Mobil versiya
Astroloqdan FƏLAKƏT XƏBƏRDARLIĞI - Bu kəndin sakinləri köçürülməlidir
Tarix: 31-10-2016 | Saat: 15:27
Bölmə:Gündəm | çapa göndər




İsmayıllı rayonu Kürtmaşı kəndində sürü halında üzə çıxan ilanlar sakinlərin narahatlığına səbəb olub. Sakinlər sürü halında görünmələrini ilanların köç etməsi və ya yuvalarına qayıtması kimi dəyərləndirirlər. Ancaq bu cür halların tez-tez baş vermədiyini nəzərə alsaq, bu, ciddi narahatçılıq doğurur.

Tanınmış astroloq Səbuhi Rəhimli məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında narahatlığa ciddi əsas olduğunu bildirdi: "İlanların təbiətini bilənlərə gizli deyil ki, onlar ilin bu vaxtlarında yerin dərinliklərinə gedir və yuvalarında yatırlar. Lakin kütləvi şəkildə üzə çıxmaları heç də yaxşı əlamət deyil. İsmayıllıda hava hərarətinin hazırda sıfır dərəcə civarında olmasını nəzərə alsaq, bu, inandırıcı görünmür. Çünki ilan bu temperatura davam gətirə bilmir. Məsələdə mistik nəsə axtarmağa lüzum görmürəm. Qorxduğum odur ki, kifayət qədər həssas olan bu sürünənlər dağıdıcı fəlakət səbəbindən - sürüşmə və ya zəlzələ səbəbindən yuvadan çıxıblar. Bunu mütəxəssislər araşdırmalıdır. Məncə rayonun Kürtmaşı kəndinin sakinlərini hər ehtimala qarşı evakuasiya etmək lazımdır".

XXX

"İsmayıllı rayonu Kürdmaşı kəndində sürü halında üzə çıxan ilanlar hərəkət etməsi heç bir seysmoloji və ya sürüşmə hadisəsi ilə əlaqələndirilə bilməz. Onlar təbiətdə baş vermiş kəskin hava dəyişikliyinə görə bu cür hərəkət edirlər".

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib.

O bildirib ki, bu axın havaların kəskin soyuması və yenidən temperaturun yüksəlməsi ilə əlaqədardır:

"İlanların sürü halında köç etməsi iki formada - normal və qeyri-normal olur. Normalda havaların soyuması ilə əlaqədar olaraq sentyabrdan noyabra qədər qışlama prosesinə başlayırlar. Ərazidə səpələnmiş ilanlar kiçik qruplar şəklində qışlamaya gedirlər. Adətən, bu qruplar seyrək halda olur və gözə çarpmır. Lakin qışlama prosesi başlamamışdan havalar soyuyanda qeyri-normal köçetmə başlayır. Bu dəfə də baş verən proses bununla əlaqədardır. İlanlar qışlama yeri tapmamış havalar kəskin soyudu. Ona görə də köçetmə bir az ləngidi. Bəzi günlərdə havanın temperaturunun yüksəlməsi kütləvi şəkildə qışlama yerinə köçü sürətləndirdi. İsmayıllıda Kürtmaşı kəndində kütləvi şəkildə ilanların müşahidə edilməsi bununla əlaqədardır. Qəfildən hava soyuyanda ilanlar daşların altında özlərinə yer tapdılar. Günəşin çıxması onları fəallaşdırdı və miqrasiya prosesi sürətləndi. Köçün dayanması yalnız havaların soyuması ilə əlaqədardır. Çünki havalar təkrar soyuyanda torpağın temperaturu azalacaq. Bu da ilanlar üçün əlverişli deyil. İlanlar qısa zamanda özləri üçün ən əlverişli yer tapıb qışlayacaqlar. Bu, hər hansı evdəki çat və ya hasarın dibi də ola bilər".

T.İsgəndərov ilanların kütləvi köçünün seysmoloji aktivliyi və ya sürüşməni öncədən hiss etməsi ilə əlaqələndirilməsinin doğru olmadığını vurğulayıb:

"Bu məqamda ilanların kütləvi köçü hər hansı uçqun, seysmoloji aktivliklə bağlı deyil. İlanların yayıldığı ərazidə uçqun baş verəndə onlar kütləvi miqrasiya edə bilər. Lakin həmin ərazidə böyük sahədə çökmə müşahidə edilməyib. Ona görə də, bu köçü sürüşmə olacağı ilə əlaqələndirməməliyik. Onlar sürüşməni öncədən hiss etmirlər. Düzdür, yerdə titrəyiş baş verib uçqun olmasa belə, oradan uzaqlaşa bilərlər. Bu isə indiki soyuqda yox, onların aktiv olduğu zamanda mümkündür. Bu hadisəni ilanların kəndə hücumu və ya onların artımı ilə də əlaqələndirmək də olmaz. Bundan sonra təbiətdə ilanların artma şansı yoxdu. İlanların məskunlaşdığı yerlər onlar üçün əlverişsiz məkanlara çevrilir. İlanlar daha dar məkanlara sıxışdırılırlar".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024