Mobil versiya
İran və Azərbaycan dost ölkələrdir
Tarix: 21-05-2024 | Saat: 10:13
Bölmə:Siyasət | çapa göndər

İran və Azərbaycan dost ölkələrdir

Azərbaycan və İran xalqları tarix boyu bu bölgədə mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar. Ölkələrimiz arasında bu gün mövcud olan dostluq və əməkdaşlıq əlaqələri də məhz bu möhkəm zəmin üzərində formalaşmışdır. Hazırda İran-Azərbaycan münasibətlərinin həqiqətən də yüksək səviyyədə olduğunu özündə əks etdirən vacib məqamlardan biri də ölkələrimizin birgə həyata keçirdikləri və ya iştirakçısı olduqları transmilli layihələrdir.

May ayının 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı da mühüm tarixi hadisə olmaqla İran-Azərbaycan dostluğunun növbəti təzahürüdür. Ölkə Prezidenti cənab İlham Əliyev açılış mərasimində etdiyi çıxışında İranın bu layihənin reallaşmasında göstərdiyi səyləri çox yüksək qiymətləndirmişdir. Əlbəttə ki, Azərbaycanı İranla birləşdirən layihələr arasında məhz nəqliyyat layihələri xüsusi önəm kəsb edir. Dövlət başçımızın dediyi kimi, bu gün sadəcə ölkələrimiz üçün deyil, həmçinin daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.
Təkcə onu demək yetərlidir ki, keçən il Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcmi 50 faizdən çox artıb. Təbii ki, bu hələ başlanğıcdır və dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.

Həmçinin Azərbaycan ilə İran arasında Energetika sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. İlk növbədə 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək. Məlum olduğu kimi, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi ölkəmizdə “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün regiona böyük fayda verəcək.

Təbii ki, bütün bu layihələrin reallaşması və maksimum fayda verməsi üçün regionda möhkəm sülh və əmin-amanlıq bərqərar olmalıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir və bu, çox mühüm amildir. Həmçinin daha bir vacib məqam budur ki, Azərbaycan və İran istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq fikirlərə malikdirlər. Ölkələrimiz üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birilərini hər zaman dəstəkləyirlər. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir və bu münasibətlərin daha da möhkəmləndirilməsi bütün regionun maraqlarına xidmət edir.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024