Mobil versiya
Anar Nəbiyev: Münasibətlər möhkəm təmələ əsaslanır
Tarix: 29-08-2024 | Saat: 16:26
Bölmə:Siyasət | çapa göndər

Anar Nəbiyev: Münasibətlər möhkəm təmələ əsaslanır

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı ildə  Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Bu sənəd ölkələrimiz arasında əlaqələrin sonrakı inkişafında yol xəritəsi oldu.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl  üzərində yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında stimulverici amildir. Bu günlərdə Özbəkistanda dövlət səfərində olan cənab İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət yönəltdi. “Mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm”  söyləyən Prezident İlham Əliyev onu da bildirdi ki, bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib.
Azərbaycan hər zaman türk dünyasının birliyinə, həmrəyliyinə davamlı töhfələri ilə diqqətdə olub. Türk dövlətləri arasında əlaqələrin inkişafı bu birliyi daha da möhkəmləndirir. Türk dünyasının böyük ailə olduğunu önə çəkən cənab İlham Əliyev bildirir ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.
Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı bu çağırışı edir: “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.”
Türkdilli dövlətlər arasında ikitərəfli əməkdaşlığın dərinləşməsi öz növbəsində beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatında əlaqələrin möhkəmlənməsinə böyük töhfədir. Bu baxımdan Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı türk düyasının birliyini şərtləndirir. Ötən ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Qarabağda oldu.  Füzulidə, Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada görülən bərpa-quruculuq işləri ilə yaxından tanış olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı  Ziroatxon Mirziyoyeva, həmçinin iki ölkənin dostluğunun, qardaşlığının göstəricisi olan məktəbin açılışında iştirak etdilər. Həmçinin həmin səfərdə Azərbaycan və Özbəkistan Prezidentləri  iki ölkə arasında Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Müqavilə imzaladılar.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri zamanı  15-ə yaxın sənəd imzalandı ki, bunlardan ən mühümü müttəfiqlik münasibətləri haqqında Müqavilə oldu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Özbəkistan Prezidenti ölkəsinin çox az ölkələrlə müttəfiqlik münasibətinin olduğunu bildirməklə Azərbaycanla dostluğa, qardaşlığa, müttəfiqliyə böyük önəm verdiyini, əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etməsində maraqlı olduğunu təsdiqlədi. Azərbaycan və Özbəkistanı tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024