Mobil versiya
Həsən Həsənov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya kimi ideologiyanın əsasını qoydu”
Tarix: 10-06-2024 | Saat: 09:30
Bölmə:Siyasət | çapa göndər

Həsən Həsənov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya kimi ideologiyanın əsasını qoydu”

“1993-cü ilin ən çətin və təhlükəli günlərində Azərbaycan xalqı öz müdrik oğlunun xilaskarlıq missiyasına güvənir, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcəyinə bir an olsun belə şübhə etmirdi. Belə bir dövrdə Ulu Öndər çox böyük və ciddi təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Azərbaycanın müqəddaratının həll olunduğu həmin il xalqın təkidli tələbi ilə respublikamıza rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və gərgin fəaliyyəti ilə o zaman respublikanı bürümüş xaos və anarxiyanın, artıq başlamaq üzrə olan vətəndaş qarşıdurmasının, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısını aldı, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.”

Bu sözləri 15 iyun – Qurtuluş Günü ilə əlaqədar saytımıza verdiyi müsahibəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov deyib.

Həmin dövrün Azərbaycan dövlətçiliyi üçün həlledici olduğunu qeyd edən müsahibimiz bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan vahid ölkə olaraq özünün mövcudiyyətini itirmək təhlükəsilə üz-üzə idi: “1991-1992-ci illər, eləcə də 1993-cü ilin ilk yarısı müasir tariximizin hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Buna görə də Azərbaycan dövlətçiliyinin gələcəyindən, öz taleyindən narahatlıq keçirən xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan da tam blokadada idi və məhz Ulu Öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, o dövrkü ölkə hakimiyyətinin Heydər Əliyevi Naxçıvanın rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu Öndərə olan ümumxalq sevgisinin bir daha şahidi oldu. Belə bir vəziyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü və iyunun 15-də Ali Sovetin sədri vəzifəsinə seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu dönüş təkcə xalqın istəyi yox, həm də tarixi zərurət idi. Bu qayıdış insanların qəlbinə bir əminlik və rahatlıq toxumu səpdi, ölkənin xilas olacağına inamı artırdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.”

Fikirlərini davam etdirən Həsən Həsənov daha sonra ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolundan bəhs edib: “Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir. Ölkəmiz Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam və inkişaf etdirməsi faktı dayanır. 21 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib. Ölkənin idarəetmə sistemi təkmilləşdirilib, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin edib. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qürurverici haldır ki, bu il Azərbaycan xalqı Milli Qurtuluş Gününü də ilk dəfə olaraq ölkənin istisnasız bütün suveren ərazilərində böyük coşqu ilə qeyd edir” – deyə, Həsən Həsənov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024