Mobil versiya
Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır
Tarix: 26-08-2024 | Saat: 10:00
Bölmə:Siyasət | çapa göndər

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqəti cəlb edib. Bu səfər ilk növbədə hazırda Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi bütün regional məsələlərdə, regiondakı strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olmasına, həmçinin çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsinə dəlalət edir. Son illər qlobal güclər arasında artan ziddiyyətlər, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, regional ixtilaflar, dünyada və bölgədə vəziyyəti daha da kəskinləşdirib. Bu proseslərin fonunda Azərbaycanın hərtərəfli və dinamik şəkildə həyata keçirdiyi, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun siyasi güc mərkəzləri ilə sıx əməkdaşlığın, əksər dövlətlərlə, xüsusilə də qonşularla isti münasibətlərin qalmasını təmin edib.
İkincisi, təbii ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.
Üçüncüsü, bu, Rusiyanın üzləşdiyi və həll etmək istədiyi bir sıra məsələlərlə bağlıdır. Belə ki, 2022-ci ildə Ukrayna ilə müharibənin başlanmasından sonra Vladimir Putin ilk dəfədir ki, Azərbaycana gəlir. Hazırda Rusiyanın Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqləri ilə əlaqələrini qorumağa, imkan daxilində möhkəmləndirməyə ehtiyacı var. Digər tərəfdən, son iki ildə Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə Rusiyanın qaz ixracatı demək olar ki, dayandırılıb. Əksinə Azərbaycan Avropa İttifaqı ilə müqavilə imzalayıb və Rusiya qazından imtina edən ölkələrə daha çox qaz ixracı barədə razılaşma əldə edilib.
Son dövrlər Azərbaycan ilə Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqlar aparır, sülh müqaviləsini bağlamağa hazır olduqlarını bəyan edirlər. Qərbin iki ölkə arasındakı sülh prosesində fəallaşması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılması və sair kimi məsələlər də Rusiyanın diqqətindədir. Kremlin bir müddət əvvəl “Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür kömək göstərməyə hazırdır” bəyanatı da sübut edir ki, Rusiya Cənubi Qafqazda sülh prosesində fəallığını artıracaq.
Azərbaycan nəinki regionda, həmçinin daha geniş arealda - Şərqi Avropa və Yaxın Şərqdə kifayət qədər əhəmiyyətli aktora çevrilməkdədir və artıq dünyada dialoq məkanı kimi tanınmaqdadır. Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində ciddi rol oynaya bilər. Azərbaycan hökuməti, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Rusiya ilə də heç zaman əlaqələri kəsməyib, hər iki tərəflə əməkdaşlığı davam etdirib.
Nəhayət Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran, İsrail, Türkiyə və digər ölkələrlə əlaqələri, həmçinin BRICS, ŞƏT kimi platformalarında iştirakı, eyni zamanda, Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlığı, dünyanın çox qorxulu təhlükə ocağı olan Yaxın Şərq, İran və İsrail arasında mümkün qarşıdurma ilə bağlı məsələlərin müzakirəsində, bu problemin həllində onun imkanlarından istifadə ehtimalını artırır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024