Mobil versiya
BU GÜN İKİ QARDAŞ XALQ, İKİ MÜSTƏQİL, GÜCLÜ, SUVEREN, NÜFUZLU DÖVLƏT RƏSMİ MÜTTƏFİQ OLDULAR
Tarix: 24-08-2024 | Saat: 11:45
Bölmə:Siyasət | çapa göndər

BU GÜN İKİ QARDAŞ XALQ, İKİ MÜSTƏQİL, GÜCLÜ, SUVEREN, NÜFUZLU DÖVLƏT RƏSMİ MÜTTƏFİQ OLDULAR

Tarixi Zəfərimiz bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində yeniliklərə yol açdı. Türk dünyasının birliyi daha da möhkəmləndi və bu həmrəyliyin gələcəyinə böyük inam formalaşdı. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına hər bir türk dövləti öz töhfəsini verməyə səy göstərir. Cənab İlham Əliyev türk dünyasını böyük ailə kimi dəyərləndirərək yeni dövrün yeni hədəflərini açıqlayarkən bu çağırışı etdi ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.”

Bu birlik, həmrəylik hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı məhz Şavkat Mirziyoyevin ötən ilin avqustunda Azərbaycana dövlət səfəri çərçivəsində oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib: “Ötən il Füzuliyə səfəri zamanı sakinlərlə görüşündə Özbəkistan Prezidenti diqqəti bu məktəbə yönəldərk bildirdi ki, bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim: Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram. Bizdə çox gözəl bir məsəl var ki, sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq. Bu, mənim istəyimdir. Mən sizi görməyimdən çox məmnunam. Bundan sonra sizə yalnız sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin xarici siyasətimizin əsas tərkib hissəsi olan türk dünyasının həmrəyliyinin təmin edilməsinə yönələn addımları davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Əvvəldə də qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi daha da möhkəmlənib. Bunu türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın çoğrafiyasının genişlənməsində, həmçinin əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da təsdiqləyir. Əməkdaşlığın ikitərəfli çərçivədə davamlı inkişafı beynəlxalq təşkilatlarda da əlaqələrin möhkəmlənməsində öz sözünü deyir.

Avqustun 22-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri özündə mühüm məqamları ehtiva edir. Ötən ilin bu günlərində isə Özbəkistan Prezidenti Azərbaycanda dövlət səfərində olmuşdur. Azərbaycan və Özbəkistan iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirir.
Ölkələrimizi qədim tarix birləşdirir. Bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurlu inkişafı üçün möhkəm baza mövcuddur. Ötən il Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində müxtəlif sahələr üzrə 20-dən artıq sənəd imzalanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” həm ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirdi. Bu mühüm məqam da ölkələrimiz arasında münasibətlərin zəngin tarixə malik olmasını təsdiqləyir ki, diplomatik münasibətlərimizin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələrin qədim dövrlərə gedib çıxdığını təsdiqləyən xeyli faktlar sadalamaq olar. Bu mühüm məqam da daim önə çəkilir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daşkənd və Bakı şəhərlərində Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, paytaxt Bakının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələrindən biri kimi qeyd edilir.
Son dörd ilə yaxın dövrün mühüm və qürurverici hadisəsinin işğaldan azad edilmiş ərazilərimizin böyük quruculuq mərkəzinə çevrilməsi olduğunu, burada inşa edilən beynəlxalq hava limanlarının əməkdaşlıq əlaqələrimizdə yeni səhifələrin açılmasında əhəmiyyətli rol oynadıqlarını nəzərə alsaq bu torpaqlara hər bir səfərin özəlliyi daha aydın görünür. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq bu ərazilərimizdə yeni həyat başlayır. Dost ölkələrin prezidentlərinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq istəyi həmrəyliyimizin, qardaş dəstəyinin göstəricisidir. Ümumilikdə Azərbaycanın bu torpaqlarda tətbiq etdiyi dirçəliş modeli dünyanın diqqətindədir. Şəhərlərin bərpası Baş planlar əsasında həyata keçirilir. Bu planlar görülən işlərin yol xəritəsidir.

Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərinin intensiv xarakter alması bu birliyin sözdə deyil, əməldə təsdiqinin nümayişidir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da genişlənir. Azərbaycanın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir.
Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev türk dünyasının həmrəyliyinə xidmət edən davamlı addımları ilə diqqətdədir. Belə ki, Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü ildə bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Özbəkistan 2008-ci ildə BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir.
Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edir ki, ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir. Çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024