Mobil versiya
TUT AĞACI
Tarix: 15-11-2016 | Saat: 11:50
Bölmə:Seçilənlər-5 | çapa göndər



TUT AĞACI

Yol qurtarmirdı... Evə çatmağa tələsirdi. Bilirdi ki, anası yenə yol üstə onu gözləyir. Bilirdi ki, samovar tut ağacının altında tüstülənir. Atası damağında siqaret tutun altında oturub xəyallara dalıb. Bilirdi ki, tutun altında böyük stolun ətrafı gül kimi tər-təmiz, sulanıb-süprülüb. Bilirdi ki, VEF-2 radiosunun səsi indi bütün kəndi başına götürüb. Bilirdi ki, tut ağacının yanından axan arxın göz yaşı kimi tərtəmiz suyu şırıltı ilə üzüaşağı axir. Bilirdi ki, arxın ətrafında bitən bənövşəyi yaz çiçəklərinin ətri indi ətrafı bürüyüb. Xəyallarında tut ağacının altındakı xoşbəxt mənzərə, qarşısında uzun yol...

Bütün bunları fikirləşə-fikirləşə üzü kəndə tərəf tələsirdi.

Bu tut ağacı cox üzlər görmüşdü. Kölgəsində o qədər dincələnlər, yeyib-içənlər, Xaməmməd kişinin sağlığına badə qaldıranlar olmuşdu ki..

Kəndə gələn turistlərdən tutmuş, ilan oynadan sofulara kimi...

Xaməmməd kişinin belə bir xasiyyəti vardı ki, kəndə kim gəlsəydi onu evinə gətirib yedizdirib içirtməmiş rahat olmazdı. Özü də çox şirin söhbətlər edərdi. Kolxoz quruluşundan tutmuş müharibəyə kimi xatirələri vardı...

Onların kəndi dağların başında yerləşirdi desək yanılmarıq. Səhər çıxan günəşin ilk şüaları da, axşam batan günəşin son şüaları da bu kəndi işıqlandırardı. Bəlkə də elə buna görə idi ki, bu kəndin adını Günqışlaq qoymuşdular. Adamları da çox istiqanlı, şən və zarafatcıl idi. Buranın havasının təmizliyindən ağaclarının yarpaqları yamyaşıl və parlaq idi. Bulaqlarının suyu buz kimi sərin idi.

Kəndin başından durub baxanda ətraf hər yer ayaqların altında qalırdı. Göz gəzdirdikcə ətrafda dağların gözəl mənzərəsi görünürdü, elə bil bir-birinə arxa qardaşlardı, biri qurtarmamış o biri başlayırdı. Birinci sıradakı dağlar nisbətən alçaq olduğundan qalın meşə örtüyü ilə örtülmüsdü. Sonrakı sıra dağlar ketdikcə çılpaqlaşır, bəzilərinin zirvəsi isə il boyu qarla örtülü olardu.

İndisə hələ yazdır. Elə bil rəssam əlinə fırça alıb gözəl bir mənzərə yaradıb. Burada hər rəng gül vardı...

Başını qaldıranda qarşısında Ülvini gördü. Düz gözlərinin içinə baxırdı.

-Gözlərini yum! Dinlə mən...

-Başa düşmədim, görmürsənmi tələsirəm? Yəqin indi anam Qaranlıq dərənin başında durub məni gözləyir.

-Yox, mütləq dinləməlisən! Mən əsgər gedirəm, bilirsən. Sən məni gözləməlisən.

- Mən ancaq oxumaq barəsində düşünürəm. Basımda başqa fikrə yer yoxdur. Sənə yaxşi yol!

- Söz ver, söz ver ki, məni gözləyəcəksən. Mən həmişə səni sevmişəm. Həmişə sən mənim qəlbimdə yasamısan. Bəlkə də duymamısan? Ancaq mən səni bütün varlığımla sevirəm. Lap balacalıqdan. Yadındadır, mən sənə novruz bayramında alma verdim. Ürəyimdə tutmuşdum ki, əgər sən o almanı götürsən biz evlənəyəcəyik.

-Mən ki,almanı götürməmişdim.Yol ver, tələsirəm! Keçib getmək istədi.

Ülvi gözlənilmədən əl atıb Şəhlanın saçından bir tel qopardı.

-Heç olmasa telini xatirə olaraq saxlayaram.

Şəhla həyacanlandı. Bimədi nə etsin. Özünü itirdi. Birtəhər özünü ələ aldı. Birinci dəfə idi başına belə iş gəlirdi.

-Çəkil yolumdan! Mənim sevgim yalnız kitablaradır. Sən mənim yol yoldasım, qonşum. Bütün bunları bilə-bilə niyə bu sözləri deyirsən? Məni qarşıda uzun bir elm yolu gözləyir.

“Bu Ülvi haradan çıxdı? Elə bil göydən düşdü.”deyə fikirləşdi.

Ülvi sakitcə kənara çəkildi.

Ülvi onların qonşusu idi. Evlərini bir-birindən alçaq çəpər ayırırdı. Həmişə bir yerdə oynayardılar. Ən çox gizlənqaç oynayardılar. Oynamağa o qədər başları qarışardı ki, bəzən anaları tərəfindən cəzalanardırılardılar. Yadındadı bir dəfə məktəbdən ekskursiyaya getmişdilər. Necə oldusa böyürtkən dərərkən kolluğa yıxıldı. Onda da elə bil Ülvi göydən düşdü. Çəkib onu kolların arasından çıxartdı.

Nə qədər fikirləşdisə, Ülvinin onu sevdiyini ağlına gətirmədiyini, hiss etmədiyini düşündü.

Dar çığırla yoluna davam etdi. Yaz olduğundan yolun kənarları yamyaşıl otlarla örtülmüşdü. Ətrafda tək-tək qaratikan kolları görsənirdi. Otların arasından

çiyələklərin ağappaq çiçəkləri boylanırdı. Ətrafı yazın ilıq nəfəsi bürümüşdü. Yolun sağ tərəfi dağa tərəf qalxırdı. Bir az yuxarıda fındıqlıq idi. Fındıqlığın solunda çiyələklik. Məktəbdən gələndə uşaqlarla çiyələkliyə baş çəkərdilər. Doyunca çıyələkdən yeyib sonra evə gələrdilər.

Yolun solunda bostanlar uzanıb gedirdi. Bostanların kənarlarını qaratikan kolları ilə çəpərləmişdilər. Yayda çəpərlərdən sallanıb qalmış iri boranılar diqqəti cəlb edirdi.

Qarşıda Qaranlıq dərənin yoxuşu ,arxada Ülvinin onun dalıncan uzanıb qalan baxışları...

Dərənin yamaclarında dağdağan ağacları bitmişdi. Havadan elə bil yazın iyi gəlirdi. Ətrafa baxanda müxtəlif çiçəklər insanı valeh edirdi. Şəhla düşünürdü ki, görəsən bu çiçəkləri kim belə rəngbərəng bəzəyib? Elə bil çiçək düzəltmək üzrə yarış keçirilmiş və bütün çiçəkləri rəngləyrək ətrafa səpləmişlər. Hər biri özünəməxsus gözəl, hər birinin özünəməxsus ətri.

Dərənin kənarında balaca bir bulaq vardı. Adını rəfiqəsi Cəvahirlə özü qoymuşdu – “Qızlar bulağı”. Bulağın ətrafını əlləri ilə təmizləmişdilər. Demişdilər ki, qoy bizdən sonra böyüyən uşaqlar bu bulaqdan su içsinlər və onları xatırlasınlar.

Əlini uzadıb “Qızlar bulağı”ndan üzünə bir ovuc su vurdu. Bir az sakitləşdi.

Yoluna davam etdi...

Axşam tərəfi olduğundan mal-qaranın mələşən səslərini eçidilirdi. Ara-sıra yarasaların sürətlə uçan qaraltısı görünürdü.

Addımlarını bir az da yeyinlətdi. Elə bil yol uzana-uzana durmuşdu. Qaranlıq düşməyə başlayırdı. Dağlar nəhəng bir div kimi üstünə gəlirdi, vahimələndi.

Qaranlıq dərəyə çatdi . Bu dərə iki dağın birləşməsindən yaranmışdı. Onun içərisi alaqaranlıq olardı. Günəşin şüaları heç vaxt bu dərənin içini işıqlandırmırdı. Adı da buradan yaranmışdı. Onun baş hissəsindən axan şəlalə dərənin arası ilə axıb gedirdi. Hər kəs cürət edib bu dərəni axıra kimi gedib şəlaləyə baxa bilmirdi. Dərənin sağ və sol yamacında dağdağan ağacları bitmişdi. Dağdağan ağaclarına çıxmaq çox təhlükəli idi. Amma buna baxmayaraq uşaqlarla o dağdağanlara çıxardı. Bəlkə də ayaqları bir balaca büdrəsə idi faciə

baş verərdi. Lakin uşaq marağı və çevikliyi hər şeyə qalib gələrdi. Və hər il dostları ilə mütləq bu dağdağanların dadına baxardı.

Bir təhər dərəni keçdi. Altdan yuxarı yoxuşla qalxmağa başladı. Yolun sol tərəfində bitən qoz ağacları axşamın qaranlığında qorxunc bir görüntü yaradırdı.

Nə isə şıqqıltı eşitdi. Canına üşütmə düşdü, qorxudan ürəyi əsdi. Elə bu zaman anasının səsi gəldi. Yoxuşun başında durub onu səsləyirdi...

Şəcahan Ramazanova

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü gimnaziyanın müəllimi

TUT AĞACI



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 694 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}