Mobil versiya
Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır
Tarix: 22-07-2024 | Saat: 16:09
Bölmə:Siyasət | çapa göndər

Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır

“Azərbaycan mətbuatı 149 yaşını qeyd edir. 149 illik yol mətbuatımızın keçdiyi çətin və şərəfli yola bələdçilik edir. Hədəflər, vəzifələr təkmilləşsə də dəyişməyən, bütün dövrlər üçün aktuallığını qoruyan mətbuatın prinsipləridir. Obyektivlik, qərəzsizlik və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız ötən bu dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçib. Artıq dörd ilə yaxındır ki, bayramlarımızı, əlamətdar günləri Zəfər sevincinin fonunda qeyd edirik. Zəfər müjdəçisi olmağı ilə qürur duyan mətbuatımız bu gün 149 yaşını ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda bütün ölkə ərazisində qeyd edir. Tarixi sahibinə qovuşmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Bu gün Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu gün bu məkandan dünya azərbaycanlılarının, bütün türk dünyasının birliyi, həmrəyliyi dünyaya nümayiş etdirilir. Həmçinin Şuşadan əməkdaşlıq, birlik, sülhün, təhlükəsizliyin təmin edilməsi kimi mesajlar dünyaya çatdırılır. Dünya Azərbaycanın tarixi ədaləti necə bərpa etməsindən danışır. Günümüzün reallıqlarını sadalamaqla bitməz. Düzgün qurulan və gələcəyə hesablanan siyasətin uğurları davamlı olur. Bu gün Azərbaycan mətbuatı məhz həmin reallıqlara söykənərək yeniləşir, təkmilləşir, qarşısına yeni-yeni hədəflər qoyur.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu əsasında ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan və arxada qalan 149 illik yolu uğurla qət edən mətbuatımızın inkişafından bəhs edərkən müstəqillik mərhələsi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr göz önünə gəlir: “Həmin dövrdən başlayaraq mətbu orqanların azad fəaliyyəti, inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl şəkildə tədbirlər həyata kecirildi. Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi oldu. Bu addım bir daha azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasında dayandığını nümayiş etdirdi. Ümummilli Lider mətbuatın cəmiyyətdəki rolunu daim yüksək dəyərləndirirdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamızda söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verdi. Eyni zamanda, hər bir sahə üzrə təkmil qanunlar qəbul olundu və onların zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsi daim diqqətdə saxlanıldı. Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan mətbuatı üzərində senzuranın aradan qaldırılması yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Dünya informasiya məkanına inteqrasiya istiqamətində mühüm addımlar atılır. Azərbaycan mətbuatı ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin güzgüsü kimi mətbuatın hər bir problemi ilə maraqlanmış, onun ictimai fikrə təsir imkanını artırmaq üçün ciddi səylər göstərmişdir. Ulu Öndər jurnalistlərlə görüş ənənəsinin əsasını qoydu. Mütəmadi olaraq media nümayəndələri ilə görüşərək onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardı. Ulu Öndərin ən mühüm çağırışlarından biri bu idi ki, mətbuat obyektiv, qərəzsiz olmalı, həqiqətləri olduğu kimi cəmiyyətə çatdırmalıdır. Ümumilikdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması üçün zəruri addımlar atıldı. Yaradılan möhkəm təməl növbəti uğurlara stimul verdi.”

Millət vəkili son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin mətbuatın inkişafına yönələn davamlı addımlarından geniş bəhs edib. Bildirib ki, bu diqqət və qayğının bariz nümunəsi dövlətimizin başçısının ötən bu dövr ərzində üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsidir: “Tarixi Zəfərimizin reallıqları mətbuat sahəsində də təkmilləşməni bir zərurət kimi qarşıya qoydu. Qalib Azərbaycanın mətbuatının qarşısında yeni vəzifələr, çağırışlar dayanır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, həmçinin “Media haqqında” yeni Qanunun qəbulu azad mətbuatın qarşısında yeni imkanlar yaratdı. Ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlər sırasındadır. Dövlətimiz mətbuatımızın inkişafına, jurnalist peşəkarlığının artırılmasına, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsinə xüsusi diqqət göstərir.”

Malik Həsənov vurğulayıb ki, tarixi Zəfərimizdən sonra Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir: “İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağı, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyini, 3 beynəlxalq təşkilatı və 82 media qurumunu bir araya gətirdi. Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Qarabağın tacının dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri ikinci dəfə bir araya gətirməsi mühüm hadisələr sırasındadır.

Bu məkandan reallıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılması özündə bütün məqamları ehtiva edir. Forumun mövzusuna diqqət yetirməklə günümüzün çağırışları aydın olur. Prezident İlham Əliyev çıxışında, həmçinin sualları cavablandırarkən dezinformasiyaların yaratdığı problemlərə diqqəti yönəltdi. 30 illik işğal dövrünün reallıqlarından bəhs edən cənab İlham Əliyev bildirdi ki, biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-ci ildə ABŞ konqresində ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Müstəqilliyini yeni bərpa etmiş ölkə idik və ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Daha sonra dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir: “Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur.”

Millət vəkili bildirib ki, cənab İlham Əliyevin vurğuladığı kimi, dezinformasiyalar çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu xələl gətirmir. Eyni zamanda, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır.

Malik Həsənov belə ümumiləşdirməni aparıb ki, bütün hallarda Azərbaycanın tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti uğurlu nəticələrini verir. Azərbaycanın müstəqil xarici siyasəti, özünü təmin edən iqtisadiyyatı, tərəfdaşları ilə əməkdaşlığı hədəflərə addım-addım irəliləməsinə, yeni körpülər qurmasına stimuldu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024