Mobil versiya
Qarşılıqlı münasibətlərin zənginləşdirilməsi
Tarix: 27-05-2024 | Saat: 14:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarşılıqlı münasibətlərin zənginləşdirilməsi

Azərbaycan və Tacikistan respublikaları strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var.
Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları idxal edir.
Hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına müsbət təsir göstərir. Mayın 23-də Azərbaycan Respublikasına rəsmi səfər edən Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon yüksək səviyyədə qarşılanmış, bir sıra sənədlər imzalanmışdır. Sənədlərin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata Bəyanatla çıxış ediblər.

Ölkəmizin başçısı Tacikistan Respublikası ilə əlaqələrin yüksək səviyyədə olmasında məmnunluğunu ifadə edərək bildirmişdir ki, bu qardaş ölkə ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir.
İqtisadi əməkdaşlıq məsələlərinin ətraflı müzakirə edildiyini nəzərə çatdıran cənab Prezident İlham Əliyev bildirib ki, Bəyannamə ilə yanaşı, 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, bu da Tacikistanla ölkəmiz arasında münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisə adlandıran ölkə başçısı bildirib ki, “Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.”

Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlərin ətraflı nəzərdən keçirildiyini qeyd edən cənab İlham Əliyev qeyd edib ki, hazırda “Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.”

Hər iki dövlət başçısının Tacikistan və Azərbaycanda müntəzəm təmasları, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri yüksək qiymətləndirən cənab İlham Əliyev bu münasibətləri qarşılıqlı fəaliyyətin ən mühüm amili adlandıraraq bunun münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verdiyini diqqətə çatdırıb.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024