Mobil versiya
Millət vəkili Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını təqdim edib
Tarix: 13-08-2024 | Saat: 11:02
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını təqdim edib

24 saylı Nizami birinci seçki dairəsindən Milli Məclisin deputatı Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını təqdim edib.

Belə ki, hesabat dövründə deputat qərargahına ümumilikdə 6376 vətəndaş müraciəti daxil olub. Müraciətlər əsasən maddi yardım edilməsi, işlə təmin olunma, məhəllələrin abadlaşdırılması, tibbi müayinə və müalicəyə köməklik xahişləri ilə bağlı olub. Deputat vətəndaş müraciətlərinə xüsusi diqqət yetirərək, onları aidiyyəti üzrə qurumlara yönləndirib və problemlərin həlli üçün lazımi tədbirlər görülüb.

Eyni zamanda, müxtəlif səyyar görüşlər təşkil edilib, bu görüşlərdə ümumilikdə 1964 sakin iştirak edib. Bu dövr ərzində 216 vətəndaş qəbulu və 102 səyyar görüş olmaqla, ümumilikdə 318 qəbul həyata keçirilib. Bu görüşlərdə vətəndaşların problemləri dinlənilib, onların həlli istiqamətində səlahiyyətləri daxilində addımlar atılıb. Vətən müharibəsi şəhidlərinin ailələrinin problemləri xüsusi diqqət mərkəzində saxlanılıb və bu problemlərin həlli üçün müxtəlif tədbirlər görülüb. Ümumilikdə müraciətlər əsasında 10724 nəfərə müxtəlif yardımlar edilib. Deputat qərargahından verilən məlumata görə, bu yardımlar dövlət strukturlarının, aidiyyəti qurumların və özəl şirkətlərin sosial layihələri əsasında həyata keçirilib.

Millət vəkili hesabat dövründə ölkə və dünya gündəmində baş verən əhəmiyyətli hadisələrə münasibət bildirib. Bu müddət ərzində beynəlxalq mətbuatda 101 resursda 138 məqaləsi dərc olunub. Yerli mətbuatda isə müxtəlif mövzuları əhatə edən ümumilikdə 1989 məqalə və ya açıqlama 12678 dəfə mətbu orqanlarda dərc olunub. Könül Nurullayeva sosial şəbəkələrdə də fəallığı ilə seçilib. Deputat bu period ərzində sosial şəbəkələrdə Azərbaycan, ingilis, rus, türk və fransız dillərində 17777 paylaşım edib, bu da onun geniş auditoriyaya xitab etməsinə imkan verib.

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, eyni zamanda Türkiyə, İtaliya, Yunanıstan, İsveçrə, Böyük Britaniya, Yaponiya, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi bir çox tədbir və görüşlərdə iştirak edib. Həmçinin AŞPA-dakı fəaliyyəti çərçivəsində plenar sessiyalarda Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib. Plenar sessiyalar çərçivəsində və keçirilən komitə iclaslarında ümumilikdə 43 aktual mövzu üzrə çıxış edib, bu çıxışlar zamanı Azərbaycanın maraqlarını müdafiə edib. Eyni zamanda bu platformada qaldırılan problemlərin həlli yollarının müzakirəsində fəal iştirak edib, təklif və tövsiyələrini bildirib.

Milli Məclisdə fəaliyyəti dövründə Könül Nurullayeva ümumilikdə 40-dan çox qanun layihəsi və ya dövlət qurumlarının hesabatlarına dair çıxış edib, təkliflərini səsləndirib. Bu müddət ərzində irəli sürülmüş təkliflər əsasən vətəndaşların sosial rifahının yaxşılaşdırılması, iqtisadi inkişafın təmin edilməsi, hüquqi sistemin təkmilləşdirilməsi kimi sahələrə yönəlib.
Könül Nurullayeva beynəlxalq səviyyəli, ölkə və təmsil etdiyi Nizami rayon miqyasında təşkil olunan bir çox tədbirdə fəallıq nümayiş etdirib, çıxışları ilə yadda qalıb. Bu tədbirlər çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb. Deputat, həmçinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti və Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti olaraq, idman sahəsində keçirilən müxtəlif tədbirlərə qatılıb. Bu müddətdə idman tədbirlərinin təşkili və gənclərin idmana marağının artırılması istiqamətində bir çox layihələr həyata keçirilib. İdmanın inkişafı və gənclərin sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan müxtəlif təlim və tədbirlərdə iştirak edib.

Bundan əlavə, K.Nurullayeva "Bir Donor, İki Həyat" qanvermə aksiyası, Modern Hospital klinikası ilə birgə evdə müayinə, "Yaradıcılığı evdə öyrən" layihəsi, "Ehtiyacı olanlara öz payından pay ver" sosial aksiyası və Gənclər üçün yay təcrübə məktəbi layihələrini həyata keçirmişdir. Qeyd edək ki, bu layihələr vətəndaşların sağlamlığına, yaradıcılıq inkişafına və sosial rifahına yönəlib.

Könül Nurullayeva deputatlıq fəaliyyəti çərçivəsində Türkiyə, Rusiya, Monteneqro, BƏƏ, Mərakeş, Vyetnam və Macarıstana səfərlər etmişdir. Bu səfərlər zamanı müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, ölkəmizi layiqincə təmsil edərək beynəlxalq əlaqələrin gücləndirilməsinə öz töhfəsini vermişdir. Hər bir səfər çərçivəsində əməkdaşlıq imkanları araşdırılmış və vacib məsələlər müzakirə olunmuşdur.

Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyəti müddətində bir sıra mühüm nailiyyətlər də əldə etmişdir. O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən fəxri fərmanla, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən isə "Vətənpərvərlik işində xidmətlərinə görə" medalı ilə mükafatlandırılmışdır. Könül Nurullayeva Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti dövr üçün yenidən üzvü seçilmiş, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin, eyni zamanda qurumun Beynəlxalq Əlaqələr Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Onun Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyəti, görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq yaradılmış medal ilə qiymətləndirilmişdir. AŞPA-nın Gender bərabərliyi alt-komitəsinin iclasında sədr müavini vəzifəsinə layiq görülən Könül Nurullayeva, Azərbaycan Atletika Federasiyasının növbədənkənar hesabat-seçki konfransında qurumun vitse-prezidenti və VI İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış İHİA Təftiş Komitəsinin sədri seçilmişdir. Bundan əlavə, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvü seçilmişdir. Cari ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Könül Nurullayeva "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Sonda vurğulayaq ki, 24 saylı Nizami birinci seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizədliyi qeydə alınan Könül Nurullayeva artıq ona doğma olan Nizami rayonu sakinlərini Parlamentdə təmsil etmək, öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmək üçün hazır olduğunu bildirib.

https://www.facebook.com/nurullayevakonul?mibextid=ZbWKwL

https://www.instagram.com/konulnurullayeva.official/?igsh=b3Y2OW44dWxseHBv


https://x.com/i/flow/login?redirect_after_login=%2FKNurullayeva


https://www.linkedin.com/in/nurullayevakonul?utm_source=share&utm_campaign=share_via&utm_content=profile&utm_medium=android_app


https://t.me/konulnurullayeva



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024