Mobil versiya
Şahin Məhərrəmov: “Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”
Tarix: 30-04-2024 | Saat: 08:30
Bölmə:Siyasət | çapa göndər

Şahin Məhərrəmov: “Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”

“Bu il bütün Azərbaycan xalqı xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 101 illiyini sonsuz ehtiram və böyük coşqu ilə qeyd edir. Ulu Öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan, onu quran və möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Məhz buna görə də 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bütün xalqın Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramının ifadəsi olmuşdu. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb.”

Bu sözləri saytımıza açıqlamasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov deyib.

Həmçinin müsahibimiz Şahin Məhərrəmov xüsusi olaraq qeyd edib ki, Azərbaycançılıq dünyagörüşü Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır: “Hələ sovet dönəmində, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyevin əslində ən böyük azərbaycanlı olması Ulu Öndərin özünün siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü Ulu Öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Ümummilli Lider deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın.” Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların birləşdirici amilinə çevrilib.”

Sonda müsahibimiz bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib: “Bu gün Azərbaycan iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib. 1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla inkişaf və davam etdirilir. Cənab Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. 20 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həlli - işğal olunmuş torpaqlarımızın azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin edilib. Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı cənab Prezident İlham Əliyev bütün dünya qalib ölkə kimi tanıdıb. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına daim xidmət edəcək” – deyə,Şahin Məhərrəmov müsahibəsini bitirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024