Mobil versiya
Novruzəli Aslanov: “Ölkəmizdə Heydər Əliyev siyasi kursuna sadiqlik özünü ana dilimizin qorunması məsələsində də tam dolğunluğu ilə göstərir”
Tarix: 28-07-2024 | Saat: 13:07
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ölkəmizdə Heydər Əliyev siyasi kursuna sadiqlik özünü ana dilimizin qorunması məsələsində də tam dolğunluğu ilə göstərir”

“Ana dilimizin inkişafına, dil mədəniyyətimizin zənginləşməsinə daim xüsusi diqqət və qayğı göstərən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir”. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Zəngin imkanlara malik olan Azərbaycan dilinin bu gün dünya dilləri sırasında özünəməxsus yeri var. Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə, o cümlədən ölkəmizin ayrı-ayrı imperiyaların tərkibində olduğu dönəmlərdə öz doğma dilini qoruyub saxlamış, inkişaf etdirmiş və bugünkü səviyyəsinə gətirib çıxarmışdır. Etiraf olunmalıdır ki, ana dilimizin ən çox sıxışdırıldığı tarixi mərhələlərdən biri də Azərbaycanın sovet imperiyasının tərkibində mövcud olduğu illərə təsadüf edir. Məhz həmin dönəmdə SSRİ rəhbərliyi tərəfindən təbliğ olunan vahid xalq-vahid dil siyasi-ideoloji konsepsiyası bütün müttəfiq respublikalarda milli dillərin, o cümlədən də Azərbaycan dilinin tədricən öz nüfuzunu itirməsinə, ictimai-siyasi həyatın bütün sahələrində sıxışdırılaraq tənəzzül etməsinə və son nəticədə dövlət dili kimi mövcud olmaq imkanlarının tamamilə itirilməsinə hesablanmışdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Müsahibimiz qeyd edib ki, 70 il davam edən sovet hakimiyyəti illərində ana dilimiz bir çox çətinliklərlə sınağa çəkilmişdir. Həmin illərdə Kremlin bütün müttəfiq respublikalarda tətbiq etdiyi yalançı beynəlmiləlçilik siyasi-ideoloji konsepsiyası əslində SSRİ-nin tərkibində olan xalqların milli varlıqlarını, özünəməxsusluğunu yox etməyə hesablanmışdı: “Məlumdur ki, hər bir xalqın milli varlığına olunan hücumlar ilk növbədə həmin xalqın dilinə və mədəni irsinə vurulan zərbələrlə ifadə edilir. Məhz bu baxımdan Azərbaycan respublikasına rəhbərliyə 1969-cu ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gəlməsi SSRİ rəhbərliyinin milli-mədəni irsimizin, doğma dilimizin məhvini nəzərdə tutan bütün planlarını alt-üst edən bir tarixi hadisə oldu. Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi və ana dilimizin qorunmasına, inkişafına, statusunun yüksəlməsinə hesablanmış siyasəti qısa bir zamanda öz məqsədlərinə nail oldu, Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Məhz həmin illərdə Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. Ulu Öndər Azərbaycan dilinin respublikanın ictimai-siyasi həyatında bütün sahələrdə tam hüquqlu tətbiqi istiqamətində qətiyyətli addımlar atdı. Azərbaycan dilində təhsilin inkişafı, yeni ədəbiyyat nümunələrinin yaradılması və bütün digər istiqamətlərdə əhatəli işlər görüldü. Əlbəttə ki, mərkəzi hökumətin iradəsinin ziddinə olaraq rəhbərlik etdiyi respublikada milli siyasət yürüdən Ulu Öndər sözün əsl mənasında həm karyerası, həm də həyatı ilə risk edirdi. Lakin bütün ömrünü öz xalqına xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevi bu kimi təhlükələr öz məqsədlərindən heç zaman çəkindirə bilməyib. Ana dili məsələsində də öz mövqeyini hər zaman çox cəsarətlə, qətiyyətlə bildirən Ulu Öndər Heydər Əliyev demişdir: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.” Nəhayət, 1978-ci ildə Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə daha bir cəsarətli və bəlkə də həlledici addım ataraq Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması təşəbbüsünü irəli sürdü. Ulu Öndərin gərgin səyləri nəticəsində bu təşəbbüs həyata keçdi və Azərbaycan dili respublikada dövlət dili statusuna sahib oldu.”

Daha sonra N.Aslanov bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması məsələsində də Heydər Əliyev siyasi kursuna sadiqlik özünü tam dolğunluğu ilə göstərir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsinə hər zaman böyük həssaslıqla yanaşan Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Bu baxımdan möhtərəm dövlət başçımız tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar xüsusi əhəmiyyət kəsb edən sənədlərdir. Təbii ki, bu mövzuda danışarkəm Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirləri də qeyd etmək lazımdır. Çünki dilin inkişafı müasir dünyada elektron informasiya məkanlarında həmin dilin tətbiqi olmadan mümkün deyil. Buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi xüsusunda olduqca önəmli rol oynayır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024