Mobil versiya
Şuşa Türk dünyasının liderlərini qəbul edir
Tarix: 09-07-2024 | Saat: 09:58
Bölmə:Siyasət | çapa göndər

Şuşa Türk dünyasının liderlərini qəbul edir

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritetləri müəyyən edilərkən Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi əsas istiqamət kimi qəbul olunub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin daha da intensivləşdirilməsi məqsədilə bir ay bundan əvvəl Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilmiş plenar iclasında təşkilatın ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Təşkilata üzv ölkələrin rəhbərləri tərəfindən bu təşəbbüs dəstəklənmiş və iyul ayının 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutmuşdur.

Sammitdə çıxış edən cənab Prezident İlham Əliyev Türk dünyasının böyük coğrafi məkanı əhatə etməsini, üzv ölkələrdə müsbət demoqrafik dinamikanın müşahidə olunduğunu, öz hərbi potensialını döyüş meydanlarında dəfələrlə göstərdiyini, ölkələrimizin zəngin təbii resurslara, onların nəqli üçün müasir infrastruktura sahib olduqlarını, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərinin mövcudluğunu vacib amillər kimi diqqət mərkəzinə çəkərək Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsinin vacibliyini qeyd etmişdir.
Həmçinin dövlətimizin başçısı Şuşanın beynəlxalq statusu barədə açıqlama verərək bu şəhərin həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu diqqətə çatdırmışdır. 2020-ci il noyabrın 8-də məhz Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır.
2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Heç şübhəsiz cari ilin iyul ayının 6-da yenə də Şuşada imzalanmış Qarabağ Bəyannaməsi və qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri də qardaşlıq həmrəyliyinin daha bir təzahürüdür.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024