Mobil versiya
Azərbaycan-Slovakiya əlaqələri yeni formatda
Tarix: 09-05-2024 | Saat: 09:45
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Slovakiya əlaqələri yeni formatda

Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. Slovakiyanın ölkəmizdə Səfirliyi 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycanın Slovakiya Respublikasında Səfirliyi isə 2023-cü ildə təsis edilmişdir. 18 mart 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Məhz bu tarixi səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Slovakiya şirkətləri əsasən yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Həmçinin Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun cari ilin 7 may tarixində Azərbaycana etdiyi rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında bu səfəri Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar hadisə kimi qeyd etmişdir. Dövlətimizin başçısı xüsusi olaraq vurğulamışdır ki, səfər çərçivəsində imzalanmış mühüm sənədlər və ilk növbədə əlbəttə ki, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıracaq.

Həmçinin Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri arasında aparılmış müzakirələr nəticəsində bir çox sahələr üzrə aparılacaq işlərə dair önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” də vardır ki, bu iki istiqamət üzrə də geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilmişdir.

Bu gün Azərbaycan səkkiz ölkəyə təbii qaz ixrac edir. Cənab Prezident öz çıxışında bildirdi ki, bu siyahıya yaxın vaxtlarda Slovakiya da əlavə oluna bilər. Məlum olduğu kimi, keçən ilin aprel ayında Bolqarıstanda “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və bununla da Azərbaycan qazını Slovakiya bazarına nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Azərbaycan ilə Slovakiya arasında mövcud əməkdaşlığın daha bir əlamətdar istiqaməti də ölkəmizin azad edilmiş ərazilərində Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, bu, Slovakiya-Azərbaycan əlaqələrinin yüksək səmimilik dərəcəsini göstərir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024