yolunun təhlili əsasında dahi şəxsiyyət Heydər Əliyevin  xidmətlərinin miqyasının nə qədər böyük olduğunu, zamana sığmadığını böyük inam və fəxrlə deyirik.

1990-cı ildə Azərbaycan olduqca mürəkkəb vəziyyətdə idi. Sovetlər Birliyinin  dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi.  Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi.  1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ulu Öndər  Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin illərdə həm Muxtar Respublikanın, həm də Azərbaycanın bu günü üçün mühüm tarixi qərarlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonrakı dövrlərdə   Ümummilli Lider bu mühüm hadisəni belə xarakterizə etmişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”
Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, Naxçıvan illərində gördüyü işlərin təməlində dövlətə, xalqa bağlılıq, sevgi dayanır. Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Liderin hakimiyyətinin birinci dövründə həyata keçirdiyi silsilə tədbirlərə, atdığı addımlara diqqət yetirmək  kifayətdir. Dahi şəxsiyyət “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə həm Vətənə, xalqa sevgisini, azərbaycanlı olduğu üçün qürur hissi keçirdiyini nümayiş etdirir, həm də harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, ən əsası tariximizi öyrənməyə və inkişaf etdirməyə çağırılar edirdi. Xalqın milli məfkurə və təfəkkürünü inkişaf etdirməklə ən böyük azərbaycanlı olduğunu sübuta yetirən, başqa ölkələrdə məskunlaşan soydaşlarımızı təşkilatlandıran, Azərbaycanın qarşısında geniş imkanlar açan  Ulu Öndər bir daha təsdiqlədi ki, mənalı həyatını xalqına həsr etmiş tarixi şəxsiyyətdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanın elə bir dövrünə təsadüf etdi ki, ölkəmiz  müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Bu reallıq hər zaman vurğulanır ki, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkünsüz idi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizin əbədiliyini, dönməzliyini təmin etdi, inkişaf, tərəqqi yoluna çıxardı. Azərbaycanın dövlətçilik tarixində 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu Öndər Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da qətiyyət, cəsarət, müstəqil siyasət və düşünülmüş addımlardır.

Son 20 ildən artıq  dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları, təşəbbüsləri, biri-birindən əhəmiyyətli qərarları ilə Azərbaycana daha möhtəşəm qələbələr qazandırır. Azərbaycana hansı sahədən baxsaq təkmil təcrübəni və bunun nəticəsi olaraq dayanıqlı inkişafı görürük. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Cənab İlham Əliyev bu illər ərzində Heydər Əliyev siyasətinə sadiqliyini sözdə deyil, əməldə sübut edərək Onun şah əsəri olan müasir müstəqil Azərbaycanı Zəfərlərə aparır. Suverenliyimizin bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Qalib Azərbaycan yeni dövrün  yeni hədəflərinə doğru inamla addımlayır. Bu hədəflər ölkəmizə daha möhtəşəm uğurlar vəd edir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024