Mobil versiya
Türk dünyasının gücləndirilməsi, Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək
Tarix: 08-06-2024 | Saat: 12:27
Bölmə:Siyasət | çapa göndər

Türk dünyasının gücləndirilməsi, Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək

TÜRKPA-nın nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev hədəfləri, çağırışları da diqqətə çatdırdı: «Türk dünyası güclənsin. Türk dünyasının istəyi, niyyəti işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Türk birliyi heç kim üçün təhdid mənbəyi deyil heç vaxt olmayacaq!»
Başlıca məqsədi türk dövlətlərinin parlamentlərarası əməkdaşlığının möhkəmləndirilməsi, parlament diplomatiyasının genişləndirilməsi olan, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasındakı siyasi dialoqların milli maraqlar naminə möhkəmləndirilməsinə xidmət edən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) region ölkələri arasında qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığın inkişafına da töhfələr verir. Ortaq tarixə, adət-ənənələrə malik türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsi, siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişafı üçün maraqlı təkliflərin müzakirə platforması adlandırılan TÜRKPA dünya birliyini narahat edən, həllini gözləyən qlobal məsələlərin müzakirəsində də nüfuz qazanmış təşkilat kimi fəaliyyət göstərir, varlığını subut edir.
Türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsi üçün öndərliyini xidmətləri ilə əbədiləşdirən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla, müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin xarici siyasətində TDT-yə üzv ölkələr arasında münasibətlərin gücləndirilməsi əsas prioritet kimi aktuallığını qoruyur. Bu birliyin sarsılmazlığı üçün Azərbaycanın yürütdüyü siyasətin uğurlarından söz açın Prezident İlham Əliyevin «Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”» sözləri bu TDT-nin məqsəd və məramının «tərcümeyi-halıdır.»
Hazırda Türk dünyasının sarsılmaz birliyi reallığa çevrilməklə, qlobal məsələlərin həllində iştirakı, məsələlərə təsiretmə imkanları təsdiqlənmiş və təkzibedilməz faktdır. Azərbaycan- Türkiyə strateji tərəfdaşlığı bu birliyə inteqrasiya prosesinin sadəcə iştirakçısı deyil, həm də inanılmış aparıcı qüvvədir. İki qardaş ölkənin birgə səyi ilə güc mərkəzinə çevrilən bu birlik sayəsində TDT regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslərə türk xalqlarının ortaq maraqları baxımından münasibət bildirir, İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir, antitürk təxribatlara, dini radikalizmə qarşı mübarizə aparır.
Türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığının genişlənməsi İslam həmrəyliyini də gücləndirir. Bu birliyin gücləndirilməsində xüsusi rolu olan TÜRKPA-ya sədrliyi müddətində fəallığı ilə diqqət çəkən Azərbaycanın bölgədə yaratdığı yeniliklər, dünya siyasətinə təsiretmə imkanları yüksək qiymətləndirilir.
İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyasının «Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu» mövzusunda 13-cü plenar iclasında da mühüm beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunmuş, təkliflər irəli sürülmüşdür. TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edən Prezident İlham Əliyev müzakirələrin yaxşı nəticələr verəcəyini bildirməklə vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə gələn ay Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü birliyimizə əlavə töhfələr verəcək.
Türk dünyasının gücləndirilməsi, türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsi TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq siyasətinin başlıca istiqamətidir. Türk həmrəyliyi üçün rəmzi məna daşıyan Şuşa görüşündə hazırda beynəlxalq qlobal problem olan nəqliyyat və iqlim məsələləri ilə bağlı beynəlxalq əhəmiyyətli müzakirələrin aparılacağını diqqətə çatdıran Prezident İlham Əliyev türk dünyasının birləşməsi ilə sıx bağlı olan Orta Dəhliz layihəsinin səmərəsinə də aydınlıq gətirdi. Dəhlizin yükdaşımaların artırılmasındakı artan rolunu TDT-yə üzv dövlətlərin digər ölkələrlə birgə fəaliyyətini faydalı addım adlandırdı. «İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.» Vurğulandı ki, işğaldan azad edilmiş Füzulidə Özbəkistanın və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə bir orta məktəbin, incəsənət mərkəzinin inşa edilib istifadəyə verilməsi, Ağdamda Qırğızıstanın, Cəbrayılda isə Macarıstanın dəstəyi ilə təhsil ocaqlarının təməlinin qoyulması bu birliyin sarsılmazlıq nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturunun tikinti və bərpasında , körpü və tunellərin inşasında türkdilli dövlətlərin şirkətlərinin iştirakı Türk dünyasının birlik rəmzidir.
TÜRKPA-nın Azərbaycanda keçirilən toplantısında gündəliyə salınan məsələlər qardaş ölkələr arasındakı münasibətlərin möhkəmlənməsi üçün faydalı olacaq. Təşkilata üzv dövlətlərin nəqliyyat, enerji resurslarının bolluğu, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması TDT-nin güc potensialıdır. TÜRKPA-nın Zirvə görüşlərində bu potensialın sarsılmaz gücə çevrilməsi ilə bağlı atılan addımlar təşkilatın beynəlxalq məsələlərin müzakirələrində rolunu artırır. Parlament meyarının, diplomatiyasının təsdiqlənən rolunu, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə müsbət təsirini yüksək qiymətləndirən qonaqlar türk dövlətləri arasında uğurla davam edən qardaşlıq münasibətlərinin faydasını bütünlükdə region dövlətlərinin iqtisadi inkişafı , siyasi sabitliyi baxımından yüksək dəyərləndirdilər. «Bu, əlbəttə ki, böyük nailiyyətdir. Mən də hamını dəvət etmək istərdim - COP29 çərçivəsində burada Parlamentlərarası İttifaqın iclası keçiriləcək və biz qardaş ölkələrin bütün parlament rəhbərlərini dəvət edirik. Bu da mühüm hadisə olacaq. Ümumiyyətlə, iqlim konfransı çərçivəsində çoxlu tədbirlər keçiriləcək. Amma ən əlamətdarlarından biri Parlamentlərarası İttifaqın toplantısı olacaq. Beləliklə, ilin sonuna qədər hələ daha çox görüşəcəyik» sözləri ilə əlaqələrin davamlı olacağını diqqətə çatdıran Prezident İlham Əliyev Türkiyə ilə münasibətləri qardaşlığı əbədi sarsılmazlıq rəmzi adlandırdı.
Qardaş ölkəyə dəyişilməyən, daha da möhkəmlənən səmimi münasibətini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə Azərbaycanın yanındadır» sözləri ilə təsdiqlədi: «Çünki siz də yaxşı bilirsiniz ki, 44 gün ərzində Azərbaycana müxtəlif güc mərkəzlərindən çox böyük təzyiqlər olmuşdu. Hətta bəzi ölkələr bizi hədələyirdilər və belə bir çətin durumda Türkiyənin birmənalı dəstəyi, yenə də deyirəm, bizə əlavə güc verdi, inam verdi və bu dəstəyə görə biz minnətdarıq. Bütün Azərbaycan xalqı bunu bilir və qiymətləndirir.»
Qardaş duyğularından qaynaqlanan bu yanaşma isə Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirir. Böyük coğrafiyanı əhatə edən, etnik, mədəni köklər üzərində möhkəmlənən bu birlik birgə səylərlə, praktiki addımlarla daha da güclənir. «Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır» söyləyən Prezident İlham Əliyev öz haqqını ədalət, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll edən Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə ən mükəmməl seçim adlandırdı. Dünya siyasətinin masasındakı əsl həqiqəti diqqətə çatdırdı: «Sənin gücün olmalıdır ki, öz haqqını müdafiə edə biləsən.»
Hələ də sülh sazişinin imzalanmasında qəti mövqeyini bildirməyən Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarını əsassız adlandırdı. Bəzi dairələrin artıq tarixin zibilliyinə atılmış Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmadığını bildirdi: «Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir.» Eyni zamanda vurğulandı ki, Ermənistanın işğalı altında qalan Azərbaycanın dörd kəndinin sülh , danışıqlar yolu ilə əsl sahiblərinə, qaytarılması və o bölgədə sərhədlərin müəyyən edilməsi göstərir ki, ən çətin məsələlərin belə danışıqlar yolu, vasitəçilərsiz həlli mümkündür. TDT-nin Şuşa Zirvə görüşündə bu cür aktual məsələlərə xüsusi diqqət yetiriləcək. Şuşa görüşünün türk birliyinin sarsılmazlığının nümayişi olacağını vurğulayan Prezident İlham Əliyev tövsiyəsini də diqqətə çatdırdı: Birliyimiz növbəti dəfə nümayiş etdirilməli, konkret məsələlər müzakirə olunmalı, dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin. Türk dünyasının istəyi, niyyəti işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Türk birliyi heç kim üçün təhdid mənbəyi deyil heç vaxt olmayacaq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik, qoruyuruq. Tarixi hadisələr təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bütün türk xalqlarını birləşdirə yol xəritəsinin davamı kimi diqqət yetirilən iyul görüşlərinin uğur coğrafiyası daha möhtəşəm olacaq. Çünki Müttəfiqlik Aktı eyni, zamanda, əməkdaşlıq formatıdır.
Eyni ideyalar Milli Məclisdə keçirilən TÜRKPA-nın «Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu»” mövzusunda 13-cü plenar iclasında, həmçinin tədbirin yekunlarına dair brifinqdə də səsləndirildi. TÜRKPA-nın parlamentlərarası platformaya çevrilməsi, güclənməsi, yeni məzmunla zənginləşdirilməsi birgə səylərin məntiqi nəticəsi kimi dəyərləndirildi. Müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə birgə fəaliyyət prinispləri müzakirə edildi, gələcəkdə atılacaq addımlarla bağlı bir sıra qərarlar qəbul edildi. Cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un, bu çərçivədə Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının həmrəyliyimizin və birgə səylərimizin təşviqi baxımından mühüm platformalar rolunu oynayacağı təklifi dəstəkləndi. Bildirildi ki, TÜRKPA-ya üzv dövlətlərin milli maraqlarının ortaq mövqe baxımından əks olunduğu Bakı Bəyannaməsi qarşılıqlı etimad və dəstəyinin təzahürüdür. Əsas vəzifə Türk dünyasının malik olduğu potensialı dünya miqyasında böyük bir gücə çevirməkdir. Hər toplantı, hər Zirvə görüşü türk əsrinə doğru atılan qətiyyətli addımdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024