Mobil versiya
Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib
Tarix: 19-07-2024 | Saat: 13:16
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib

Azərbaycan mətbuatı böyük yol keçib. Mətbuatın qarşısında dayanan prinsiplər dəyişməz olsa da dövrün, zamanın tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmə mütləqdir. İllər keçdikcə cəmiyyətin mətbuatdan gözləntiləri də dəyişir, yeni texnologiyaların inkişafı fonunda internet resurslarının inkişafı daha çox informasiyaların əldə edilməsi imkanlarını genişləndirir.  Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Mətbuatımızın bugünkü inkişafı keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.  Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.  1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Mətbuatımızın müstəqillik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  bütün sahələrdə, o cümlədən mətbuatda uğurlara yol açıldı. Atılan addımların, imzalanan Fərman və sərəncamların, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsinin nəticəsidir ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları ölkə iqtidarının mətbuata açıq olmasının, eləcə də bu sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmış və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev son 20 ildən artıq dövrdə üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024