Mobil versiya
"Bu siqnaldır, Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir" - Elmar Məmmədyarov
Tarix: 22-08-2024 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

"Bu siqnaldır, Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir" -

Rusiya Prezidenti Vladimir Putinin 18-19 avqust tarixlərində Bakıya səfəri zamanı ictimaiyyətin diqqətində olan əsas məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı danışıqlar idi.

Putinin səfərini şərh edən rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, tərəflər sülh müqaviləsinin imzalanması barəsində danışıblar:

“Zəngəzur dəhlizi problemi aradan qalxır. Ankara və Bakı Zəngəzur dəhlizinin yeni istiqamətinin İrandan keçməsi barədə razılığa gəliblər. Bu təsadüfən edilməyib”, - deyə o qeyd edib.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, görüşü ən yaxşı şərh edənlərdən biri Rusiyanın xarici işlər naziri Sergey Lavrov idi:

“Lavrov dedi ki, Ermənistan hökumətinin mövqeyini başa düşə bilmirlər. Doğrudan da, belədir, ermənilərin mövqeyini anlamaq çətindir. Bir tərəfdən deyirlər ki, dəhlizi açmaq istəyirik. Sonra suverenlik məsələsini qaldırırlar və ziddiyyətli fikirlər səsləndirirlər.

İlk növbədə, əsas problem budur ki, 2020-ci ildə imzalanan 9 noyabr bəyanatının 9-cu bəndinə əsasən təhlükəsizlik məsələsi rus sərhədçilərə həvalə edilmişdi. Həmin bənddə qeyd olunmuşdu ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Bu, təkrar idi. Sovet dövründə də, SSRİ sərhədçiləri həmin işi görürdülər. Mənim yadımdadır. Həmin vaxt atam Naxçıvanda işləyirdi. Oraya tez-tez gedirdim. Həmin vaxt sərhəddə avtomobil yolu yox idi. Dəmir yolu xətti var idi. Orada təhlükəsizliyə cavabdeh də SSRİ sərhədçiləri idi.

İndi isə, Ermənistan mövqeyini dəyişib və bunu istəmir. 9 noyabr bəyanatının şərtlərini pozmağa çalışırlar və suverenlik məsələsini ortaya atırlar.

Özləri heç bir hərəkət etmək istəmirlər. Əgər onlar addım atsaydılar, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də təklif etmişdi ki, kredit açmağa və sərmayə qoymağa hazırıq. Həmin dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir.

Ermənilər bu təklifi də qəbul etmirlər. Öz büdcələrindən də bu yolun üçün vəsait ayırmaq niyyətində deyillər. Beləliklə, prosesi süni olaraq uzadırlar.

Mənim fikrimcə, bu, bir siqnaldır ki, Ermənistan hökuməti bu dəhlizi açmaq istəmir. Düşünürəm ki, gec-tez Zəngəzur dəhlizi açılmasına nail olacağıq. Maraqlı məqamlardan biri budur ki, dəhlizin açılmasında həm Qərbin, həm Rusiyanın, həm Azərbaycanın, həm də Türkiyənin marağı var”, - deyə E.Məmmədyarov söyləyib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024