Mobil versiya
Şirvan suvarma kanalı yenidən qurulur
Tarix: 18-04-2024 | Saat: 16:58
Bölmə:Siyasət | çapa göndər

Şirvan suvarma kanalı yenidən qurulur

Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq regionlara etdiyi səfərlər respublikamızın bütün rayon və bölgələrində böyük vüsətlə həyata keçirilən abadlıq-quruculuq işlərinin hər zaman xüsusi diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Diqqətəlayiq haldır ki, dövlət başçısının hər belə səfəri növbəti bir neçə əhəmiyyətli obyektin açılış və ya təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna etdiyi səfəri zamanı cənab Prezident yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoydu. Qeyd etmək lazımdır ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Uzun illər davam edən fasiləsiz fəaliyyət buna səbəb olmuşdur ki, kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Təməlqoyma mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı ətraflı açıqlamalar vermiş və bildirmişdir ki, Yuxarı Şirvan kanalı faktiki olaraq yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq və nəticə etibarı ilə 230 min hektar sahəni əhatə edəcək. Kanalın əhatə etdiyi rayonların sayı 8-dən 10-a çatdırılacaq.

Kanalın yenidən qurulması bölgənin ekosisteminə də böyük töhfə olacaq. Məlumdur ki, Hacıqabul gölü artıq 10 ildən çoxdur ki, tamamilə quruyub. Bu hal təbii ki, bölgənin təbiətinə böyük zərbədir. Şirvan kanalı istifadəyə veriləndən sonra həmin göl də dolacaq və bunun da əlbəttə ki, təbiətə, ətraf mühitin bərpasına və qorunmasına çox müsbət təsiri olacaqdır. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, artıq uzun müddətdir ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıqlar yaşanmaqdadır. Əlbəttə ki, belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək başlıca vəzifələrdən biri kimi gündəmə gəlir. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir.

Son illər ərzində ölkəmizdə bir çox vacib infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən bu infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Bu layihələrin icrası ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər hazırda ölkəmizdə müşahidə olunan dinamik inkişafın əsas göstəriciləridir. Əminliklə demək olar ki, növbəti illərdə icra edilən layihələrin həm miqyası, həm də əhəmiyyəti getdikcə daha da artacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024