Mobil versiya
Şuşa Bəyannaməsinin önəmi...
Tarix: 13-06-2024 | Saat: 16:12
Bölmə:Siyasət | çapa göndər

Şuşa Bəyannaməsinin önəmi...

Anar Məmmədov
Milli Məclisin deputatı


2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması iki qardaş dövlət arasındakı əlaqələrin zirvəsidir. Bölgə üçün mühüm əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlar, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, “dəmir yumruq”la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır. “Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi. Bu, böyük bir tarixi nailiyyət idi. Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi.

Bu sənəd hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrini əhatə edir. Bəyannamə Azərbaycanla Türkiyənin istisna olaraq bütün məsələlərdə bir mövqedən çıxış etməsinə hüquqi əsas verib. Bəyannamədə bu bəndin vurğulanması da təsadüfi deyil: “Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir”. Digər tərəfdən, iki türk dövlətinin münasibətlərini siyasi dialoq üzərində qurmaları Cənubi Qafqazın geosiyasi mənzərəsinə əməkdaşlıq və təhlükəsizlik aspektlərində yeni ruh verir. Bu tezisin konkret təzahürləri Bəyannamədə mövcuddur.

Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.

Qardaş Türkiyə 44 günlük Vətən savaşında olduğu kimi, bu gün işğaldan azad edilmiş yurdlarımızda aparılan genişmiqyaslı quruculuq-bərpa layihələrində də Azərbaycanın yanındadır. Bu proseslərdə fəal iştirak edir, qardaş dəstəyini əsirgəmir. Ərazilərimiz azad edildikdən sonra bərpa və quruculuq işlərinə start verildiyi ilk günlərdən Azərbaycan Prezidenti İlham Əliyev bu layihələrdə yaxından iştirak üçün bütün dost ölkələrə çağırış etmişdi. Bu məsələdə də səsimizə səs verən ilk ölkə məhz Türkiyə Respublikası oldu. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.

Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür. Dünyada baş verən hadisələr illər ötdükcə bu sənədin əhəmiyyətinin daha da artacağını deməyə əsas verir. Bu, adi regional anlaşma deyil. Şuşa Bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, xoşməramlığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin və s. vacibliyini bir daha sübut etməklə yanaşı, onun qlobal əhəmiyyətini də göstərdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2024